Loading...
Loading...
Gündəm

Qarabağda yeni müharibə? Bakı və Yerevan bir-birini ittiham edir və…

Rusiya sülhməramlılarının iştirakı ilə vəziyyət az-çox nəzarət altına alınsa da, Ermənistan-Azərbaycan münaqişəsinin gələcək inkişafını müəyyən edə biləcək təməl məsələlər qalmaqdadır. Biz bu barədə bölgə üzrə ekspertlərlə danışdıq.

Azərbaycan 1990-cı illərdəki müharibəni uduzaraq Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarəti itirdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən ikinci müharibədə erməni tərəfi məğlub oldu.

2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan, AzərbaycanRusiya arasında imzalanan razılaşmaya əsasən, ermənilər Qarabağ ətrafındakı əraziləri azərbaycanlılara qaytardı, Qarabağın özündə isə Rusiya sülhməramlıları peyda oldu.

Azərbaycan həmçinin hər iki tərəf üçün simvolik və strateji əhəmiyyətə malik regionun mədəni paytaxtı – Şuşaya nəzarətini bərpa etdi.

Sülhməramlılar təmas xəttində keşik çəkirlər – onun bir tərəfində Qarabağ erməniləri və erməni hərbçiləri, digər tərəfdə isə Azərbaycan qoşunları yerləşir.

Laçın dəhlizi hara aparır?

Hazırda Qarabağı Ermənistanla Laçın dəhlizi adlandırılan yol birləşdirir. Bu yol keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda, hələ birinci müharibə zamanı erməni qüvvələri tərəfindən ələ keçirilən Azərbaycanın Laçın şəhərindən keçir. Hazırda yola Rusiya sülhməramlıları nəzarət edir.

2020-ci il razılaşmasındakı öhdəliyə əsasən, Ermənistan tərəfi üç il ərzində Laçını bu dəhliz ilə birlikdə Azərbaycana qaytarmalıdır.

Qarabağ erməniləri isə Ermənistana hələ tikilən alternativ yolla getməli olacaqlar.

Avqustun 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “Armenpress” agentliyinə açıqlamasında deyib ki, Azərbaycanın Laçın dəhlizi ilə bağlı tələbi qanunsuzdur, çünki Ermənistan tərəfi yeni yolun inşasına dair hər hansı bir planla razılaşmayıb.

Azərbaycan isə bildirir ki, cavabdeh olduğu yolun bir hissəsini tikdiyi halda, Ermənistan ona məxsus hissənin inşasını gecikdirir.

Bununla belə, avqustun 4-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Laçına alternativ yolun fəal şəkildə tikildiyini və gələn ilin yazınadək tamamlanacağını bildirib.

Erməni jurnalist Mark Qriqoryan hesab edir ki, barışıq üçün azərbaycanlı əhalini Laçına qaytarmaqla, mövcud yoldan istifadə etmək daha faydalı olardı. “Seqreqasiyaya belə meyil – pisdir”.

Onun sözlərinə görə, artıq Qarabağdakı yolların birindən həm azərbaycanlılar, həm də ermənilər istifadə edir və Rusiya nəzarət-buraxılış məntəqələrində üç dildə – rus, erməni və Azərbaycan dillərində yazılar var.

“Əksinə, eyni yolla getməyə imkan vermək lazımdır, qoy azərbaycanlılar orada çayxana, ermənilər isə onun yanında qəhvəxana qoysunlar”, – Qriqoryan təklif edir.

Azərbaycanlı hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, Rusiya sülhməramlılarının əvəzinə beynəlxalq monitorinq mərkəzi problemin həllinə kömək edə bilərdi – onda “insanlar vəziyyətdən çıxış yolu tapa bilərdilər, lakin [hələ ki] heç bir tərəf qarşısına sülhməramlı məqsədlər qoymur”.

Qantökmə niyə baş verdi?

Hətta Ermənistan-Azərbaycan münaqişəsindəki prosesləri uzun müddət izləyənlər belə, son kəskinləşmənin niyə baş verdiyini yalnız təxmin edə bilərlər: təhlil oluna biləcək məlumatlar çox qıtdır.

Arzu Abdullayeva baş verənlərə görə Rusiyanı ittiham edir. “Qarabağdakı ermənilər Rusiyanın iştirakı olmadan istehkamlar tikə və atəş aça bilməzdilər”. Hüquq müdafiəçisinin fikrincə, Rusiya hər iki tərəfə təsir göstərməklə regionda öz mövqeyini möhkəmlətməyə çalışır.

