2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qapalı hökumət problemi

***

Sual: Samir bəy, hazırda Açıq Hökumət Həftəliyi keçirilir. Nədir bu həftəliyin mənası?

Cavab: Mayın 17-dən başlayaraq Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platformasının təşəbbüsü ilə dünya üzrə Açıq Hökumət Həftəliyi keçirilir. Bu, artıq üçüncü analoji tədbirdir. Bundan əvvəlki tədbirlər 2018 və 2019-cu illərə təsadür edib və tədbirlərə 50-dən çox ölkə qoşulub. 2020-ci ildə dünyanı bürüyən pandemiya əksər beynəlxalq tədbirlərin, o cümlədən Açıq Hökumət Həftəliyinin keçirilməsini təxirə saldı. Bu il Həftəliyin keçirilməsi bərpa edilib və bu formatda olan üçüncü tədbirdir. Bu tədbirin əsas sloqanı Open Response, Open Recovery-dir. Open Response ifadəsini dilimizə Açıq çağırışa cavab və yaxud reaksiya kimi tərcümə etmək olar. Yəni, dilimizə sloqanı Açıq Reaksiya, Açıq Bərpa kimi tərcümə olunan Açıq Hökumət Həftəliyinə 78 ölkəni təmsil edən hökumətlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin qoşulması nəzərdə tutulub. Həftəliyin əsas məqsədi ondan ibarətdir ki, müxtəlif ölkələrdə hökumətlərin, vətəndaş cəmiyyəti qurumlarının, ictimai xadimlərin iştirakı ilə hökumətlərin açıqlığı, şəffaflığı, hesabatlılığı istiqamətində müxtəlif ideyalar müzakirə edilir, qərarların qəbulu prosesinə təsir imkanları araşdırılır, hökumətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq potensialı güclənir. Bütün bunlar pandemiyadan sonrakı dövrdə yeni strategiyalar quraraq hökumətlərin siyasətlərinin yenilənməsini dəstəkləmək məqsədi daşıyır. Bir sözlə, 17-21 may tarixlərini əhatə edən bu həftə ərzində vətəndaşların hökumətlərə etimadını artırmağa, onların dövlət xidmətlərinə çıxışını asanlaşdırmağa yönəlik müxtəlif ölkələrdə bu tədbirlər keçiriləcək. Hesab edilir ki, bu tədbirlər ümumilikdə 2 milyarda qədər insanı əhatə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Açıq Hökumət Tərəfdaşlığı platformasında üzvlüyünün bərpası məsələsi hələ həll olunmayan Azərbaycanda bu həftəlik necə qeyd olunur?

Cavab: Təəssüf ki, Azərbaycanda bu həftəlik çərçivəsində hər hansı bir tədbirin keçirilməsi müşahidə olunmur. Ən azı hökumət tərəfindən bu çərçivədə hər hansı tədbirin keçirilməsi ilə bağlı məlumatlara rast gəlməmişəm. Əgər hökumət passivdirsə, maraqlı deyilsə, heç olmazsa vətəndaş cəmiyyəti təşəbbüsü ələ ala bilərdi. Ancaq vətəndaş cəmiyyətini də qınamaq olmur, çünki onun indiki durumu göz qabağındadır. Vətəndaş cəmiyyəti heç öz missiyasını yerinə yetirməyə qadir deyil. Təbii ki, bunun obyektiv səbəbi var. Qeyri-hökumət təşkilatları və qrant qanunvericiliyinə edilmiş məhdudlaşdırıcı dəyişikliklər vətəndaş cəmiyyətinin fəaliyyətini tamamilə iflic edib. Belə bir vəziyyətdə vətəndaş cəmiyyətinin hər hansı bir təşəbbüs göstərməsi real görünmür. Ancaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması yaxın həftələrdə Açıq Hökumətlə bağlı konfrans keçirməyi planlaşdırır. Təəssüf ki, konfransı texniki baxımdan bu həftə keçirtmək mümkün olmadı, ancaq ümid edirəm gələn ay təşəbbüsümüz baş tutacaq. Çox istərdim ki, müvafiq dövlət qurumları konfransa qoşularaq öz töhfələrini versinlər.

