2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qanlı qətliam, krala üzrxahlıq, gözlənilən qisas…

Yadigar Sadıqlı

1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası Fələstində ərəb və yəhudi dövlətinin yaranması barədə 181 saylı qətnaməni qəbul etdi. Ərəb ölkələri bu sənədi qətiyyətlə rədd etdilər və Fələstində həmin günə qədər tez-tez baş verən toqquşmalar artıq ertəsi gündən tammiqyaslı hərbi əməliyyatlara çevrildi. 

Birinci ərəb-yəhudi müharibəsi adını alacaq bu əməliyyatların İsrail dövlətinin yaranmasına qədərki birinci mərhələsində bir tərəfdə Ərəb Azadlıq Ordusu, Müqəddəs Cihad Ordusu, Müsəlman qardaşlar və yerli özünümüdafiə dəstələri iştirak edirdilər. Onlara qarşı isə yəhudilərin Haqana, İrqun və Lehi təşkilatlarının silahlıları döyüşürdü. 

Haqana 1920-ci ildə yəhudi yaşayış məskənlərinin müdafiəsi məqsədilə yaradılmışdı. 1931-ci ildə onun üzvlərinin bir qismi təşkilatın ərəblərlə çox mülayim davranmasına, yəhudilərin öldürülməsinə qisas aksiyaları ilə cavab verməməsinə etiraz olaraq, ayrılıb İrqunu yaratdılar. 

Saytların yığılması Saytlarin yigilmasi

İrqun, ərəblərlə yanaşı, həm də o zaman Fələstin üzərində mandata malik olan britaniyalılara qarşı da savaşırdı. İkinci dünya müharibəsi başlayan zaman çoxu həbsdə olan təşkilat rəhbərliyi üzvlərini nasistlərlə müharibə aparan Britaniyaya qarşı mübarizəni müvəqqəti dayandırmağa çağırdı. Bəzi daha radikal üzvlər bu fikri bölüşməyərək, Lehi təşkilatını yaratdılar. 

Yəni İrqun Haqanadan, Lehi isə İrqundan daha radikal adamlardan təşkil olunmuşdu. İrqun və Lehiyə münasibət birmənalı deyildi. Bir çoxları üçün onlar terrorçu təşkilat idilər. İki təşkilatın fəaliyyəti 1946-cı ildə keçirilən XXII sionist konqresin “siyasi mübarizə metodu kimi günahsız qanın axıdılmasını” pisləyən qətnamənin qəbuluna səbəb olmuşdu. 

Albert Eynşteyn, Hanna Arendt kimi tanınmış yəhudilər İrqunu Mussolininin faşist partiyasına bənzər təşkilat sayırdılar. Lehi isə müharibə zamanı britaniyalılara qarşı döyüşməklə, nasist Almaniyasına faktiki kömək göstərməkdə ittiham olunurdu. Təşkilatın hətta Berlinlə əlaqə yaratmağa cəhd göstərməsi barədə iddialar mövcuddur.  

*** 

Ərəb-yəhudi müharibəsi ilk gündən günahsız insanlara hücumlarla yadda qaldı. Artıq noyabrın 30-da müxtəlif yerlərdə yəhudi avtobuslarının atəşə tutulması nəticəsində 7 nəfər öldü. Cavab olaraq, 4 ərəb öldürüldü. Dekabrın 2-də daha 7 yəhudi öldürüldü. Həmin gün Suriyanın Hələb şəhərində yəhudi talanı baş verdi, 150 ev, 10 sinaqoq, beş məktəb, yəhudi mağazaları yandırıldı. Müxtəlif mənbələrdə 8-dən 75-ə qədər yəhudinin öldürüldüyü göstərilir.

Ümumiyyətlə, dekabr boyu az qala hər gün hücumlar, terror aktları törədilir, hər iki tərəfdən onlarla adam ölür. Bəzən qətllər domino effekti ilə bir-birindən doğur, bir-birinə cavab olaraq törədilirdi.  

Dekabrın 30-da səhər İrqun üzvləri Hayfa neftayırma zavodunun qarşısında duran ərəb fəhlələrinə üç qumbara atdılar, nəticədə 6 nəfər öldü, 40-dan çox adam yaralandı. Bundan sonra fəhlələr zavodda işləyən yəhudilərin üzərinə hücuma keçdilər, onları müxtəlif əşyalarla döyməyə başladılar. Nəticədə 39 nəfər öldü, 49 nəfər yaralandı. Bu zaman bəzi ərəb işçilər yəhudi həmkarlarını gizlətdilər. 

Haqana İrqunun dinc fəhlələrə hücumunu pisləsə də, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ərəb fəhlələrinin çoxunun yaşadığı Bələd əş-Şeyxdə qisas əməliyyatı keçirdi. Neftayırma zavodunun yəhudi işçilərinə hücumda iştirak edən adamlar şahidlərin ifadələri əsasında müəyyən edilir, evlərindən çıxarılaraq, güllələnirdilər. Burada da öldürülənlərin sayı dəqiq bilinmir, səsləndirilən rəqəm 21-dən 70-ə qədərdir. Bu zaman 2 qadın və 5 uşaq da həlak oldu. Haqana üç döyüşçüsünü itirdi.

