Loading...
Loading...
SEÇMƏ

Qarabağdakı gərginlik: Qərb-Rusiya qarşıdurması, yoxsa…

“Hazırkı sual budur: Ermənistan Qərbə Zəngəzurla gedəcək, yoxsa Zərgəzursuz?”

Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda mövcudluğu ilə daim manipulyasiya edir. Rəsmi olaraq bildirirəm ki, Dağlıq Qarabağda Ermənistan hərbçisi yoxdur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Azərbaycan ordusunun 3 avqust əməliyyatı ilə bağlı iclasındakı çıxışında deyib.

Baş nazir deyib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat nə qədər tənqid edilsə də, Dağlıq Qarabağın mühüm təhlükəsizliyinə təminat verir:

“2020-ci il bəyanatı ilə Dağlıq Qarabağ bölgəsi müəyyən edildi. Halbuki Azərbaycan hələ də bunu inkar etməyə çalışır və Dağlıq Qarabağın olmadığını deyir. Yeri gəlmişkən, Azərbaycanın bu cür bəyanatları üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır”.

Mənbə: “Reuters”

Paşinyan hesab edir ki, 9 noyabr bəyanatı ilə təmas xəttinin müəyyən olunması ikinci vacib məqam idi:

“Üçüncüsü, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi idi. Əslində, Azərbaycanın bu gün etdikləri sadaladıqlarıma qarşıdır. Biz gözləyirik ki, üçtərəfli bəyannamədə nəzərdə tutulduğu kimi, Rusiyanın sülhməramlı qüvvələri Azərbaycana bu fundamental təsisatları sarsıtmaq imkanı verməyəcək”.

“Azərbaycan daim Dağlıq Qarabağ Müdafiə Ordusu və onun niyə təmas xətti boyunca yerləşdirilməsindən danışır. Əgər Rusiya sülhməramlı qüvvələri və Azərbaycan təmas xəttinin bütövlüyünə təminat versələr, mənə elə gəlir ki, Dağlıq Qarabağ Müdafiə Ordusunun döyüş növbətçiliyinə ehtiyacı olmayacaq”, – deyə o bildirib.

“Danışıqların nəticəsi olmayanda, öz ərazimizdə güc tətbiq etməyə hazırıq”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyir ki, Ermənistanın Baş naziri 10 noyabr sənədini təhrif edir:

“Azərbaycan sənəddə 3 bəndin öz həllini tapmadığını deyirdi. Birincisi, Ermənistanın ordu birliklərinin Qarabağda olması. Paşinyan bunu təkzib etsə də, Ermənistan müdafiə nazirinin müavini əsgər valideynləri ilə görüşdə saziş əsasında xidmətə cəlb olunanların olduğunu bildirib. İkincisi, Rusiyanın sülhməramlıları təhlükəsizliyi təmin etmək üçün bölgəyə gəlib. Yəni təhlükəsizliyin təmini üçün Ermənistan ordusunun və ya hansısa hərbi birləşmələrin də orda olduğu barədə razılaşma yoxdur. Üçüncü məsələ isə Zəngəzura aiddir. Sadaladıqlarıma rəğmən Etmənistan ardıcıl şəkildə həm sülh prosesindən, həm də 10 noyabr öhdəliklərindən imtina edir. Azərbaycan da bir müddət vasitəçiyə müraciət edəndən sonra istənilən yerdə zərbə endirdi”.

“Bölgədəki hərbçilər əhəmiyyətlərini itirdiklərindən heç bir funksiyanı yerinə yetirə bilməzlər. Ona görə onlar ərazini dərhal tərk etməli, qeyri-qanuni dəstələr də tərkisilah olunmalıdırlar”, – deyə Tofiq Zülfüqarov əlavə edib.

Onun sözlərinə görə, Bakı 3 iyul “Qisas” əməliyyatı ilə iradəsini nümayiş etdirdi ki, ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməyə israrlıdır:

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: “Axar.az”

“Bir müddət aparılan danışıqların nəticəsi olmayanda öz ərazimizdə güc tətbiq etməyə hazırıq və bu, davam edəcək. Söhbət terrorçulara qarşı keçirilən əməliyyatdan gedir”.