Sual: Yeri gəlmişkən, Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platformasının Rəhbər Komitəsinin 2018-ci il 5-6 dekabr tarixlərində keçirilən iclasında Azərbaycanın üzvlüyü ilə bağlı qəbul edilən qətnamə əsasında Azərbaycana ikinci dəfə möhlət verilmişdi. Qətnamədə quruma üzvlüyün bərpası məqsədilə bir sıra tövsiyələr öz əksini tapmışdı. Həmin qətnaməyə görə, yeni Milli Fəaliyyət Planı 2021-ci il avqust ayının 31-də bitməlidir. Bundan sonra Milli Fəaliyyət Planının icra vəziyyəti qiymətləndiriləcək. Yalnız ondan sonra Azərbaycanın statusuna baxılaraq ya aktiv statusu bərpa ediləcək, ya da ölkə, ümumiyyətlə, Platformadan kənarlaşdırılacaq. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir? Milli Fəaliyyət planı ilə bağlı hansı işlər gedir və avqustun 31-nə qədər fəaliyyət planı yekunlaşacaqmı?

Cavab: Həqiqətən Azərbaycana bu məsələ ilə bağlı iki dəfə möhlət verilib. Azərbaycan OGP-yə üzv olan ölkələr arasında bəlkə də yeganə dövlətdir ki, ona ikinci dəfə bu şans verilib. Digər dövlətlərin, məsələn, qonşu Türkiyənin statusu birinci dəfə qeyri-aktiv oldu, növbəti dəfə təşəbbüsdən kənarlaşdırıldı. Səbəb növbəti Milli Fəaliyyət Planını qəbul etməməsi idi. Qeyd edim ki, Azərbaycana ikinci şansın verilməsində vətəndaş cəmiyyətinin xüsusi rolu oldu, əks halda 2018-ci ildən bu Platformadan kənardan qalmışdıq. Vətəndaş cəmiyyəti vahid və ortaq bir mövqe ortaya qoydu, OGP-nin Rəhbər Komitəsinə müraciət edərək Azərbaycanın üzvlükdə qalmasının ilk növbədə vətəndaş cəmiyyəti üçün vacib olmasını onların diqqətinə çatdırdı. Ona görə Azərbaycana istisna hal kimi ikinci şans verildi. Rəhbər Komitə Azərbaycan hökumətinə göndərdiyi qətnamədə ilk növbədə vətəndaş cəmiyyətinin iştirakı ilə Yol Xəritəsinin hazırlanmasının və onun əsasında Milli Fəaliyyət Planının tərtibinin vacibiyini qeyd etdi. Həqiqətən də qətnaməyə uyğun olaraq 2019-cu ilin mart ayının 1-nə kimi vətəndaş cəmiyyətinin iştirakı ilə Yol Xəritəsi hazırlandı. Daha sonra Yol Xəritəsinin əsasında Milli Fəaliyyət Planının hazırlanması prosesinə start verildi. Sosial şəbəkə üzərindən elanların verilməsinə rəğmən bu prosesdə vətəndaş cəmiyyəti çox da aktiv olmadı. Yəqin ki, hökumətin onun rəylərini nəzərə almasına inamının az olması vətəndaş cəmiyyətinin aktivliyinə mənfi təsir göstərdi. Yeni Milli Fəaliyyət Planında təəssüf ki, Yol Xəritəsində nəzərdə tutulan təkliflərin hamısı nəzərə alınmadı. Xüsusilə də bizim üçün maraqlı olan vətəndaş cəmiyyətinin vəziyyətilə bağlı olan hissələr idi. Həmin hissələrin hamısı olmasa da iki vacib elementi nəzərə alındı. Onlardan biri qeyri-hökumət təşkilatları qanunvericiliyinin, digəri isə qrant qanunvericiliyinin sadələşdirilməsi idi. Bu iki elementin tam həllini tapması, ən azı 2013-cü ildəki status-kvo vəziyyətinə gətirilməsi bizi tam qane edir. OGP-nin Rəhbər Komitəsinin tələbində qeyd olunurdu ki, Milli Fəaliyyət Planının icrası 2021-ci il avqustun 31-nə qədər yekunlaşmalıdır. Ancaq Azərbayanın qəbul ediyi Milli Fəaliyyət Planını 2020-2022-ci illəri əhatə edir. Qətnamədə qeyd edildiyi kimi, avqustun 31-dən sonra OGP-nin qaydalarına uyğun olaraq Milli Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı müstəqil qiymətləndirmə (Independent Reporting Mechanism) aparılacaq. Bu qiymətləndirmənin əsasında Rəhbər Komitə öhdəliyin yerinə yetirilməsi səviyyəsini müəyyənləşdirəcək və Azərbaycanın statusu ilə bağlı qərar verəcək.

