2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağda “tufanqabağı sakitlik” – Düşmən fürsət gözləyir

Bir müddət öncə Azərbaycanın İsrail istehsalı olan “Dəmir günbəz”lər alması, həmçinin “İldırım” raket komplekslərindən atışların yerinə yetirilməsi cəbhə xəttində də ənənəvi təxribatlara ara verilməsinə səbəb olub. Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftə də təlimlər davam etdirilib.

Bildirilir ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması məqsədilə qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə “S-125″ zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib. Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.
Ermənistana hərtərəfli dəstək verən Kreml isə işğalı stimullaşdırmaqda davam edir. “Rusiya Azərbaycana ”İsgəndər” raketləri satmayacaq”, – deyə Ermənistanın tert.am portalına müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, general Viktor Vodolaski bildirib (modern.az). Onun sözlərinə görə, vaxtilə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin sədr müavini olduğundan çox şeydən xəbərdardır.
Image result for Aprel döyüşləri
“Buna görə də mən çox şeyi yaxşı bilirəm. Bu məsələ müdafiə, təhlükəsizliklə, Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Biz ”İsgəndər” raketini yalnız bir ölkəyə satmışıq – o da Ermənistandır. “İsgəndər” başqa heç bir ölkəyə satılmayacaq”, – deyə o əlavə edib. Vodolaski qeyd edib ki, Rusiya Azərbaycana hücum xarakterli silahlar satmır.
Deputat Ermənistanın Rusiyanın icazəsi olmadan “İsgəndər” raketlərindən istifadə edə bilməyəcəyi haqda fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, raketlər Ermənistana satıldığından bu, artıq həmin ölkənin mülkiyyətidir.
***
Göründüyü kimi, Rusiya generalı açıq şəkildə düşmənə dəstək mesajı verib, Ermənistanı narahat olmamağa çağırış etmiş olub.
Image result for Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ermənistanda “İsgəndər” raketlərini yerləşdirməsi xəbərinin yayılması Azərbaycan hakimiyyətini və cəmiyyətini narahat etdi: “Çünki biz Rusiyadan silahı pulla alırıq, bunun müqabilində Moskva silahları Ermənistana peşkəş verir. Bunun nəticəsində rəsmi Bakı tərəfdaş ölkələr olan Pakistan və İsraillə hərbi əməkdaşlığı genişləndirmək üçün danışıqları intensivləşdirib. Azərbaycan artıq İsraildən ”Dəmir günbəz” raketdən müdafiə sistemini alıb. Əslində hadisələrin bu istiqamətdə inkişafı Rusiyanın maraqlarına cavab verməməlidir. Rusiyanın baş naziri Dmitri Medvedyev dekabrın 15-də Rusiyanın televiziya kanallarına geniş müsahibəsində demişdi ki, bütün çətinliklərə baxmayaraq Rusiya gələn il bütün indikatorlar üzrə inkişaf edəcək və buna misal olaraq artan silah satışını göstərmişdi. Medvedyevin sözlərinə görə, bu il 17 milyard dollar civarında silah satan Rusiya gələn il bu rəqəmi 20 milyard dollara çatdırmağı planlaşdırır. Azərbaycan Rusiyanın əsas silah alıcılarındandır. Ancaq Moskva bizə “İsgəndər” raketlərini satmayacaqsa, biz oxşar kompleksi başqa ölkədən alacağıq və milyardlarla dollar gəlir Rusiyaya yox, həmin ölkəyə, o cümlədən İsrailə çatacaq. İsrailin baş naziri Benyamin Netanyahudan dərhal sonra Bakıya Rusiya baş nazirinin müavini Dmitri Roqozin səfər etdi. Roqozin rəsmi Bakının əsas sualına cavab verməli idi: Rusiya Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərini Azərbaycana satmağa hazırdırmı? Görünür, Roqozin bu suala cavab verə bilməyib. Çünki “İsgəndər” raketlərinin Azərbaycana satılıb-satılmaması yalnız Roqozindən asılı  məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var. Ancaq əgər Roqozindən başda oturanlar “İsgəndər” raketlərini Azərbaycana satmayacaqlarsa, bu, həm Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək, həm də rəsmi Bakı istər-istəməz başqa ölkələrinin silah bazarına yönəlmək məcburiyyətində qalacaq”.