Sonrakı aylar da qanlı döyüşlərlə, terror aktları ilə, çoxlu sayda kombatantların və dinc əhalinin ölümü ilə keçdi  ki, onların hamısını sadalamaq mümkün deyil. Müharibənin birinci dövründə ən səs-küylü cinayət isə İrqun və Lehinin birlikdə törətdikləri Deyr-Yasin qətliamı oldu. Hərçənd, bu hadisə haqqında məlumatlar yetərincə dolaşıqdır və bir çox hallarda bir-birini təkzib edir, bu dolaşıqlığın içindən həqiqi mənzərəni göstərməyə çalışacağıq.

*** 

BMT qətnaməsinə görə, Qüds şəhəri nə yəhudi, nə də ərəb dövlətinin tərkibində olmalı idi. Qüds anklavına BMT idarəçiliyi altında azad şəhər statusu verilirdi. Şəhərdən 5 km məsafədə yerləşən Deyr-Yasin kəndi də bu anklava daxil idi. 144 evin olduğu kənddə, müxtəlif məlumatlara görə, 600-dən 1000-ə qədər ərəb yaşayırdı.

Hərbi əməliyyatlar başlayandan ərəblər Tel-Əviv – Qüds yolunu nəzarətdə saxlayırdılar. Yola müxtəlif maneələr döşənir, onları keçmək üçün sürəti azaldan yəhudi avtomobilləri ətrafdakı hündürlüklərdən atəşə tutulurdu. Nəticədə, Qərbi Qüdsdə yaşayan100 minə qədər yəhudinin (Fələstindəki bütün yəhudilərin 16 faizi) təchizatı müşkülə çevrilirdi. Mart ayında vəziyyət lap ağırlaşdı. Ayın son həftəsində Qüds yəhudilərinə ərzaq aparmağa cəhd göstərən 136 yük maşınından yalnız 41-i bunu bacarmışdı. 

Haqana bu vəziyyəti aradan qaldırmaq üçün aprelin 6-da “Naxşon” əməliyyatına başladı. Əməliyyatın məqsədi Qüdsə gedən yolun üzərindəki ərəb kəndlərinin əhalisini qovmaq və həmin məntəqələri öz nəzarətinə keçirmək idi. Həlledici mövqelərdən biri olan əl-Qastal kəndi uğrunda gedən döyüşdə nəinki kənd tutuldu, üstəlik, Müqəddəs Cihad Ordusunun (MCO) komandiri Əbdülqadir əl-Hüseyni öldürüldü. Bu, ərəblər arasında ciddi ruh düşkünlüyü yaratdı.

Deyr-Yasin də Qüdsə gedən yolun yaxınlığında və 800 metr hündürlükdə yerləşirdi. Bu kənddən ərəblərin hərbi məqsədlər üçün istifadə etdikləri barədə müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, kənd əhalisi burada mövqe tutmaq istəyən MCO döyüşçülərinə icazə verməyib. 

Üstəlik, yaxınlıqdakı Givat-Şaul yəhudi məntəqəsi ilə normal münasibətlər saxladıqları, hətta düşmənçilik etməmək, sərbəst gediş-gəliş haqqında razılaşmaları olduğu deyilir. Fevral ayında bir qrup silahlı ərəb Givat-Şaula hücum etmək istəndə, Deyr-Yasin sakinləri onları qovublar. Silahlılar da acığa düşərək, kəndin qoyun sürüsünə atəş açıblar.

Digər versiyaya görə isə xoş münasibətlər və bitərəflik əvvəllər mövcud olub, yanvarda əldə olunan razılaşmaya apreldə artıq əməl olunmurdu, son günlər kənddən qonşu yəhudi məskənləri atəşə tutulurdu. Hətta əl-Qastal uğrunda gedən döyüşdə Deyr-Yasin gənclərinin iştirak etdiyi söylənilir.

Hər halda, İrqun və Lehi silahlıları Deyr-Yasinə hücum etmək üçün Haqananın kəşfiyyat rəisi David Şaltielə müracət edəndə sonuncu tərəddüd keçirdi və onlara yəhudilərə qarşı daha düşmən mövqe tutan Eyn-Kərəmə hücum etməyi məsləhət gördü. İrqun və Lehi rəhbərliyi isə bu kəndə hücum üçün qüvvələrinin yetərli olmayacağını söylədilər. 

Deyr-Yasinə hücumda 72 İrqun və 60 Lehi döyüşçüsü iştirak edəcəkdi. Aprelin 8-də onlara təlimatlar verildi. Yəhudi tərəfdən olan iddialara görə, bu zaman qadınlar, uşaqlar, qocalar, silahsızlara və ya silahı yerə qoyanlara zərər verilməməsi tapşırıldı. Əməliyyatın məqsədi kənd əhalisinin qovulması idi. Bundan sonra orada yəhudilərin silahlı dəstəsi yerləşdiriləcəkdi.