Sual: Bu yaxınlarda Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq platformasının rəhbəri Sanjay Pradhanın adından Azərbaycan hökumətinə məktub göndərilib. Həmin məktubda nə deyilirdi və həmin məktubda vurğulanan məsələlərlə bağlı vəziyyət nə yerdədir?

Cavab: Bəli, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq platformasının rəhbəri Sanjay Pradhanın adından Azərbaycan hökumətinə, konkret olaraq Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynova və prezidentin köməkçisi Hikmət Hacıyevə məktub gəlib. Qeyd edim ki, Vüsal Hüseynov Azərbaycan hökumətini OGP platformasında təmsil edən məsul şəxsdir. Məktub daha çox xatırlatma xarakteri daşıyır. Xatırladılır ki, Azərbaycanın götürdüyü öhdəliyə görə, 2021-ci ilin avqust ayının 31-i son müddət bitir və həmin müddətə qədər Milli Fəaliyyət Planının icrası başa çatmalıdır. Xüsusilə də Azərbaycanın statusunun aşağı endirilməsinə səbəb olan vətəndaş cəmiyyətinin durumunun yaxşılaşdırılması istiqamətində fəaliyyətlərə diqqət yetirilməlidir və gücləndirilməlidir. Ümid edirəm ki, bu məktub hökuməti bir qədər ayıldar və onun Milli Fəaliyyət Planının icrasına, xüsusilə də vətəndaş cəmiyyətilə bağlı olan hissənin icrasına diqqətini artırar.

Sual: Hökumət Azərbaycanın bu beynəlxalq platformada üzvlüyü məsələsində niyə maraqlı deyil?

Cavab: Hökumətin davranışları, bu istiqamətdə atdığı addımlar sizin dediyiniz fikri irəli sürməyə əsas verir. Həqiqətən də əgər hökumət maraqlıdırsa, qoyulan tələbləri yerinə yetirməlidir. Hökumət nəzərə almalıdır ki, indi bizim üçün fövqəladə haldır, güzəşt limitimiz dolub. Belə baxanda yerinə yetirilməsi çətin olan tələblər də deyil. Hökumət bunu etmirsə və ya gecikdirirsə, demək ki maraqlı görünmür. Məncə, hökumət bu barədə ciddi düşünsə, yaxşı olar. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu prosesdə dünyaya yayılan qeyri-obyektiv məlumatlar əsasında Azərbaycanın reputasiyası zədə aldı. Onsuz da bu vaxta qədər Azərbaycanın reputasiyası ürəkaçan deyildi. Belə bir vəziyyətdə Azərbaycan öz imicini yaxşılaşdırmaq, bərpa etmək üçün bir sıra adımlar atmalıdır. Bu addımlardan birincisi ölkədə islahatların keçirilməsini sürətləndirməkdirsə, ikincisi beynəlxalq tribunalar olan bu kimi təşəbbüslərdə iştirakını aktivləşdirməkdir. Biz EİTİ (Mədən Sənayesində Şəffaflıq) beynəlxalq koalisiyasını tərk etdik. Həmin tribunanı itirdik. OGP daha geniş bir koalisiyadır. Mədən Sənayesində Şəffaflıq hasilat sənayesini əhatə edirsə, OGP, ümumiyyətlə, dünyada hökumətin açıq olmasını əhatə edən bir təşəbbüsdür. İndi 78 ölkəni özündə birləşdirir. Getdikcə də onların sayı artır. Daha mötəbər bir platformadır. Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Bunu istəyən ölkə xarici investorların ölkəyə gəlməsində, o cümlədən Qarabağın bərpasının iştirakında maraqlı olmalıdır.

