Siyasət

QAİ-də Böyük Qarakilsə rayon icmasının iclası keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayon icmasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov QAİ-nin strukturu, rayon və kənd icmalarının təşkilati strukturu haqqında məlumat verib.

Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri barədə danışıb.

Daha sonra çıxış üçün söz QAİ-nin Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərova verilib.

O, Böyük Qarakilsə rayon icmasının sədri kimi, QAİ-nin rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib, Böyük Qarakilsə rayonunun tarixi və əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib.

Tədbirə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri, Türkiyə Böyük Millət Məclisinin 17-ci dönəm millət vəkili Aziz Kaygısızla birgə qatılan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli yığıncaq iştirakçılarını salamlayaraq QAİ-nin fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib. Sonra tədbir iştirakçılarına qardaş Türkiyədən gəlmiş qonağı – əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kaygısızı təqdim edib. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirib ki, ata-babaları Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən 19-cu əsrin sonlarında kütləvi qətliamlar zamanı İqdır, Qars bölgəsinə köç ediblər.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini səsləndiriblər. İcmanın nümunəvi fəaliyyəti naminə üzərlərinə düşən işləri məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixdə Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş olunub.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button