Tofiq Zülfüqarovun fikrincə, son hadisələr Qərb və Rusiya qarşıdurmasının Ermənistan ərazisinə keçməsi fonunda gedir:

“Adi bir misal, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Yerevana səfərinin ardınca Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də ora getdi. Bəllidir ki, Rusiyanın zəifləməsindən istifadə edən Ermənistan siyasi elitası və cəmiyyəti özlərini xilas etmək üçün qərb yolu seçməyi əsas görürlər. Çünki yalnız bununla ölkəyə investisiyalar gətirə bilərlər. Hazırda Rusiyadan heç bir gözləntiləri də yoxdur. Bu isə Moskvanın xoşuna gəlmir. Bəlkə də, Rusiya üçün Ermənistan o qədər də vacib deyil. Amma “Zəngəzur dəhlizi” onlar üçün strateji əhəmiyyət kəsb edir. Ona görə ki, bu dəhliz İrana və Türkiyəyə yol açır. Hazırkı sual budur ki, Ermənistan Qərbə Zəngəzurla gedəcək, yoxsa Zərgəzursuz?”.

Gözdən qaçırmayın:  “Qarabağ” Macarıstan çempionu ilə heç-heçə etdi

“30 il mövcud olan status-kvo dağıdılıb, digəri ilə əvəz edilib”

Siyasi şərhçi Rauf Mirqədirov Paşinyanın açıqlamasında bəzi məqamların əsaslı, bəzilərinin isə əsassız olduğunu deyib:

“Məsələn, Baş nazirin təmas xəttinin mövcudluğu barədə dedikləri əsaslıdır. Söhbət təmas xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsindən gedirsə, deməli, iki tərəf var”.

Mirqədirov hesab edir ki, Paşinyanın Ermənistan qoşunlarının bölgədə yerləşdirilmədiyini söyləməsi böyük riyakarlıqdır:

“Çünki uzun müddət Ermənistanda hərbi çağırış zamanı gəncləri Qarabağa göndərirdilər. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi sentyabrda hərbi qüvvələrinin hamısının çıxarılacağını bildirdi. Paşinyan Dağlıq Qarabağdan danışır, halbuki 10 noyabr bəyanatına qədər Dağlıq Qarabağın əksər hissəsi azad edilmişdi. Hətta dövlət təsisatı kimi götürsək, artıq separatçıların nəzarət etdikləri Dağlıq Qarabağ da yox idi”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Bir az da tarixə getsək, Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədlərində də yox idi. Çünki Şuşa, Hadrud və başqa ərazilər Azərbaycanın tərkibindəydi. Ona görə Paşinyanın Qarabağı bir institut kimi təqdim etməsi də doğru deyil, çünki bu qurum mövcud deyildi. Əvvəla, 30 il mövcud olan status-kvo dağıdılıb, digəri ilə əvəz edilib. Nəhayət, Dağlıq Qarabağ separatçı qurumun mövcudluğu da təsdiqlənmir”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, 2020-ci ilin noyabr bəyanatında 2 il ərzində Laçından kənarda yeni yolun salınması bəndi var:

“Beləliklə, 3 ay sonra Laçın dəhlizi Azərbaycanın tərkibinə keçməlidir. Amma Ermənistan nəqliyyat naziri onlar tərəfindən yeni yolun gələn ilin yazında hazır olacağını bildirib. Deməli, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Əgər yol vaxtında hazır olmursa, əlavə razılaşma imzalanır, yeni müddəti göstərmək üçün. Bu baxımdan Ermənistan təşəbbüs göstərməlidir”.

“Azərbaycanı daha çox yeni yolun fəaliyyət reqlamenti qayğılandırmalıdır. Yəni indiki normalar Azərbaycanın maraqlarına cavab vermir. Çünki Bakı ordan keçən yüklərə və insan axınına nəzarət edə bilmir. Əslində, bu formal olaraq, Rusiya sülhməramlılarının məsuliyyətidir, amma bir dövlət kimi onlar ciddi məsuliyyət daşımırlar. Deyə bilərlər ki, nəyisə görməyiblər. Bu mənada fərqli nəzarət mexanizmi təqdim olunmalıdır”, – bunu da Mirqədirov deyib.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də Qarabağdakı hərbi əməliyyatlarda qarşı tərəfi ittiham edib.

Nazirlik Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozduğunu vurğulayb.

Açıqlamada Azərbaycan ordusunun cavab tədbirləri “Qisas” əməliyyatı adlandırılıb.

Bildirilir ki, Azərbaycan ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button