Image result for Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov isə işğalçının ehtiyatlandığını təsdiqlədi. Ancaq bunun “tufanqabağı sakitlik” olmasını da istisna etmədi: “Ermənistanın gündəlik mətbuatına baxıram və hiss olunur ki, bədnam qonşularımızı Azərbaycanın İsraildən ”Dəmir günbəz” raketdən müdafiə sistemini alması xəbəri çox susdurub. Sentyabrdan bu günə guruldayan politoloq və ekspertlər nədənsə gözə dəymirlər. Danışanlar da çalışırlar ki, bu mövzuya səthi toxunsunlar. Doğrudur, cəbhədə zahiri nisbi sakitlik mənzərəsi görünsə də, əslində qoşunların təmas xəttində çox böyük gərginlik hökm sürür. Atəşkəs hər gün pozulur. Yeni il ərəfəsi sözsüz ki, təxribatların olması gözləniləndir. Azərbaycanın “Barak-8″ raketlərini də nümayiş etdirməsi düşmənlərimizin əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib”.
Amma Ü.Cəfərov hesab edir ki, yaxın vaxtlarda yenə çox ciddi qarşıdurmanın şahidi olacağıq: “Ermənistan cəbhənin ön xəttinə xeyli sayda canlı qüvvə və silah-sursat, ağır texnika cəmləyib. Ona görə də Müdafiə Nazirliyimiz yəqin ki bunları izləyir və vəziyyətə adekvat addımlar planlaşdırır. Düşməndən istənilən an yaramazlıqlar gözləmək mümkündür və adətən ilin bu vaxtı onlar daha çox aktivlik nümayiş etdirirlər”.
Yeri gəlmişkən, Serj Sərkisyan Qarabağa son səfərindən sonra müharibə hazırlığı barədə tapşırıq vermişdi. Bu isə savaşın hər an başlaya biləcəyini deməyə imkan verir. Düşmən apreldə uduzduğu mövqeləri qaytarmaq üçün fürsət gözləyir…
***
“Qarabağ cəbhəsində müharibə riski hər gün var. Bu risk zamandan daha çox regionda baş verən proseslərdən, status-kvonu qoruyub saxlamağa çalışan güclərin maraqlarından, Ermənistan hakimiyyətinin, daha dəqiq desək, Ermənistanı himayə edənlərin davranışlarından asılıdır”.
Image result for Politoloq Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli bu fikri “Yeni Müsavat”a Qarabağ münaqişəsi ilə bağlı situasiyanı şərh edərkən bildirdi. Qeyd edək ki, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu isə işğalçı ölkənin gündəmini tamamilə dəyişəcək: “Son gəlişmələri, xüsusilə də eks-prezident Levon Ter-Petrosyanın səhnəyə çıxması, Xocalı qatilləri Robert Köçəryan və Seyran Ohanyanın öz tərəfdarlarını birləşdirməsi qarşıdakı dönəmdə gərgin siyasi mübarizənin şahidi olacağımızı deməyə imkan verir. Güman olunur ki, işğalçı ölkə məhz seçkiləri özü üçün prioritet hesab etdiyinə görə Qarabağ danışıqlarının növbəti raundundan imtina edib. Əslində düşmən ölkə ən müxtəlif ssenarilərlə Qarabağ məsələsini arxa plana keçirməyə, zaman qazanmağa çalışır”.
