2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağla bağlı Kremlin “nə şiş yansın, nə kabab” siyasəti…

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında avqustun 8-də keçirilən görüşdə verilən Qarabağ mesajları həm Azərbaycan, həm də Ermənistanda ciddi müzakirə mövzusuna səbəb olub. Düzdür, ermənilər həm Rusiyadan ehtiyatlandıqları, həm də Putinin bəyanatının faktiki olaraq onlar üçün sərfəli olması səbəbindən məsələyə daha soyuqqanlı davranış nümayiş etdirirlər və hələlik ənənəvi hay-küy müşahidə olunmur.

Qeyd edək ki, ikitərəfli görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev “Bu gün Dağlıq Qarabağ problemini müzakirə etmək istərdik. Sizin bu danışıqlarda şəxsi iştirakınız böyük rol oynayır”, – deyə bildirmişdi. Onun rusiyalı həmkarı V.Putin isə digər məsələlərlə yanaşı, Qarabağ haqda da danışıb və bunları deyib: “Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan arasında elə həll yolu tapılsın ki, kompromislərə əsaslansın, eyni zamanda hər iki tərəf üçün məqbul olsun. Elə həll yolu ki, qaliblər olmasın, ancaq iki ölkə xalqları özlərini qalib hiss etsinlər və hər iki dövlət hiss etsin ki, onlar bu mürəkkəb problemi bugünkü və gələcək nəsillərin maraqları naminə həll etməyə nail oldu”.
Əlavə edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə baş tutan üçtərəfli görüşdəki çıxışı zamanı da Azərbaycan prezidenti İlham Əliyev ölkəmiz üçün ən önəmli məsələyə diqqət çəkib.
“Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar… Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, – deyə Azərbaycan prezidenti əlavə edib.
Rusiya prezidentinin son açıqlamasından belə görünür ki, ölkəsinin aprel müharibəsindən sonrakı fəallığı boşuna deyil və XİN başçısı Sergey Lavrovun da anons etdiyi kimi, ortada konkret təkliflər var. Masa üzərindəki bu həll planının isə “Kazan sənədi” üzərində işlənib-hazırlandığını, Qarabağ məsələsinin 5+2 formulu üzərində tənzimlənməsi planının işə salındığını demək olar.
Qeyd edək ki, bir neçə gün əvvəl ictimailəşdirilən, ANİ erməni araşdırmaları mərkəzinin eksperti Tatul Akopyanın “Kazan sənədi” başlığı altındakı materialda da Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunacağı barədə detallar əksini tapmışdı.
V.Putinin “elə həll yolu ki, qaliblər olmasın, ancaq iki ölkə xalqları özlərini qalib hiss etsinlər” fikirləri hər iki tərəfin kompromislərə vadar edilməsi siyasətini özündə ehtiva edir. Şübhəsiz ki, bu, Azərbaycanın bir sıra ərazilərinin itkilər vermədən, qan tökülmədən geri qaytarılması baxımından məqbul sayıla bilərdi. Lakin əslində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın bütün ərazilərinin Dağlıq Qarabağ daxil olmaqla geri qaytarılmasını tələb edir. Lakin Rusiya lideri yenə də işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa üstünlük verir.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunlarına dair mətbuat konfransında münaqişədən bəhs edib. O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: “Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb”.
*****
Politoloq Toğrul İsmayıl hesab edir ki, əslində Rusiya Qarabağda status-kvonun dəyişməsini istəmir: “Rusiya prezidentinin dedikləri Moskvanın bölgədəki avtoritetini qorumaq istəyinin nümayişidir. Normalda Qarabağ məsələsinin həllinin iki yolu var: bunlardan biri beynəlxalq hüququ göz önünə alaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Eyni zamanda orada yaşayan ermənilərin də hüquqları tanınır və Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu təmin edilir. Eyni zamanda Dağlıq Qarabağda yaşamış Azərbaycan türklərinin geri dönməsi məsələsi təmin olunmalıdır. İkinci variant isə güc yoludur. Ermənistan o əraziləri işğal edib. Bazarlıq olaraq bəzi bölgələri qaytarsa da, bəzi əraziləri əlində saxlamağa çalışacaq. Bu mənada üçüncü həll yolu yoxdur. İndi ”nə şiş yansın, nə kabab” söyləmək əslində Rusiyanın status-kvonu saxlamaq siyasətindən xəbər verir. 5 rayonun Azərbaycana qaytarılması Azərbaycanda qələbə əhval-ruhiyyəsinin yaradılması, digər 2 rayonun və Dağlıq Qarabağınsa işğal altında qalması ermənilərdə zəfər əhvalının yaradılmasına xidmət edəcək. Son vaxtlar Ermənistanda gərginlik var və bu vəziyyət Rusiyanı rahatsız edir. Moskvanın orada  gücünü artırmaq və Ermənistanı ram etmək üçün yeni nəsə etməsi lazımdır. 5 rayonun qaytarılması da Ermənistanda təhdid kimi anlaşıla bilər. Yəni “Rusiyadan üz döndərdik,  5 rayon əlimizdən getdi”. Dolayısı ilə Ermənistana mesaj verilmiş olacaq ki, digər əraziləri itirmək istəmirsinizsə, Rusiya ilə münasibətləri qoruyun”.
