Now Reading:
“Qarabağ” Avropada 5-ci, “Qəbələ” 12-cidi

“Qarabağ” Avropada 5-ci, “Qəbələ” 12-cidi

“Qarabağ” Avropada ən az qol buraxan komandalar arasındadı. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının geridə qalan 25 turunda qapısında cəmi 12 top görüb ki, bu da ən yaxşı göstəricilərdən biridi.

Qurban Qurbanovun yetirmələri bu baxımdan payız-yaz sistemi üzrə keçirilən 41 ölkə çempionatından 35-də mübarizə aparan bütün klubları qabaqlayır. Azərbaycan çempionu hazırda yalnız “Partizani” (Albaniya – 10 qol), “Dudelanj” (Lüksemburq – 10), “Şerif” və “Daçiya”dan (hər ikisi Moldova – 11) geri qalır. Ancaq son 3 komandanın “Qarabağ”a nisbətən az oyunla buna nail olduqlarını da qeyd etmək lazımdı.

“Kopenhagen” (Danimarka), “Priştina” (Kosovo) və “Rostov” (Rusiya) isə “Qarabağ” qədər – 12 qol buraxıblar.

Premyer Liqamızın ikincisi “Qəbələ”nin də müdafiə xəttini qitənin ən etibarlılarından saymaq olar. Çünki “qırmızı-qaralar” 25 turda cəmi 14 dəfə mərkəzə dəvət olunublar. Bu mənada Roman Qriqorçukun kollektivini yuxarıda adları sadalanan komandalarla yanaşı, “Kukesi” (Albaniya – 13 qol), “Porto” (Portuqaliya – 13) və MOİK (Rusiya – 13) geridə qoya bilir. “Skenderbeu” (Albaniya), “Viktoriya” (Çexiya), “Vardar” (Makedoniya), “Linkoln” (Cəbəllütariq), “Hapoel” (Beer Şeva, İsrail), “Mladost” (Monteneqro) və “Benfika” (Portuqaliya) da “Qəbələ” ilə eyni sayda top buraxıblar.

Avropanın “böyük beşlik” (İspaniya, İtaliya, Almaniya, İngiltərə, Fransa) ölkələrindəki bütün elita iştirakçılarını qabaqlayan təmsilçilərimiz “köhnə dünya”da qabaqcıllardandı. “Qarabağ” bu baxımdan Avropada 5-ci, “Qəbələ” isə 12-ci yeri bölüşür.

Orta hesabla hər oyunda buraxılan qol sayına gəlincə, bu, “Qarabağ”da 0,48, “Qəbələ”də isə 0,56-dı. Bu sıralamaya görə isə ağdamlılar 8-ci yeri bölüşürlərsə, qəbələlilər “Mladost”la birlikdə 15-cı pillədə qərar tuturlar. Avropada ən yaxşı göstərici isə “Partizani”yə məxsusdu (0,35 qol).

Maraq üçün əlavə edək ki, “böyük beşlik” ölkələrinin çempionatlarında ən az top buraxan komandalar “Bavariya” (Almaniya – 15 qol), “Yuventus” (İtaliya – 20), PSJ (Fransa – 21), “Tottenhem” (İngiltərə – 22), “Atletiko” və “Vilyarreal”dı (İspaniya – 24).

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.