Bəziləri hesab edirlər ki, Qarabağdakı erməni qüvvələrinə zərbələr danışıqları sürətləndirmək üçün Ermənistana qarşı təzyiq vasitəsi ola bilər

Jurnalist Mark Qriqoryan hesab edir ki, Ermənistan həqiqətən də alternativ yolun inşasını gecikdirir və Azərbaycan onu tələsdirməyə çalışır. “Biz bilirik ki, güzəştlər tələb olunanda belə [hərbi – red.] üsullardan istifadə olunur və baş verən hər belə insident nəticəsində Əliyev öz mövqelərini gücləndirir: ya strateji yüksəkliyi tuturlar, ya da gölü”.

Qarabağ münaqişəsi üzrə azərbaycanlı tarixçi Arif Yunus qeyd edir ki, bu ilin yazında Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşlərindən sonra rəsmi Bakının ritorikası daha dinc xarakter aldı, lakin yayda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfərindən sonra hər şey dəyişib.

Tarixçinin fikrincə, Bakı Moskva ilə koordinasiya olmadan heç nə etmir və Rusiya regionun qeyri-sabit qalmasında maraqlıdır: “Bu münaqişədə üç tərəf var və üçüncü tərəf olan Rusiya üçün digər iki tərəf boks armudu kimi bir şeydir”.

Onun fikrincə, gərginlik son nəticədə Rusiya üçün sərfəlidir, çünki sülh razılaşması əldə olunarsa, gec-tez münaqişə tərəfləri belə sual verəcəklər: “Bəs, niyə Gümrüdə (Ermənistan – BBC) Rusiya bazası və Qarabağda sülhməramlılar mövcuddur?”.

Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz üzrə baş elmi tədqiqatçısı Olesya Vartanyan deyir ki, Yerevanı Qarabağın erməni əhalisi üçün təhlükəsizlik zəmanəti tələbindən imtinaya məcbur edən Azərbaycan “Yerevana əlavə təzyiq göstərməyə çalışır”.

Eyni zamanda, təhlilçi xatırladır ki, Ermənistan rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır – bu, qalibin irəli sürdüyü sülh planının müddəalarından biridir və o, sanki bundan imtinanın nəyə başa gələ biləcəyi barədə xəbərdarlıq edir.

Minanı zərərsizləşdirən hərbçi
Rusiya sülhməramlıları Qarabağda minalardan təmizləmə ilə məşğul olurlar

Azərbaycanın beş təklifi

Vartanyanın toxunduğu məqamlar Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü tələblərdir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyul aynda deyib ki, Qarabağ məsələsi “[Ermənistan üçün] ərazi məsələsi deyil” və “[Ermənistan üçün] prinsipial əhəmiyyət kəsb edən Qarabağ ermənilərinin təhlükəsizliyi və haqlarıdır”.

O əlavə edib ki, Azərbaycanın təklif etdiyi beş bənddə “qəbuledilməz heç nə yoxdur”.

Azərbaycanın təklif etdiyi beş bəndlik plan

  • Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması
  • Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi
  • Hədə və gücdən istifadə etməkdən çəkinmək
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası
  • Nəqliyyat və kommunikasiyaların açılışı

Yerevan ənənəvi olaraq tanınmamış “Dağlıq Qarabağ Respublikası” üçün öz müqəddəratını təyinetmə hüququnu, yəni Azərbaycandan ayrılma ilə nəticələnəcək referendum tələb edirdi.

Bakı isə Dağlıq Qarabağın adını belə unutmağı təklif edir və israr edir ki, onun sakinləri hətta muxtariyyət hüququna belə malik deyillər.

Ümumi mənzərə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan parlamentində illik hesabatla çıxışı vaxtı və Əliyevlə müzakirələr barədə məlumatından sonra aydınlaşıb: “Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və haqlar qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və haqlar qarantiyalarını qoyuruq və bundan status məsələsi irəli gəlir”.

Əli tüfəngli şəxsi necə adlandırmalı?

Laçın dəhlizi və Qarabağdakı erməni hərbçiləri bu gün tərəflər arasında müzakirə olunan iki əsas məsələdir.

Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurası bəyan edib ki, erməni hərbçiləri – yəni Qarabağdan deyil, Ermənistan Respublikasından olan hərbçilər sentyabra kimi Qarabağı tərk edəcəklər.