*** 

Əməliyyat aprelin 9-da səhər saat 4.30-da başladı və əvvəldən qaydasında getmədi. Plana görə, İrqun və Lehi eyni vaxtda müxtəlif istiqamətlərdən hücum etməli idilər. Lehi isə gecikmişdi. Üstəlik, Lehi özü ilə səsgücləndirici maşın gətirməli və  hücum başlamamış əhalini xəbərdar etməli idi. Amma onlar gələndə kənddə artıq döyüş gedirdi. Həm də maşın kəndin yaxınlığındakı arxa düşüb qaldı və oradan xəbərdarlıq etməyə başladı, amma çox güman ki, səsini kimsə eşitmədi. 

İrqun və Lehi nümayəndələrinin David Şaltiellə danışığından aydın olur ki, Deyr-Yasinin tutulmasına asan iş kimi baxırmışlar, amma gözlənilmədən müqavimətlə üzləşdilər. Ərəblər daha yüksəklikdə yerləşən nöqtələrdən yəhudiləri atəşə tutmağa başladılar. Bu vaxta qədər əsasən terror aktları həyata keçirən, döyüş təcrübələri olmayan İrqun və Lehi ciddi çətinə düşmüşdü.

Onlar hara gəldi atəş açır, kəndin içərilərinə doğru getmək üçün yanlarından keçdikləri evlərə əl qumbaraları atırdılar. Bütün bunlara baxmayaraq, saatlar ərzində kəndi nəzarətə ala bilmədilər. Hətta İrqun geri çəkilmək təklifi ilə Lehiyə müraciət də etdi. Amma döyüş davam etdirildi.

Xüsusən kənd muxtarının evindən açılan snayper atəşi yəhudilərə ciddi çətinlik törədirdi. Uğursuzluğa düçar olan hücumçular bəzi hallarda acıqlarını təslim olan dinc sakinlərdən çıxırdılar. Yəhudi tərəfin də etiraf etdiyi ən azı bir belə hal məlumdur, onun da qurbanları xeyli idi. Bir İrqun döyüşçüsü əllərini qaldırıb evdən çıxan 11 nəfərlik ailəni güllələdi. Başqa bənzər halların da olduğu söylənilir. 

Günorta saatlarına yaxın daha təcrübəli Haqana döyüşçüləri kəndə gəldilər. Onların qumbaraatandan açdıqları atəş nəticəsində muxtarın evindəki snayperlər zərərsizləşdirildi. Bununla da döyüşün taleyi həll olundu və atışma tezliklə kəsildi. Yəhudilərdən 5 nəfər öldü, 40-dan çox yaralandı. Ərəblərdən ölənlərin sayı barədə isə mübahisələr bu gün də davam edir. Ən azı 101, ən çoxu isə 254 rəqəmi səsləndirilir. 

*** 

Maraqlıdır ki, ən böyük rəqəmi (254) Lehi üzvləri səsləndirirdilər. Buna görə də o dövrün mətbuatında Deyr-Yasində 254 nəfərin ölməsi barədə informasiya gedib. Amma Lehi bunu öz avtoritetini qabartmaq məqsədi ilə edirdi, onların görüşünə görə, dinc sakinlərin öldürülməsində bir qəbahət yox idi. 

Daha sonra aparılan tədqiqatlar, ərəb tərəfindən aparılanlar da daxil, qurbanların sayının daha az olmasını ortaya qoyur. Fələstinlilərin Birzeyt universitetinin mütəxəssisi Şərif Kanaananın gəldiyi qənaətə görə, hücum zamanı 13 silahlı və 107 dinc ərəb öldürülüb. Firkimizcə, bu araşdırmaya etibar etmək olar.

 Hər halda, Deyr Yasin qətliamı müharibənin birinci dövründə ən qanlı hadisə idi və yəhudi-ərəb düşmənçiliyinin daha da alovlanmasında xüsusi rol oynadı. Təsadüfi deyil ki, Haqana da daxil olmaqla, bir çox yəhudi təşkilatları və tanınmış şəxslər bu cinayəti pislədilər. Yəhudi agentliyi Transiordaniya (indi İordaniya) kralı I Abdullaha üzrxahlıq göndərdi.

Deyr-Yasin qətliamından dörd gün sonra Haqananın mühafizəsi altında Hadassa xəstəxanasına tibbi avadanlıqlar və ləvazimatlar aparan maşın qafiləsi MCO-nun qurduğu pusquya düşdü. Nəticədə əksəriyyəti tibb işçiləri, o cümlədən xəstəxananın direktoru olmaqla 79 yəhudi (20 qadın) və 1 ingilis əsgər həlak oldu. Ərəblər bunu Deyr-Yasinin qisası kimi təqdim etdilər. 

24 saat” “Qanlı qətliam, krala üzrxahlıq, gözlənilən qisas…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button