Qarabağa qayıtmaq istəməyən ermənilər nə deyirlər? – Qərb mediası


Jurnalist Endryu Konneli Politico media şəbəkəsinin saytında dərc olunmuş məqaləsində yazır ki, Azərbaycan və Ermənistan arasında müharibə “Cənubi Qafqazın sərhədlərini” dəyişib vənəticədə on minlərlə etnik erməni qaçqına çevrilib.

Dağlıq Qarabağın separatçı rejimi belələrinin sayının 90 minlə 150 min arasında olduğunu iddia edir.

Məqalədə deyilir ki, qaçqınların əksəriyyəti Ermənistanın paytaxtı Yerevana pənah gətirib. Ermənistan onların yerləşdirilməsində ciddi çətinlik çəkir. Son məlumatlara görə müharibə dayanandan bəri 25 minədək erməni Dağlıq Qarabağa qayıdıb.

Politico müxbiri Qarabağa qayıdanlardan bəziləri ilə söhbət edib.

64 yaşlı Areqa Poqosyan Xocavənddəki (Martuni) evini bir ay əvvəl tərk etmişdi. Müharibə nəticəsində evinə ciddi ziyan dəyməsi onun qayıtmasına mane olmayıb:

“Qızım və 6 nəvəm var. Onlar da mənimlə qayıdıblar. Elektrikimiz, qazımız yoxdur. Şam və odundan istifadə edirik. Biz salamat qalacağıq. Bura mənim evimdir. Köçməkdənsə burada acından ölmək yaxşıdır”.

Politico müxbiri yazır ki, amma heç də hamı belə qətiyyəti bölüşmür.

Yerevan ətrafında hökumətin köçkünklər üçün yaratdığı sığınacaqda yaşayan 62 yaşlı Onnik Davidyan öz kəndindəki klubda kinomexanik işləyib.

Davidyanın Ağdərə rayonundakı kəndi ermənilərin nəzarətində qalıb. Amma qonşuluqdakı kəndlər Azərbaycan ordusunun nəzarətindədir. Davidyan qayıdacağına elə də əmin deyil:

“Nəyimiz var orda? Mühasirədə qalmışıq. Mən bilirdim ki, torpağı vermək ölümə bərabərdir. Paşinyan istefa verməlidir. Ən düz hərəkət bu olardı”.

 

“Azərbaycanlılar köçkünlüyün ağrısını bilirlər”

Politico yazır ki, Azərbaycan qələbəni bayram edir, lakin bildirib ki, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir kəsin hüquqları müdafiə olunacaq. Məqalədə deyilir:

“Azərbaycanlılar köçkünlüyün ağrısını bilirlər. 1990-larda baş vermis birinci Qarabağ müharibəsində yüz minlərlə azərbaycanlı erməni qüvvələri tərəfindən Qarabağ və onun ətrafındakı evlərindən qovulub. Onlardan bir çoxu Azərbaycanın geri götürdüyü ərazilərə qayıtmaq ümidi ilə yaşayır”.

Konneli yazır ki, buna baxmayaraq bir çox ermənilər Azərbaycanın hakimiyyəti altında təhlükəsiz yaşayacaqlarına inanmırlar və Qarabağa qayıdacaqlarına çox az ümid edirlər.

Dekabrın 1-də Azərbaycana qaytarılmalı olan Laçında yaşayan 62 yaşlı pensiyaçı Hrant Yardumyan deyir:

“Mən heç kimə inanmıram. Nə Azərbaycana, nə Rusiyaya, nə də Ermənistana. Laçın daha təhlükəsiz bir yer deyil. Düşmən qapı ağzındadır”.

 

“Əgər sizdə bircə damcı vətənpərvərlik qanı varsa…”

Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan deyir ki, qanunçuluq, mülkiyyət hüququ və Dağlıq Qarabağın siyasi statusu ətrafında qeyri-müəyyənlik qaldıqca əksəriyyət ora qayıtmaq istəməyəcək:

“Əgər hər hansı bir erməni və ya azərbaycanlı bir-birinin ərazisinə daxil olsalar həmin adamın başına nə gələcək? Onları hansı qurum mühakimə edəcək? Həyatın olduğu kimi qalacağını düşünmək sadəlövhlük olardı. Əsas fərq yerli adamların dəyişikliyə necə baxacağı ilə bağlıdır. Alçalma və daimi təhlükə altında yaşamaq və yaxud təhlükəsizlikdə və əmin-amanlıqda yaşamaq”.

27 yaşlı Ani Hayrapetyan qızı ilə birlikdə Şuşadan qaçıb, amma o vaxt onun kişi qohumları şəhəri müdafiə etmək üçün orda qalmışdılar:

“Mənim ərim vidalaşmaq üçün iki dəfə zəng etmişdi”.

Uşaqlar üçün əyləncə biznesi işlədən ər-arvad axırı ki, bir-birinə qovuşa biliblər. Amma Azərbaycan tərəfindən geri alınan Şuşanın 4 min sakini köç etməli olub.