Lakin avqustun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, silahlılar çıxarılmır və bununla da Yerevan üçtərəfli razılaşmanı pozur.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, o, Rusiya sülhməramlılarına onun nəzarətində olan ərazilərdəki erməni hərbçilərinin “təhlükə mənbəyi” olduğu barədə xəbərdarlıq edib.

Ekskavator
Azərbaycan Qarabağda infrastrukturun bərpası ilə məşğuldur və ekspertlərin fikrincə, təhlükəsizliklə bağlı problemlərin aradan qalxmasını istərdi. Şəkildə: Füzulidən Şuşaya gedən yolun inşası

Həmin gün Ermənistan hökumətinin iclasında Nikol Paşinyan Dağlıq Qarabağda artıq erməni hərbçilərinin olmadığını bəyan edib.

“O, [Əliyev] təkcə Yerevana tabe olan qoşunları deyil, həm də Qarabağ ordusunu tərksilah etməyi tələb edir. Əgər tərksilah edə bilsə, bu tərksilah nəticəsində Qarabağ öz-özünə tamamilə Azərbaycanın olacaq, – Mark Qriqoryan deyir. – Ermənilər bunu istəmirlər, çünki qorxurlar ki, nəticədə ermənilərin hamısı Qarabağı qoyub qaçmalı olacaq, çünki onlar rəsmi Azərbaycana etibar etmirlər”.

“Əgər bu, rəsmi struktur deyilsə, Azərbaycan ərazisində niyə silahlı şəxs olmalıdır? – Arzu Abdullayeva deyir. – Əgər rəsmi [hərbçiləri] geri çəkirlərsə, yerdə qalan əli tüfəngli şəxs terrorçu dəstədir”.

Onun sözlərinə görə, hər iki tərəfin güc tətbiqindən imtinası o halda mümkündür ki, ona BMT və ya Avropa Şurası kimi beynəlxalq strukturlar nəzarət etsin.

Ukraynadakı müharibənin bununla nə əlaqəsi var?

“Rusiyanın diqqəti Ukraynaya görə indi yayınıb, ona görə də Azərbaycan sülhməramlılar qarşısında daha aqressiv davranmağa cəsarət edə bilər”, – BBC-yə danışan Eurasianet-in Qafqaz bölməsinin redaktoru Joshua Kucera deyir.

Olesya Vartanyan hesab edir ki, indiki gərginlik Bakının nə dərəcədə qərarlı olduğunu göstərir.

“Beynəlxalq ictimaiyyət indi Rusiyanı dəstəkləməkdən uzaqdır və rus sülhməramlılarının haqlı olduğunu çox az adam deyə bilər, – təhlilçi davam edir. – Eyni zamanda, Azərbaycan Türkiyənin yaxın strateji tərəfdaşıdır və Rusiya ilə danışıqlarda Türkiyənin [rolunun] artan əhəmiyyəti Azərbaycana da aid edilir”.

Həm də Ukraynadakı müharibəyə görə Azərbaycan Avropa üçün mühüm alternativ enerji təchizatçısına çevrilib və Bakı görür ki, Rusiyanın bu bazarda vəziyyəti qeyri-sabitdir, o, əlavə edir.

Paşinyan, Michel və Əliyev
Azərbaycan və Ermənistan liderləri mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə görüşüblər

Daha bir müharibə olacaqmı?

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri Arzu Abdullayeva hesab edir ki, genişmiqyaslı müharibə olmayacaq, çünki Ermənistanın bunun üçün nə imkanı, nə də canlı qüvvəsi var.

Bu fikrə erməni jurnalist və siyasi şərhçi Mark Qriqoryan da şərik çıxır. Lakin o əlavə edir ki, beynəlxalq təzyiq Azərbaycan tərəfini də cilovlaya bilər, çünki Azərbaycan qaz müqavilələri, o cümlədən Rusiya qazına alternativ təchizat razılaşmalarına malikdir.

Bundan əlavə, sülhməramlıların sayı nisbətən az olsa da (2000 nəfər), rus əsgərinin təsadüfi ölümü İlham Əliyevlə Vladimir Putin arasında münasibətləri korlaya bilər.