Image result for Aprel döyüşləri
E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə var gücü ilə status-kvonun saxlanmasına çalışır: “ATƏT xarici işlər nazirlərinin Hamburqda keçirilən toplantısı və toplantı çərçivəsində düzənlənən ”şam yeməyi formatı” əslində bir sıra məqamlara aydınlıq gətirdi. Bəlli oldu ki, Ermənistan hakimiyyəti prosesin seçkilərədək uzadılmasında maraqlıdır və bu müddət ərzində ölkə daxilində hər hansı bir ciddi müqavimət olmazsa, hərbi-cinayətkar rejim bu seçkiləri də Qarabağ amili üzərində quracaq”.
Lakin növbəti illərlə bağlı ümidsiz olmayan E.Mirzəbəyli hesab edir ki, 2017-ci ili daha öncəki illərdən fərqləndirə biləcək bir neçə mühüm amil var: “Bunlardan birincisi, Bakıda əsası qoyulan Sülh platforması və bu platformaya qoşulan erməni fəallarıdır. Bu, işğal prosesinin başlandığı dövrdən üzü bu yana nəzərə çarpan ilk miqyaslı hadisədir. Digər amil Azərbaycan torpaqlarının işğalı prosesinin əsas fiqurlarından biri və münaqişənin həlli istiqamətində real addımlar atmaq istədiyi üçün hakimiyyətdən uzaqlaşdırılan, Ermənistanın indiki iqtidarının ən güclü və real alternativi Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresinin seçkilərə ”Sülh, barışıq, mehriban qonşuluq” şüarı ilə gedəcəklərini açıqlamasıdır. Ter-Petrosyanın Erməni Milli Konqresinin toplantısındakı geniş nitqində yer alan tezisləri nəzərə alsaq, sabiq prezidentin münaqişənin həlli ilə bağlı təkcə öz arzu və istəklərinə deyil, eyni zamanda reallıqlara söykənən çağırışlar etdiyini müəyyənləşdirmək olar”.
Politoloq xatırlatdı ki, son 25 ildə Ermənistanda keçirilən bütün seçkilərdə işğal altında olan Azərbaycan torpaqları ilə bağlı hərbi ritorika, qələbə eyforiyası və bu eyforiyadan qaynaqlanan iddialar üstünlük təşkil edib. Yəni opponentlər arasında başqa bir alternativ yanaşma olmayıb: “Amma indi tamamilə fərqli situasiya yaranıb və Ermənistan cəmiyyətinə, dünyaya fərqli alternativ təqdim olunur. Bu alternativ Ermənistanın yeganə xilas yolu olduğu üçün daha cazibədar görünür. Ermənistandakı heç bir siyasi qüvvə müstəqil olmadığı kimi, Ter-Petrosyan da müstəqil deyil. Onun ”münaqişənin açarının Rusiyanın əlində olması” barədə dediklərini də təsadüfi saymıram. Bu fikir Ter-Petrosyanın sülh və mehriban qonşuluq barədə söylədiyi fikirlərin təkcə ona məxsus olmaması barədə mesaj təəssüratı yaradır. Başqa bir önəmli amil Azərbaycanın hərbi potensialının güclənməsi, Azərbaycan-İsrail hərbi əməkdaşlığının Ermənistandakı “İsgəndər” eyforiyasını sıradan çıxarması, Moskvanın baş verənlərə münasibətdə nümayiş etdirdiyi loyallıq, Azərbaycan-Rusiya və Türkiyə-Rusiya münasibətlərində nəzərə çarpan yaxınlaşma ilə bağlıdır. Bütün bunlara kompleks şəkildə yanaşdıqda, qarşıdakı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımların atıla biləcəyini düşünmək olar”.
E.Mirzəbəyli qeyd etdi ki, Ermənistan daxilində ciddi kataklizmlərin baş verəcəyi də gözləniləndir: “Bizim üzərimizə düşən isə ölkənin davamlı və sabit inkişafını təmin etmək üçün həyata keçirilən islahatları dəstəkləmək, həmrəy olmaq, dövlətimizin gücünə, xalqımızın potensialına inanmaqdır. 2017-ci il Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində dönüş ili olacaq”.(musavat,com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button