SEÇMƏ

Qarabağa Qayıdış planı: nə var, nə yox…

“Proqramın “Tədbirlər Planı”na qədər 9 bölməlik hissəsi söz yığınıdır”

2022‒2025-ci illərdə Qarabağa 10 min 270 ailənin köçürülməsi gözlənilir.

Sonrakı bir il ərzində isə, yəni 2026-cı ildə 24 min 230 ailənin köçürülməsi planlaşdırılır.

Ümumilikdə 5 il ərzində Qarabağa 34 min 500 ailənin köçürülməsi gözlənilir.

Bu barədə “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair” I dövlət proqramında bildirilir.

Proqram əsas 4 hissədən ibarətdir:
İnfrastruktur;
İqtisadiyyatın yenidən qurulması;
Sosial inkişaf;
Ətraf mühitin tarazlı inkişafı.

İnfrastruktura ərazilərin minalardan təmizlənməsi, daha sonra şəhər, qəsəbə və kənd salınması daxildir.

Növbəti mərhələdə yol, su, qaz, elektrik xətlərinin yenidən qurulması planlaşdırılıb.

İqtisadiyyatın yenidən qurulmasına gəlincə, bura investisiyaların cəlb olunması, sahibkarlıq mühitinin formalaşdırılması daxil edilib.

Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi də plandadır.

Eyni zamanda, yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, turizmin inkişafı nəzərdə tutulub.

Sosial inkişaf bölümünə insanların həyat səviyyəsinin yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təhsil, səhiyyə və sosial xidmətlərin təmin olunması daxil edilib.

Ətraf mühitin tarazlı inkişafı bölümündə isə təbii ehtiyatlardan effektiv istifadə, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi planlaşdırılır.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, proqramın “Tədbirlər Planı”na qədər 9 bölməlik hissəsi söz və ifadələr yığınıdır.

Bölmə başlıqlarında qoyulan məsələlər mətndə əsaslandırılmayıb.

Onun fikrincə, bu proqramda da digərlərində olduğu kimi “qabaqcıl standartlar”, “ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən istifadə”, “əlverişli biznes mühitinin yaradılması”, “innovativ texnologiyaların tətbiqi” kimi səslənişi təmtəraqlı, içiboş ifadələrdən genbol istifadə olunub.

Qubad İbadoğlu: Foto: Meydan TV

İqtisadçı qeyd edir ki, proqramda 5 ilə Qarabağa 34 min 500 ailənin köçürüləcəyi qeyd olunub.

Bu, real rəqəmə oxşamır, çünki bugünədək Qarabağa (Zəngilanın Ağalı kəndinə) cəmi 66 ailə (325 nəfər) köçürülüb və gələn ilin martına kimi daha 100 nəfərin köçürülməsi planlaşdırılır:

O halda Proqramda qoyulan o kiçik hədəf əslində çox əlçatmaz və qeyri-real görünür”.

Qubad İbadoğlu deyir ki, Dövlət Proqramının hazırlanması prosesində qanunvericiliyin tələbləri də pozulub. Məsələn, proqram layihəsinin ictmai müzakirəsi keçirilməyib.

Eyni zamanda, proqramın 7-ci bölməsinin 1-ci hissəsində (Minalardan təmizləmə müddəti) qeyd olunur.

Burada işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər:

Burada “proqnozlaşdırılan müddət” dedikdə, nə nəzərdə tutulduğu açıqlanmır. Ümumiyyətlə, belə bir proqnoz varmı, yoxsa bir neçə ay öncə Prezidentin səsləndirdiyi 30 il kimi şişirdilmiş müddətdən söhbət gedir, bilinmir. Xülasə, ictimaiyyətə və müstəqil ekspertlərə belə bir proqnozlaşdırmanın mövcudluğu məlum deyil”.

Gözdən qaçırmayın:  Əli Əliyev: “Əgər fəaliyyətim ölkə üçün bu qədər narahatlıq yaradırsa, siyasətdən getməyə hazıram”

İqtisadçı düşünür ki, proqramda (6.2.1.Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili) minatəmizləmənin “Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına” uyğun aparıldığı yazılır. Yaxşı olardı ki, bu fəaliyyət planı ictimaiyyət üçün açıq olsun:

Təəssüf ki, Nazirlər Kabinetinin ötən ilin dekabrın 25-dək təsdiq etdiyi bu Plan açıqlanmır. Çünki açıqlansa, hamıya məlum olar ki, ilk növbədə yaşayış məntəqələri yox, məmurların əkdikləri torpaqlar, onlara gedən yollar, çəkilən suvarma kanalları üçün lazım olan sahələr minalardan təmizlənir”.

Qubad İbadoğlu bildirir ki, proqramın maliyyələşmə mənbələri (8. Dövlət Proqramının maliyyələşmə mənbələri) arasında Azərbaycan Biznesinin İnkişafı Fondu da göstərilir, ancaq belə bir fond fəaliyyət göstərmir. Onun yaradılması nəzərdə tutulsa da, ötən 1 ildən çox müddətdə Fondu yaratmağı unudublar. Bundan əlavə, proqramda yazılır:

Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur”.

Buradan və Dövlət Proqramının Tədbirlər Planından belə başa düşülür ki, 2026-cı ilədək Qarabağa köçürülənlərə pay torpaqları ayrılmayacaq, torpaq islahatı keçirilməyəcək, bələdiyyələr fəaliyyət göstərməyəcək, məcburi köçkünlük dövründə olduğu kimi Qarabağ əhalisinə icma kimi yanaşılacaq, məcburi köçkünlər yalnız məmurların torpaqlarında və şirkətlərində işləmək üçün işçi qüvvəsi tələbinə uyğun və lazım olan həddə hissə-hissə Qarabağa köçürüləcək”, – deyə iqtisadçı bildirib.

İqtisadçı deyir ki, proqramda Qarabağ bölgəsinin turizm potensialından ağızdolusu danışılır.

Tədbilər Planında turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyalarının hazırlanması fəaliyyəti nəzərdə tutulur:

“Lakin 2026-cı il də daxil olmaqla, 34 500 ailənin köçürülməsinin hədəf kimi qoyulduğu qapalı Qarabağ bölgəsində turizmin inkişafından danışmaq, yumşaq şəkildə desək, gülüş doğurur”.

İyulun 19-da işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndinə köçürülmə prosesinə başlanılıb.

Ağalı kəndində 200 ev inşa olunub. Həmin evlərin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrdən əldə edilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsində Azərbaycan Dağlıq Qarabağı və ətraf yeddi rayonu itirmişdi.

2020-ci ildə 44 günlük müharibədə Azərbaycan işğal edilmiş ərazilərin böyük hissəsi üzərində nəzarəti bərpa edib.

Bundan sonra orda minadan təmizləmə işlərinə, dağıdılmış infrastrukturun yenidən qurulmasına başlanıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button