“Onların [sülhməramlıların] yalnız özünümüdafiə silahları var və orada nəsə baş verərsə, onlar sadəcə fiziki olaraq döyüşə bilməyəcəklər, – Olesya Vartanyan deyir. – Yerli əhali hələ də onlara müdafiəçi kimi baxır. Azərbaycan tərəfində isə onlardan yerli dəstələrin silahsızlaşdırılmasını və Laçın dəhlizindən (silahlı şəxslərin və silahların – BBC) buraxılmasının qarşısının alınmasını gözləyirlər”.

Lakin tarixçi Arif Yunus uzunmüddətli perspektivdə müharibənin gözlənildiyini deyir.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərini öz tərəfinə çəkə bilərdi, lakin o, onlarla birbaşa təmas saxlamaq istəmir.

“Bu o deməkdir ki, bizi uzun və nəticəsiz danışıqlar gözləyir, – o deyir. – Paşinyan Azərbaycana nə qədər güzəştə getsə də, Rusiya Qarabağ ermənilərinin önündə durduğu bir halda – o, [Rusiya] Qarabağın tamamilə Azərbaycana keçməsinə heç vaxt imkan verməyəcək. Belə vəziyyətdə isə gözlənilməlidir ki, indi və gələn il deyil, lakin uzunmüddətli perspektivdə yeni müharibə olacaq”.

Onun fikrincə, bundan yayınmağa kömək edəcək yeganə şey odur ki, Rusiya Ukraynadakı müharibə nəticəsində tamam zəifləyəcək və bu da onu Cənubi Qafqazdan geri çəkilməyə məcbur edəcək.

Tərəflər nə istəyir?

Arzu Abdullayeva deyir ki, “təəssüf ki, tərəflərin məqsədləri fərqlidir”: “Azərbaycan öz torpaqlarını qaytarmaq və rus hərbçilərinin Azərbaycandan getməsini istəyir.

Ermənistan da Rusiyadan uzaqlaşmaq, [amma] Dağlıq Qarabağı saxlamaq istəyir – bunu, ilk növbədə, Qarabağ erməniləri istəyir”.

Etirazçı
Ermənistanda müharibədəki məğlubiyyətdən sonrakı sarsıntı hələ də keçməyib və çoxları buna görə hökuməti günahlandırır

Onun sözlərinə görə, Azərbaycanda Qərblə “körpü” qurmaq, Avropa ilə iqtisadi və hüquqi əlaqələr yaratmaq istəyi var: “Lakin Azərbaycan və Ermənistanda münaqişənin sülh yolu ilə, sivil yolla həllinə diqqət artırılmalıdır”.

Ancaq iki xalq arasında etimadın bərpasına yönələn addımlar olmasa, buna nail olmaq mümkün deyil, tarixçi Arif Yunus deyir.

“Azərbaycan çalışır ki, Qarabağ onun tərkibində olsun və mümkünsə ermənilərsiz, – o belə hesab edir, – Yaxud ermənilər yaxşı olmalı, [Azərbaycan] vətəndaşlığını qəbul etmək istəməlidirlər. Amma bunun baş verməsini istəyirsənsə, hədə-qorxu və repressiya olmadan müsbət addımlar at”.

Arif Yunusun müşahidələrinə görə, Azərbaycan belə müsbət addımlar atmır.

Rəsmi Bakı tez-tez bəyan edir ki, Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir və münaqişənin nizamlanması barədə təsəvvürü orada erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir.

Arif Yunus Paşinyan hökumətinin güzəştlərini “misilsiz” adlandırır və onun sözlərinə görə, Ermənistandakı hakimiyyət müharibə mirasından tez bir zamanda xilas olmaq istəyir.

“Azərbaycanda da Qarabağ mövzusunu tez bir zamanda bağlamaq istərdilər”, – Olesya Vartanyan deyir.

Onun sözlərinə görə, Ermənistanda və daha çox Qarabağda hələ də ikinci müharibədən sonrakı sarsıntıdan təsirindən çıxa bilməyiblər və “azərbaycanlılarla çiyin-çiyinə yaşamaq” deyəndə nəyin nəzərdə tutulduğunu başa düşmürlər.

“Təəssüf ki, hər şeydən vacib olan bu müzakirə siyasi populizmə doğru yönlənir, – deyən təhlilçi əlavə edir ki, sülh imkanlarının dərk edilməsinin önünə fiziki müharibə qorxusu keçir deyə, insanlar sadəcə olaraq istəyirlər ki, onları rahat buraxsınlar.

24 saat” “Qarabağda yeni müharibə? Bakı və Yerevan bir-birini ittiham edir və…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button