2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Qarabağdakı çıxılmaz vəziyyət hərbi əməliyyat üçün real əsas ola bilər”

Qarabağın “dövlət naziri” Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq talonlarının tətbiqinə hazırlıq barədə məlumat verib. News.am saytı xəbər verir ki, o, bəzi imkanlı şəxsləri bu ağır günlərdə Qarabağı tərk etməkdə də ittiham edib.

Vardanyan ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90%-i vəziyyəti sakitliklə qəbul edir, lakin “bir neçə yolverilməz insident” var.

O, deyib ki, bəzi şəxslər benzini çörəyə dəyişirlər, halbuki onu ümumi fonda vermək lazımdır. Guya ki, təcili yardım maşınlarına benzin lazımdır. Bundan əlavə, “dövlət naziri” bəzi mağaza sahiblərini malları qohum və tanışlarına paylamaqda ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq”, – o deyib və əlavə edib ki, bazar ertəsi qida talonlarının tətbiqi məsələsinin həll olunması üçün iclas keçirəcək.

Elə həmin gün Qarabağın “Təhlükəsizlik Xidməti” əhaliyə müraciət edərək, sosial şəbəkələrdə ərzaq və digər malların qıtlığı ilə bağlı məlumatlar dərc etməməyə çağırış edib. Guya ki, bu, Azərbaycan xüsusi xidmət orqanlarının böyük marağına səbəb olur.

Bununla yanaşı, rayonun məktəblərində dərslərin dayandırıldığı bildirilir.

Ermənistanın özündə isə bir sıra qərbyönümlü təşkilatların üzvləri yanvarın 8-də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası qarşısında etiraz aksiyası təşkil ediblər. Onlar bazanı mühasirəyə almağa çalışsalar da, polis onlara imkan verməyib. Etirazçılar Rusiyadan Laçın dəhlizinin açmağı tələb ediblər.

Nümayişçilər Rusiya əleyhinə şüarlar səsləndiriblər. Onların əllərində “Bu cür müttəfiqin yeri ayaqyoludur”, “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir”, “KTMT-yə yox!” və digər yazılar olan plakatlar tutublar.

TASS-ın məlumatına görə, erməni polisi Rusiya hərbi bazasına girişləri bağlamağı planlaşdıran anti-Rusiya aksiyasının onlarla iştirakçısını saxlayıb. Aksiya yerli portallar tərəfindən online rejimdə yayımlanıb.

Təxminən 200 nəfərin iştirak etdiyi icazəsiz aksiyanı müxalif “Milli Demokratik Qütb” təşkil edib. Bu hərəkatın liderləri 2016-cı ilin yayında İrəvanın mərkəzindəki polis alayının bazasını ələ keçirmiş “Sasna Tsrer” yarımhərbi təşkilatının üzvləri olublar.

Eyni gündə baş verən bu hadisələrin təbii ki, bir-biri ilə müəyyən əlaqəsi var. Aydın görünür ki, Kreml tərəfindən təyin olunan Ruben Vardanyan əvvəlki kimi Qarabağın dağlıq hissəsində humanitar böhran yarandığı və buna Azərbaycan tərəfinin cavabdeh olduğu görüntüsü yaratmağa çalışır. Baxmayaraq ki, həm rəsmi Bakı, həm də ekoloji fəallar bütün bu günlər ərzində açıq şəkildə deyirlər ki, Laçın dəhlizi ilə Ermənistandan istənilən hər şeyi gətirmək olar. Sözsüz ki, silah, erməni hərbçiləri, Azərbaycan vizası olmayan əcnəbilər istisna olmaqla. Amma onlar nədənsə Azərbaycanın qanuni şərtləri ilə razılaşmırlar. Və nəticədə informasiya müharibəsi davam edir.

Gümrüdəki Rusiya bazası yaxınlığında keçirilən etiraz aksiyası da qismən Laçın dəhlizinin “açılması” tələbinə yönəldilib. Və bununla da bir növ medianın, o cümlədən xarici medianın bu mövzuya diqqətinin artmasına xidmət edir.

Sual olunur ki, bütün bunlar nə vaxta qədər davam edəcək? Xankəndindəki separatçıların liderləri və Ermənistan hakimiyyəti bu mövzuda konkret olaraq nəyə nail olmaq istəyirlər? Bəs onların ümumiyyətlə “dəhlizin blokadası” məsələsində vahid mövqeyi varmı?

Politoloq, təhlükəsizlik sahəsində eksperti İlham İsmayıl Press Klubun suallarını cavablandırıb:

– Laçın yolunda vətəndaş cəmiyyəti üzvlərinin etiraz aksiyası bir aydır başlayıb, Qarabağ münaqişəsi isə 35 ildir ki, davam edir. Bu mənada Laçın yolundakı mövcud vəziyyət uzunmüddətli təsir bağışlamamalıdır. Eko-hərəkət 35 illik problemin tərkib hissəsidir və məntiqi olaraq öncədən nəzərdə tutulmuş nəticə ilə bitməlidir. Mövcud vəziyyətdə tərəflərin informasiya müharibəsi davam edir. Ermənilər öz milli xarakterlərinə uyğun olaraq dünya qarşısında ağlayır, “göz yaşı tökürlər”, özlərini əzab çəkən xalq kimi təqdim edir, Azərbaycanı günahkar kimi göstərmək istəyirlər.

