Loading...
Loading...
SEÇMƏ

Qarabağ əlili polis tərəfindən təzyiqə məruz qaldığını deyir

Yayımlandı: 19 Avqust 2022 16:12

“Özümdən qorxmuram, ailə üzvlərim qorxu içindədir”

Birinci Qarabağ müharibəsinin iştirakçısı Məğrur Bədəlsoy ailəsinin təzyiqə məruz qaldığını iddia edir.

Onun sözlərinə görə, avqustun 18-də saat 18 radələrində yerli polislər onun evinə gəlib.

Bu barədə Məğrur Bədəlsoy Meydan TV-yə danışıb.

“Oğluma deyiblər ki, axtarışdayam. Oğlum da onlara mənim I Qarabağ müharibəsi əlili olduğumu çatdırıb. İkincisi, məhləmizdə məni “90-RZ -222” nömrəli “Shevrolet Malibu” maşınla güdürlər. Güman ki, Nizami Rayon Polis rəisinə zəng edib deyiblər ki, gətirin, izahatını alın. Yəni məni zorla aparmaq istəyiblər, evdə olmadığımdan baş tutmayıb. Maraqlıdır ki, bir neçə telefon nömrəm olduğu halda zəng etməyiblər. Bütün hallarda polisin məni axtarmağı qaranlıqdır. Çünki özləri də heç nə demir. Halbuki, mən Daxili İşlər Nazirliyinin təqaüdçüsüyəm. Birinci Şıx Batalyonunun tərkibində müharibədə iştirak etmişəm, sonuncu iş yerim də Daxili Qoşunlar olub. I qrup Qarabağ əliliyəm”, – M.Bədəlsoy belə deyib.

O, bir aya yaxındır yataq xəstəsi olduğundan bağ evində qaldığını bildirib:

“Astmadan əziyyət çəkdiyimdən Naxçıvana “Duzdağ” Fizioterapiya  Mərkəzinə getməyə çalışıram, amma dəstək verən yoxdur. Daxili İşlər Nazirliyinin hospitalında və poliklinikasında qeydiyyatda olsam da, Naxçıvana getmək üçün müraciətlərimə reaksiya verilmir”.

Məğrur Bədəlsoy hesab edir ki, ona təziqlər şikayətlərindən qaynaqlanır:

“Mən Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun, Xətai Rayon Məhkəməsinin sədrinin, Baş prokurorun, ədliyyə nazirinin və başqa məmurların korrupsiya əməlindən yazmışam”.

“Nizami rayonunda mənə müharibə əlili kimi sahibkarlıqla məşğul olmağa ərazi ayırıb. Amma saxta şəhadətnamə ilə ərazini başqa adamın adına sənədləşdirib satıblar. Bu barədə Xətai Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli, 451/09 saylı və 21 iyul 2011-ci il tarixli, 855/11 saylı qətnamələri var. Təsəvvür edin ki, məhkəmənin qətnamələri 14 ildir icra olunmur. Mən də yazıb əsaslandırmışam bu işdə korrupsiya əməlləri var. Qarşılaşdığım özbaşınalıqla bağlı 11 il əvvəl Avropa Məhkəməsinə şikayət etmişəm, icraata götürülsə də, kommunikasiya başlamayıb. Mən “Azərpoçt”dan şübhələnirəm ki, məhkəmədən gələn məktubları vermirlər. Pullu “161” nömrəsindən şikayət etdim, amma nəticə yoxdur”.

M.Bədəlsoy ölkə başçısı İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Konstitusiya Məhkəməsinə, Milli Məclis rəhbərliyinə, Baş Prokurora, Ombudsman Aparatına müraciətlər göndərdiyini bildirib:

“Müraciət etmədiyim dövlət orqanı qalmayıb. Amma indi özümü şantaj edirlər. Özümdən qorxmuram, ailə üzvlərim qorxu içindədir. Bəlkə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək istəyimdən sonra bu təzyiqlər başlayıb, çünki əvvəllər də oxşar hadisələr olub”.

Gözdən qaçırmayın:  Ərdoğan: “Şəxsən mən müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram”

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Məğrur Bədəlsoyun axtarışı üçün tam hüquqi əsas var:

“Barəsində Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmənin tərkib əlamətləri olduğuna görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanıb. Onun iddiaları əsassızdır, istintaqdan yayınmaq məqsədi daşıyır”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button