Bu tipli platformalarda iştirak göstərir ki, ölkədə hökumət şəffafdır, açıqdır, qanunlara riayət edir və s. Azərbaycan belə bir platformalarda iştirak etməyəcəksə, qapılar onun üzünə bağlanacaqsa ümumən proses daha da pisləşəcək, xarici investorların Azərbaycana gəlməsi daha da çətinləşəcək. Bir məsələni qeyd edim ki, Ermənistan bu platformada kifayət qədər aktivdir. Biz bu barədə düşünməliyik. Təkcə ona görə yox ki, Ermənistan oradadır, ona görə ki, hökumət insanların rifahını düşünürsə, açıq və şəffaf xidmət göstərmək istəyirsə, vətəndaşların rəy və təkliflərini nəzərə almaqda maraqlıdırsa, bu tipli platformalardan geri çəkilməməlidir.

Sual: Sizcə, Azərbaycan nə etməlidir?

Cavab: Vətəndaş cəmiyyəti öz işini görüb, indi növbə hökumətindir. Bu işdə hazırda yeganə məsul olan tərəf Azərbaycan hökumətidir. Azərbaycan hakimiyyətinin avqustun 31-nə qədər vaxtı qalıb. Bəlkə də pandemiya və müharibəni əsas gətirib bu prosesi ilin sonuna qədər uzatmaq olar. Ancaq hökumət ən azı göstərməlidir ki, doğrudan da öz fəaliyyətində ardıcıldır və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirir. Nəzərə alaq ki, Milli Fəaliyyət Planı üçüncü fəaliyyət planıdır. Ölkə prezidenti tərəfindən təsdiq edilib. Və prezident tərəfindən təsdiq edilibsə, bu o deməkdir ki, Milli Fəaliyyət Planının icrası ilə bağlı ən ali səviyyədə imza qoyub. İmzaya hörmət edilərək bu fəaliyyət planı tam icra ediləcəksə Azərbaycan hökumətinin reputasiyasının qalxmasına səbəb olacaq. Milli Fəaliyyət Planı icra edilməyəcəksə və ya bərbad icra ediləcəksə beynəlxalq aləmdə verdiyimiz sözün əməl edilməsi səviyyəsinin aşağı olacağının göstəricisi olacaq. Ona görə də hökumət əsas diqqəti cənab Pradhanın məktubunda qeyd edildiyi kimi, vətəndaş cəmiyyətinə aid olan hissəyə yönəltməlidir. Yəni, qeyri-hökumət təşkilatları və qrant qanunvericiliyi təcili surətdə dəyişdirilməli, sadələşdirilməli və ən azı 2013-cü ildən öncəki vəziyyətə qaytarılmalıdır. Öhdəliklər yerinə yetiriləndən sonra Azərbaycanın bu platformada üzvlüyünün bərpa edilməsi mümkün olacaq və bundan biz hamımız qazanacağıq.

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button