2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qarabağ qazisi: “Kirayədə qalıram, dilənçi məndən yaxşı yaşayır”

Yayımlandı: 14 Fevral 2023 14:59

Fizuli Hüseynov deyir ki, sənədlərin toplanması üçün ondan 300 manat rüsum istəyiblər

“Müharibədə bədənimin funksionallığının 95 faizini itirmişəm. Dövlət mənə mənzil vermir. İllərdir ki, kirayələrdə sürünürəm”.

Saytların yığılması Saytlarin yigilmasi

1975-ci il təvəllüdlü Fizuli Hümbət oğlu Hüseynov Meydan TV-yə belə deyir.

O bildirir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Füzuli, Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib:

“On yeddi yaşımda evdən qaçıb Birinci Qarabağ müharibəsinə getmişəm. Döyüşlərdə ağır yaralanmışam. Hazırda kirayədə yaşayıram. Əlimə gələn üç-beş manatı kirayəpuluna, qaza, işığa, suya ödəyirəm. Nəticədə, yeməyə çörək, içməyə çay ala bilmirəm. Üç gündür ki, evdə quru çay qurtarıb, almağa da pul yoxdur”.

“Bilmirsən dərdini kimə deyəsən, kimə danışasan”

Şikayətçinin dediyinə görə, valideynləri Birinci Qarabağ müharibəsi zamanı Ermənistandan Azərbaycana köçüb və Yasamalda məskunlaşıblar:

“Atamgil Bakıya köçüb, Yasamalda ev aldılar. Valideynlərim vəfat edəndən sonra mənzili satdıq, pulu aramızda bölüşdürdük. Evdə çox adam qeydiyyatda olduğu üçün ümumi məbləğdən mənə 1500 manat çatdı. Artıq illərdir ki, kirayədə yaşayıram. Qarabağ döyüşçüsü kimi ev növbəsinə dayanmaq istədim. Bəzi sənədləri toplamaq üçün ümumilikdə məndən 300 manat rüsum istədilər. Pulum olmadığı üçün dəfələrlə Prezident İlham Əliyevə, Prezident köməkçisi Hikmət Hacıyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Elə bir qurum qalmayıb ki, müraciət etməyim. Sənədlərimi düzəldə bilmirəm. Aldığım pulla heç evi təmin bilmirəm. Üç yüz manatı haradan tapım? Bilmirsən dərdini kimə deyəsən, kimə danışasan”.

“Bir qarnı ac-bir qarnı tox iki oğul böyütmüşəm. Dilənçi məndən yaxşı yaşayır. Dövlət bir dəfə də olsun maraqlanıb ki, mən onları nə ilə dolandırıram? Onlar nə yeyib, nə içirlər? Böyük oğlum İkinci Qarabağ müharibəsi iştirakçısı olub, dörd medalı var”, – Fizuli Hüseynov deyir.

Əlavə edir ki, üç-dörd aydan sonra kiçik oğlu hərbi xidmətə gedəcək. Lakin valideyn onun əsgərliyə getməyini istəmir: “Baş Prokurorluğa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişəm. Kiçik oğlumu hərbi xidmətə getməyə qoymayacağam. Övladımın vətənə heç bir borcu yoxdur”.

“İcra hakimiyyətləri sərəncam vermək üçün rüsum tələb etmir, prosedur pulsuzdur”

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə deyir ki, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə müraciət edən şəxslərdən hər hansı rüsum tələb olunmur:

“Sadəcə, mənzil növbəsinə götürüləndə vətəndaşdan sənədlər istəyirlər. Adına ev, torpaq sahəsi varmı? Ola bilsin ki, həmin arayışları toplayanda digər dövlət qurumları rüsum istəyiblər. Təəssüf ki, Qarabağ əlilləri digər qurumlar tərəfindən verilən arayışları alan zaman tətbiq olunan rüsumdan azad deyillər. Amma rayon icra hakimiyyətləri sərəncam vermək üçün rüsum tələb etmir, prosedur pulsuzdur”.

Birinci və İkinci Qarabağ əlilləri, şəhid ailələri, həmçinin onlara bərabər şəxslərin mənzil və ya avtomobillə təmin olunması “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” qanunla tənzimlənir.

Rey Kərimoğlu deyir ki, mənzil almaq üçün şərtlər məhz həmin qanuna əsaslanır. Mənzil almaq istəyən Qarabağ əlili yaşadığı rayon üzrə icra hakimiyyətinə müraciət edir.

Rey Kərimoğlu. Foto: “adalet.az”

Normativ akta əsasən, onun yaşadığı mənzilə baxış keçirilir və daha sonra ona mənzil verilməsi ilə əlaqədar müsbət və ya mənfi qərar verilir:

“Bəzən elə başa düşürlər ki, ucdantutma bütün şəhid ailələrinə, Qarabağ əlillərinə ev verilir. Bu, belə deyil. Müəyyən qaydalar var. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qeydiyyatda olduğu rayon üzrə icra hakimiyyəti tərəfindən müəyyənləşdirilir. Müraciət edən şəxsin yaşadığı mənzilin kvadratı azdırsa, onu mənzil növbəsinə götürürlər. Bundan sonra müraciət edən adam mənzil şəraitinin yaxşılaşdırılması statusunu alır. Bundan sonra qeydiyyatda olduğu rayon üzrə icra hakimiyyəti onu mənzil növbəsinə götürür. Sənədləri mənzil növbəsinə götürülməsi məqsədilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir”.

Rey Kərimoğlunun sözlərinə görə, əvvəli illərlə müqayisədə son illər şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən mənzillərin sayı artıb:

“Əvvəllər il ərzində 40-50 ev verilirdi. 2014-cü ildən etibarən istər mənzil, istərsə də avtomobillə təminatda artım çoxalıb. “Qarabağ qaziləri” İctmai Birliyi dəfələrlə müvafiq dövlət qurumları qarşısında, görüşlərdə şəhid ailəsi, Qarabağ əlillərinin mənzil növbəsinə götürülmədən evlə təmin olunması məsələsini qaldırıb. Hələ ki qanunvericilikdə belədir. Bununla belə, istərdik ki, onların hamısına mənzil verilsin”.

ƏƏSMN-nin 2022-ci ilə olan statistikasına görə ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13200 mənzil və fərdi ev, 7500-dən çox  avtomobil verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button