Hayrapetyan və ailəsi hazırda Yerevanda bir qohumun mənziilində qalırlar. Şəhər onları mehriban qarşılayıb. Amma burada baş vermis bir hadisə, qızını məktəbə düzəltməkdə çətinlik çəkməsi onu nigaran qoyub: Görəsən yerlilərin köçkünlərə münasibəti pisləməyəcək ki?

“Orda bir psixoloq gəlib üstümüzə qışqırdı: “Əgər sizdə bircə damcı vətənpərvərlik qanı varsa, qayıdın Qarabağa. Bizim əsgərlərimiz sizə görə ölüblər”.

 

Qara bayraqlar

Politico yazır ki, ötən həftə Avropa Komissiyası münaqişədən zərər çəkən mülkilər üçün 3 milyon avro ayıracağını bildirib, Rusiya isə tikinti materialları və dava-dərman vəd edib. Amma hələlik qaçqınlara mənzillərinin qapısını açan və onlar üçün vəsait toplayan adi insanlardır.

64 yaşlı Zabella Berberyan Yerevanın dağlıq hissəsində yerləşən otelin sahibidir. Hazırda oteldə Dağlıq Qarabağdan olan 40 qaçqını yerləşdirib. Onların xərcini Amerikadakı erməni diasporası çəkir. Otelin giriş qapısından qara bayraq asılıb. Belə bayraqlar müharibədə həlak olanların evlərindən asılır.

Berberyan deyir ki, 3 milyonluq əhalisi olan Ermənistanda bu müharibədə kimisə həlak olmayan yoxdur.

Ermənistan tərəfi bu müharibədə 2500 nəfəri itirdiyini bildirir. Amma bu rəqəmin yüksələcəyi gözlənilir, çünki döyüş meydanlarından yığılan meyitləri hələ də gətirirlər.

Berberyan iPad-dindəki şəkli göstərir. Bir neçə həftə bundan əvvəl çəkilib. Burada 20-dək cavan sıraya düzülüb:

“Onlar könüllü idilər. 2-3-nü çıxmaq şərtilə hamısı eyni dron zərbəsində həlak olub”.

 

“Biz tarix boyu düşmən olmuşuq”

Berberyanın otelində qalanların əksəriyyəti Xankəndidəndir. Bu şəhər ermənilərin nəzarətində qalacaq, amma 5 kilometr aralıda və yüksəkdə yerləşən Şuşanın kölgəsində yaşamalı olacaq.

Təmas xətti boyunca 2000-dək Rusiya sülhməramlısının yerləşdirilməsinə baxmayaraq azərbaycanlılarla yaxınlıq bir çoxlarını narahat edir.

45 yaşlı qaçqın Rozanna Arestamyan Rusiya sülhməramlılarının onları qoruyacağından, özünün isə geriyə qayıdacağından əmin deyil. O deyir ki, “bizi ruslar yox, ermənilər qorumalıdır”.

Xankəndidən olan başqa bir qadın isə deyir:

“Bizim (azərbaycanlılarla) bir yerdə yaşamamız mümkün deyil. Biz onlarla tarix boyu düşmən olmuşuq. Bəli ruslar oradadırlar, amma azərbaycanlılar Şuşadır. İstədikləri vaxt bizi atəşə tuta bilərlər. Biz ora qayıtmayacağıq”.

Xankəndidə yerli icra nümayəndəsi işləyən bir kişi də söhbətə qoşulur:

“Biz rusların orada olmasını istəməzdik, amma biz Rusiyaya hər hansı Avropa ölkəsindən daha çox güvənirik. Avropa ölkələri bizim üçün boş danışıqdan başqa heç nə etməyib. Biz iki pisdən yaxşısını seçmişik”.

 

“Çoxları ya Ermənistanda qalacaq, ya da Rusiyaya köçəcək”

Konneli Yerevan avtovağzalında gözləyən 34 yaşlı Ağavnik Balasaryanla da söhbət edib. O üç uşağı ilə birlikdə Xankəndiyə qayıtmaq üçün avtobus gözləyirdi. Xankəndidə uşaq xəstəxanasında tibb bacısı işləyib:

“Biz orada dəhşətlər gördük. Əsgərləri elə yaralarla gətirirdilər ki, heç vaxt unutmaram. Şükür Allaha bizim evimiz salamatdır. Amma evlərini itirənlər üçün kədərlənirəm. Bəziləri qayıdırlar, bəziləri burda qalırlar, amma çoxları Ermənistanda qalacaq, ya da Rusiyaya köçəcəklər”.

Amma Ağavnikin balaca oğlu atası kimi əsgər olmaq istəyir:

 “Mən silah istəyirəm!”

Anası soruşur: “Sən silahı türkləri (azərbaycanlıları – red) öldürmək üçün istəyirsən?”

Üç yaşlı oğlan deyir: “Mən silah istəyirəm ki, türkləri öldürüm!”

Anası isə avtobusa minməzdən əvvəl bildirir:

“Müharibədən əvvəl biz azad idik. İndi gedirik görək, hələ də azadıqmı?”

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar