2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qarabağın qaytarılması prosesi başlandı – TƏHLİL

Aprel döyüşlərinin ardından Qarabağ danışıqlarında ikinci raund baş tutdu. Prezidentlər mayın 16-da Vyanada, iyunun 20-də isə Sankt-Peterburqda masa arxasına əyləşdilər. Qərb torpaqlarında ABŞ-ın liderliyi altında təşkil edilən toplantıdan sonra növbəti ünvanın Rusiya torpaqları olması Putinin regionda daşların yerini dəyişdirə bilən gücün kim olduğunu nümayiş etdirməsi fonunda gözlənilən idi. Lakin “dördgünlük müharibə”nin dəyişdiyi siyasi mənzərə, Vyana görüşü və ardınca regionu bürüyən siyasi atmosfer Qarabağ məsələsində Qərb və Rusiyanın burun-buruna dayanaraq, əzələ nümayişindən vaz keçdiyini, Ukrayna, Suriya kimi münaqişələrdə rəqib tərəflər olmasına baxmayaraq, iki qütbün ortaq qərarlar aldığını deməyə əsas verir.
Sankt-Peterburq görüşü konstruktiv keçib və müsbət nəticələr əldə olunub. Hər iki tərəfdə – həm Azərbaycan, həm də Ermənistanda rəsmilər liderlərin Neva sahillərində razılaşdığını açıqlayır.
Azərbaycanın baş diplomatı Elmar Məmmədyarov “Bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq” deyə inamla danışır. Erməni nazir Eduard Nalbandyan da “görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi” deyə təxminən eyni ifadələrə toxunur.
Sadə məntiqlə yanaşsaq, görüşün münaqişə tərəflərinin hər ikisinin maraqlarına uyğun olması sual yaradır. Xüsusilə Ermənistanın işğal etdiyi əraziləri qaytarmaq istəməməsi, Azərbaycanın ərazi bütövlüyü məsələsinə olduqca həssas yanaşması fonunda hər şey bu qədər asan ola bilməz. Deməli, bağlı qapılar arxasında Putin, İlham Əliyev və Sarkisyan formatında aparılan danışıqlar tamamilə başqa məcrada keçib. Qapılar açılandan sonra istifadə edilən ritorika sadəcə protokol qaydaları çərçivəsindədir.
“Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar. Burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub. Həmçinin, danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub”.
Bu, Rusiyanın baş diplomatı Sergey Lavrovun görüşdə əldə olunan razılıqla bağlı protokol xarakteri daşıyan açıqlamasıdır. Və onun sözlərini analiz etdikdə, münaqişənin həlli istiqamətində ciddi addım atılmadığı, əslində 20 ildir aparılan prosesin yer və zaman fərqi ilə davam etdiyi, daha çox Ermənistan tərəfinin maraqlarının təmin olunduğu görüntüsü yaranır.
Lakin bağlı qapılar arxasında aparılan müzakirələrdə hər şeyin tamam fərqli olduğu ehtimalları var.
Birinci amil: Sankt-Peterburq görüşündən sonra əksəriyyət bunun formal xarakterli danışıq olduğu fikrini irəli sürdü. Görüşlə bağlı verilən açıqlamalar buna əsas yaradırdı. Lakin görüşdə Vladimir Putinin şəxsən iştirak etməsi bu fikirləri kənara qoyur. Əgər həqiqətən də, görüş sadəcə formal xarakter daşısaydı, Putin orada olmazdı. Moskva ya Sergey Lavrov səviyyəsində təmsil olunar, ya da Putin liderlərlə telefon əlaqəsi yaradardı.
İkinci amil: Verilən bəyanatlar fonunda yaranan fikirlərdən biri də Rusiyanın Vyana toplantısından sonra prezidentləri görüşdürərək, sadəcə Qərbə mesaj verdiyidir. Zaman-zaman bu müşahidə olunub. Lakin bu dəfə prosesin Kreml tərəfindən aparılması ilə bağlı Qərblə razılığa gəlindiyini demək olar. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkelin “Qarabağ münaqişəsində əsas açar Rusiyadır” deməsi də bunu göstərir. Hesab etmək olar ki, Qərb bu münaqişədə Rusiya faktorunu nəzərə almadan hərəkət etməyin mümkünsüz olduğunu anlayıb. Razılaşmaya görə, prosesi Rusiya aparır, tərəfləri ortaq məxrəcə gətirir. Qərb isə indiki məqamda bölgədə sadəcə müharibənin olamamasından yanadır.
Üçüncü amil: Aprel döyüşləri ilə Azərbaycan tərəfi ərazi bütövlüyü məsələsində nəinki güzəştə getməyəcəyini, ümumiyyətlə bu münaqişənin unudulması ilə belə barışmayacağını göstərdi. Bütün tərəflər – Rusiya, Avropa Birliyi və ABŞ rəsmi Bakının müharibə variantını gündəmdə saxlamasının real olduğunu anladılar. Hansı ki, onların heç biri indiki situasiyada regionda müharibənin olmasını istəmir. Eyni mesaj Ermənistana da verilmiş oldu. Bu prosesin ardından Prezident İlham Əliyevin Sankt-Peterburqa sadəcə görüş xətrinə getdiyi inandırıcı deyildi. Əslində onun diplomatik danışıqlara getdiyi vaxt ordunu poliqonlara yeritməsi də masada Ermənistana təzyiq etmək manevri idi.
Bu amillər Sankt-Peterburq görüşünün ciddi nüanslar üzərində qurulduğunu deməyə əsas verir.
Görüşdən sonra verilən “prezidentlər ATƏT müşahidəçilərinin sayının artırılması məsələsində razılığa gəldilər” açıqlaması şübhələrə yol açdı və “görüş Ermənistanın xeyrinə keçib” fikrini yaratdı. Çünki müşahidəçilərin sayının artırılması şərtini Ermənistan tərəfi irəli sürmüşdü və bu məsələ Vyanada Qərb tərəfindən müdafiə olunmuşdu.
Bu amil münaqişənin dondurulmuş vəziyyətdə qalmasına xidmət etdiyi üçün Azərbaycanın xeyrinə deyil. Lakin həqiqətənmi Putin bağlı qapılar arxasında məhz bu məsələdə razılıq əldə olunması üçün görüşü təşkil etmişdi?
a) Azərbaycan aprel müharibəsindən sonra yaranmış yeni reallıqda bu məsələni yaxına buraxmır. Ona görə də belə razılaşmanın olacağı görüşə də getməzdi.
b) ATƏT müşahidəçilərinin sayının artırılması atəşkəsə nəzarət mexanizminin bir hissəsidir. Hansı ki, bu mexanizm Azərbaycanın marağında olmadığı kimi, Rusiyanın da maraqlarına uyğun deyil. Əksinə, münaqişə üzərindən regiona nəzarətin əldə olunması baxımından ABŞ-ın planıdır. Putinin ABŞ-ın planı üzrə razılıq əldə olunması üçün prezidentləri Neva sahillərinə dəvət etməsi nəinki inandırıcı deyil, ümumiyyətlə absurd yanaşma olardı.
Deməli, bu açıqlama görüşə fon vermək məqsədinə xidmət edirdi və daha çox yayındırıcı xüsusiyyətə malikdir.
Bəs, nə üçün “müşahidəçilərin sayının artırılması” görüşün əsas prinsipi kimi təqdim edildi?
Burada iki yanaşma ön plana çıxır:
1. Rusiya Qərblə ikili oyun oynaya bilər. Vyana görüşündə əldə olunan razılaşmada atəşkəsə nəzarət mexanizminin qurulacağı deyilirdi. Bu razılaşmada Rusiya da iştirak etmişdi. Hesab etmək olar ki, Putin prezidentləri Sankt-Peterburqda görüşdürərək, bağlı qapılar arxasında öz ssenarisini masaya yatırıb və Rusiya maraqlarına zidd olan Vyana razılaşmasını gündəmdən çıxarıb. Vyana razılaşması Ermənistanın xeyrinə olsa da Serj Sarkisyanın Putinin əksinə getməyəcəyi, xüsusilə bunu rus torpaqlarında etməyəcəyi məlum məsələdir. Nəzərə almaq lazımdır ki, amerikalı həmsədr Ceyms Uorlik Neva sahillərinə gəlsə də, üçtərəfli qapalı görüşdə iştirak etməyib. Görünür, bağlı qapılar arxasında Putinin ssenarisi üzrə razılıq əldə olunandan sonra, rəsmi açıqlamalarda ATƏT müşahidəçiləri məsələsi ön plana çəkilərək, Qərbin diqqəti yayındırılıb.
2. Lakin ötən həftə yayılan bir informasiya məsələnin bir qədər fərqli olması versiyasını gücləndirir. “Təmas xəttində atəşkəsə nəzarət mexanizminin quraşdırılması üçün lazım olan vəsait yoxdur”. Erməni mediasının yaydığı bu məlumat versiyaları fərqli məcraya yönəltdi.
Maraqlıdır ki, nəzarət mexanizmləri Vyana görüşündən sonra bir ay müddətində quraşdırılmalı idi. Lakin ayın tamamında ATƏT bunun üçün pulunun olmadığını deyir. Proseslərin təhlili əslində bunun bəhanə olduğunu göstərir. Hesab etmək olar ki, Serj Sarkisyan ərazilərin qaytarılmasına razılaşıb, Sankt-Peterburqda planın detalları müzakirə olunub, nəzarət mexanizmi ilə bağlı bəyanatlar isə erməni ictimaiyyətini sakitləşdirməyə hesablanır.
Ehtimal belədir: Rusiya Qərblə razılaşaraq, nəzarət mexanizmlərinin quraşdırılması məsələsini ləğv edir, yaxud təxirə salır; ATƏT pul məsələsini səbəb kimi gətirərək, mexanizmləri quraşdırmaqdan imtina edir, beləliklə, bu məsələ gündəmdən çıxır; bu, Serj Sarkisyan hakimiyyəti ilə də razılaşdırılıb; Sarkisyanın bu yayındırıcı bəyanata qoşulması erməni ictimaiyyətinə “hər şey bizim xeyrimizədir” mesajını verməyə xidmət edir; bununla daxili sabitlik təmin olunur və ərazilərin qaytarılması prosesi başlanır.
Serj Sarkisyanın Sankt-Peterbur görüşündən öncə “Şuşa batalyonu döyüşçülərinin ittifaqı” ictimai birliyinin rəhbəri Jiray Sefilyanı həbs etdirməsi də bu fonda diqqətdən yayınmadı. Sefilyan aprel müharibəsində məğlubiyyətə görə, Sarkisyan hakimiyyətini ittiham edirdi. O, keçmiş döyüşçüləri toplayaraq, Azərbaycan ordusunun azad etdiyi əraziləri geri qaytarmaq hərəkatına başlamaq niyyətində idi.
Keçmiş döyüşçülərin birləşməsi Sarkisyan hakimiyyəti üçün ciddi təhdid idi. Hesab etmək olar ki, Rusiya Sarkisyana əraziləri qaytarmaq tapşırığını verib. Sarkisyan da bu addımı atacağı təqdirdə daxildə onun hakimiyyətinə yarana biləcək təhdidləri öncədən aradan qaldırmaq gedişi edib.
Rəsmi Bakı təsdiqləyir: ərazilərin qaytarılması razılığı əldə olunub
“Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir”.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov də bu plana uyğun olaraq razılığın əldə olunduğunu təsdiqləyib.
Bu proseslərin fonunda Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Xankəndinə səfər etməsi də təsadüfi ola bilməz. Bu səfər, aprel döyüşlərindən sonra Sarkisyanın Xankəndində keçirdiyi məxfi görüşü yada salır. Ermənistan KİV-nin məlumatına görə, Sarkisyan həmin vaxt Xankəndinə ərazi qaytarmağın vaxtının çatdığını müzakirə etmək üçün yollanmışdı. Xankəndində keçirilən məxfi görüşdə daşnaklar və generallar ona ciddi etiraz etmişdilər. Sankt-Peterburq görüşündən dərhal sonra Sarkisyanın yenidən Xankəndinə getməsi onun “mərhələli həll” planını yerinə yetirmək üçün təlimat verəcəyi ehtimalını gücləndirir.

Publika.az

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button