Azərbaycan elan edib ki, öz suveren ərazisinə qanunsuz malların daxil olmasına və ölkənin təbii sərvətlərinin çıxarılmasın icazə verməyərək humanitar böhran yaratmadan dinc etiraz aksiyalarını davam etdirəcək. Mövcud vəziyyətin sivil həlli ondan ibarətdir ki, Azərbaycan Laçın dəhlizinin girişində dövlət sərhədinə nəzarət etməlidir. Bu halda mülki əhalinin aksiyası dayandırılır və bütün dünyada olduğu kimi sərhəd nəzarəti məntəqəsi yaradılır. Daha sonra Azərbaycan sərhədçiləri Rusiya sülhməramlıları ilə birlikdə beynəlxalq standartlara uyğun olaraq dəhlizlə hərəkətə nəzarət edəcək, ölkəyə qeyri-qanuni malların idxalının və ölkədən təbii sərvətlərin çıxarılmasının qarşısını alacaq. Lakin separatçılar bu tələblə razılaşmır və müqavimət göstərməkdə davam edirlər. Bütün hallarda, “vəziyyət nə qədər davam edəcək” sualı ilk növbədə Ermənistanı və separatçıları narahat etməlidir.

Müharibə iki ildən çoxdur başa çatıb, lakin tərəflər arasında sülh yoxdur, əksinə, münaqişə qızışır. Bu, Ermənistanın və onun əsas himayədarı olan Rusiyanın məqsədyönlü siyasətinin nəticəsidir. Ermənistan uduzan tərəf kimi beynəlxalq şəraitin onun maraqlarına uyğun dəyişəcəyinə ümid edir, Rusiya isə Cənubi Qafqazda öz təsirini qorumaq üçün münaqişəni saxlamağa çalışır. Bunun üçün onlar sülh sazişinin imzalanmasını süni şəkildə gecikdirirlər. 2022-ci ildə aparılan danışıqlar sülh müqaviləsinin imzalanmasına ümid yaratsa da, ilin sonuna doğru Moskva və İrəvanın təxribatları ucbatından saziş imzalanmadı və yaxın gələcəkdə də imzalanacağı gözlənilmir.

Rusiyanın “təxribatçı emissar” Ruben Vardanyanı Qarabağa göndərməsi və onun yürütdüyü siyasət vəziyyəti daha da gərginləşdirməyə hesablanıb. Bu siyasətin nəticəsi ondan ibarətdir ki, yaxın gələcəkdə tərəflər arasında danışıqlar baş tutmayacaq. Bu çıxılmaz vəziyyət məsələnin hərbi müstəviyə keçməsi üçün real əsas ola bilər. Bu, Rusiya hərbi kontingentinin yerləşdirildiyi regionda çətin olsa da, istisna deyil.

Laçın yolunda yaranmış vəziyyət Ermənistanda Rusiya əleyhinə təbliğatı gücləndirib. Sirr deyil ki, Nikol Paşinyan hakimiyyəti qərbyönlüdür və Kreml bunu bilsə də, onu hakimiyyətdən uzaqlaşdıra bilmir. Qarabağdakı separatçı rejim və Ermənistan Laçın yolundakı mövcud vəziyyətdən Azərbaycana qarşı istifadə etmək məsələsində eyni mövqedən çıxış edirlər. Onların məqsədi Azərbaycanı beynəlxalq təzyiqlə üz-üzə qoyaraq, yolu açmağa məcbur etməkdir. Bunu biz də bilirik. Aksiyanın Azərbaycanın şərtlərini qəbul etmədən dayandırılması məğlubiyyət demək olar və separatçıların daha da həvəsə düşməsinə xidmət edərdi. Ona görə də, bu gün biz daha çevik diplomatik tələblər irəli sürmək və sərhəddə öz nəzarətimizi yaratmağa məcburuq. Əgər qarşı tərəf 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatın bəndləri ilə razılaşmasa, o zaman biz keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış və separatçılar tərəfindən etnik təmizləmə nəticəsində öz evlərindən qovulmuş azərbaycanlı qaçqınların geri qayıtmasını şərt kimi qoymalıyıq. 

Rauf Orucov

The post “Qarabağdakı çıxılmaz vəziyyət hərbi əməliyyat üçün real əsas ola bilər” appeared first on 24 saat.

24 saat” ““Qarabağdakı çıxılmaz vəziyyət hərbi əməliyyat üçün real əsas ola bilər”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button