2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qarabağ qazisinin atası: “Əməliyyatın miqyasını böyük göstərmək üçün oğlumu bu işə qoşublar”

Həsən Rzayev deyir ki, şəxsi əmlakı olan avtomobili geri qaytarılmır

Şirvan sakini, İkinci Qarabağ müharibəsində yaralanmış Pərvin Rzayev 1 il 4 aydır ki, həbsdədir. O, satış məqsədilə külli miqdarda narkotik daşımaqda ittiham olunur. Atası isə deyir ki, Pərvin Rzayev ailəsini dolandırmaq üçün taksi fəaliyyətilə məşğul olurdu. Onun sözlərinə görə, oğlunun sərnişin kimi apardığı şəxsin yükünə görə taksi sürücüsünü cəzalandırmaq ədalətsizlikdir.

“Hər iki maşından düşüb oğluma hücum edəndə o, qorxub qaçıb”

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə günü Pərvin Rzayevin idarə etdiyi “Mercedes” markalı, “90-LB-478” dövlət nömrə-nişanlı avtomobildə Məhəmməd Məmmədov da olub. Onlar hazırda birlikdə mühakimə olunurlar. Cinayət işinin materiallarında iddia olunur ki, Məhəmməd Məmmədovdan götürülmüş çantadan 8.7 kiloqram narkotik maddə – tiryək aşkarlanıb.

Həsən Rzayevin dediyinə görə, oğlu Şirvandan Bakıya və əks istiqamətdə taksi fəaliyyətilə məşğul idi. Şirvanda çoxdan tanıdığı Məhəmməd Məmmədov Bakıya gedəcəyini, qohumuna çanta apardığını deyib:

“Xahiş edib ki, onu Bakıya – Xocasən qəsəbəsinə aparsın. Oğlum da razılaşıb. O, hardan bilsin ki, çantasında nə var? Hansı sürücü sərnişinin çantasına baxır? Deyib ki, təcili getməliyəm, 50 manat verirəm. Oğlum aparıb. Xocasənə çatanda deyib ki, “gözlə, tez çantanı verim, gəlirəm”. Pərvin maşında gözləyib. O düşən kimi, bir qara “cip” gəlib ön tərəfdən oğlumun maşınının qarşısını kəsib. Həm də maşını vurub. Arxaya vermək istəyəndə görüb ki, başqa bir maşın da arxadan yolunu kəsir. Ona da dəyib. Hər iki maşından düşüb oğluma hücum edəndə Pərvin qorxudan oradan qaçıb…”.

Məhəmməd Məmmədov elə həmin gün – avqustun 3-də hadisə yerində tutulub. Pərvin Rzayev isə iki gün sonra – avqustun 5-də Şirvan şəhərində saxlanılıb. Arada – avqustun 4-də isə hadisə yerində olmayan başqa bir şəxs – Süleyman Musazadə də Yasamal rayonu ərazisində saxlanılaraq, bu məsələ ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb. Hər üçü də bu maddələrlə mühakimə olunurlar.

“Əməliyyatçılar onu o qədər döyüblər, məcbur qalıb…”

Həsən Rzayev iddia edir ki, hüquq-mühafizə orqanları əməliyyatın miqyasını daha böyük göstərmək, həbs olunanların sayını artırmaq üçün onun oğlunu da bu işə qoşublar. Onun sözlərinə görə, digər iki nəfərdən – Məhəmməd Məmmədov və Süleyman Musazadədən işgəncə altında Pərvinə qarşı ifadə alıblar.

O, oğlunun hadisə vaxtı oradan qaçmasını onun affekt vəziyyətə düşməsiylə izah edir. Deyir ki, idmançı görkəmində olan çoxsaylı adamların hücum etdiyini görüb, avtomatik özünümüdafiə instinkti yaranıb:

“Pərvin qaçıb gizlənməyib, evə gəlib. İki gün sonra onu evdən aparıblar. Süleyman məhkəmədə də dedi ki, əlbirlik nədir, heç oğlumu tanımayıb. Məhəmməd isə bildirdi ki, əməliyyatçılar onu o qədər döyüblər, məcbur qalıb, Pərvinin də onlarla əlbir olması haqda ifadəyə qol çəkib”.

Atası düşünür ki, Pərvin Rzayev hüquq-mühafizə orqanı əməkdaşlarının avtomobilini əzdiyinə görə ona qarşı xüsusi qərəzli olublar. Həsən Rzayevin sözlərinə görə, oğlunun idarə etdiyi avtomobil onun adınadır. Amma avtomobili ona qaytarmırlar:

“Mənim əmlakım olan avtomobili özümə qaytarmırlar, hadisədən sonra aparıb Gömrük Komitəsinin cərimə meydançasına atıblar. Maşının bu cinayət işi üçün sübut kimi əhəmiyyəti yoxdur. Gedib əmlakımı istəyirəm, vermirlər. Deyirlər ki, “oğlun bizim maşını əzəndə yaxşı idi?!” Bu, nə yanaşmadır?”

“Alnında metal qəlpə var”

Həsən Rzayev əlavə edib ki, oğlunun səhhətində ciddi problemlər var, alın nahiyəsində qəlpə qalıb. O, 14 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində mina partlayışı nəticəsində yaralanıb.

“Sağ baldırından yaralanıb, alnında da metal qəlpə var. İki uşağı atalarını soruşanda qalıram ki, nə cavab verim? Yalan demişəm ki, Moskvadadır, işləməyə gedib. Pərvin “Azərsu”da işləyirdi, işini, ailəsini qoyub, könüllü döyüşə getdi. Qayıdandan sonra da elə öz işində-gücündə idi…”, – Həsən Rzayev əlavə edib.

Dövlət Gömrük Komitəsindən Meydan TV-yə bildirilib ki, sözügedən əməliyyatı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi birgə həyata keçirib:

“Xocasən yolunun kənarında, yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Rzayevin idarə etdiyi avtomobillə həmin əraziyə gələn Məhəmməd Məmmədov İrandan gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı olan gömrük əməkdaşına satarkən saxlanılıb. Məhəmməd Məmmədovun saxlanıldığını görən Pərvin Rzayev idarə etdiyi avtomobili gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq, hadisə yerindən qaçıb. Məhəmməd Məmmədovdan götürülmüş çantaya baxış zamanı içərisində doqquz bağlamada 8720,6 qram tiryək aşkar edilib”.

Maşının qaytarılmasına gəlincə, qurumdan bu haqda məlumat verilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button