Türkiyənin Qarabağ siyasətindən, həmçinin R.T.Ərdoğanın Rusiya səfərindən gözləntilərə gəldikdə, T.İsmayıl hesab edir ki, Ermənistan bir neçə rayonu azad edərsə, Türkiyə quru yolunu Ermənistana aça bilər: “Bu, Rusiyaya da lazımdır. Qapının açılması Ermənistanın sərhəd bölgəsində ticarətin inkişafına, erməni əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxara bilər. Çox ehtimal ki, Moskvadakı Ərdoğan-Putin danışıqlarında bu məsələlərə də toxunulacaq. Amma ümumilikdə Türkiyənin Azərbaycanın mövqeyindən çıxış edəcəyi şübhəsizdir. Bu məsələdə Azərbaycanın istəkləri xaricində hər hansı hərəkət mümkün deyil. Əslində ilkin mərhələdə 5 rayonun qaytarılması hər kəsi qane edir. Bu, məsələnin tam həlli olmasa da, həm Azərbaycan,  həm Ermənistan, həm Türkiyə, həm də Rusiyanın işinə yarayan bir variant olacaq. Rusiya ”yumşaq güc”lə Azərbaycanı öz tərəfinə çəkməyə çalışacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə  Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin Qarabağ münaqişəsinin həllinə az aidiyyəti olduğunu öncədən proqnozlaşdırdığını xatırlatdı. Onun sözlərinə görə, Putin indiki məqamda münaqişənin ədalətli həllini sürətləndirməyə hazır deyil: “Rusiya dövlət başçısının Bakıda dediyi sözlər də bundan xəbər verir. Putinin Bakıda Qarabağla bağlı sözlərində bir-birinə bənzər iki mesajı var idi. Birinci mesaj o idi ki, Moskva münaqişənin həlli məqsədilə və Dağlıq Qarabağ ətrafındakı torpaqların azad olunması məqsədilə Ermənistana təzyiq etməyəcək. Kreml sahibi deyir ki, münaqişənin həllində ”qalib” olmasın. Başqa sözlə, bizə elə həll yolu təklif edir ki, “nə şiş yansın, nə də kabab”. Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəf “qalib” ola bilməz. Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusunu müəyyənləşdirəcək referenduma bağlayır. Biz heç zaman bu təklifi qəbul edə bilmərik. İndi Putinin “qalib” sözündən belə çıxır ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır, ancaq bunun qarşılığında Azərbaycan da Ermənistana Dağlıq Qarabağda referendum keçirməsi imkanı verməlidir. Bu cür “həll”də qalib yalnız Ermənistan olacaq”.
Ekspert qeyd etdi ki, Putinin ikinci mesajı da birinciyə oxşayır: “Deyir elə həll yolu tapılmalıdır ki, hər iki xalq özünü məğlub saymasın. Erməni separatçıları üçün referendum tarixi müəyyənləşmədən irəli sürülən həll yolu məğlubiyyət sayılır. İndi ermənilər özlərini məğlub hesab etməsinlər deyə, Putinin yanaşması baxımından biz referendum tarixinəmi razılaşmalıyıq? Putinin Bakıda dediyi sözlərin mənası o deməkdir ki, Rusiya həll prosesini sürətləndirməyəcək. Bu isə Ermənistanın maraqlarının xeyrinədir. İrəvanın da istəyi budur ki, heç bir dövlət Ermənistana Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması istiqamətində təzyiq etməsin”.
E.Şahinoğlu əlavə etdi ki, Putin Bakıya nəqliyyat layihəsini müzakirə etmək üçün gəlmişdi. Bu layihənin həllində isə problem yoxdur. Politoloq şübhə etmir ki, Azərbaycan, İran və Rusiya dəmir yolunun qısa zamanda tikintisində maraqlıdır. Bu mənada E.Şahinoğlu əmindir ki, Qarabağ Putin üçün arxa plandadır: “Kreml sahibinin Qarabağla bağlı yeganə dərdi müharibənin başlamamasıdır. Əks halda, Azərbaycan ordusu aprel ayında cəmi 4 gün savaşmazdı, daha çox irəli gedib ən azı Sərsəng Su Anbarını və Ağdərəni tamamən azad etmək iqtidarında idi. Kreml buna imkan vermədi və gələcəkdə də Azərbaycanın Ermənistan üzərində qələbəsini arzulamır. Belə vəziyyət Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Əlbəttə, Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərini inkişaf etdirməli, ortaq iqtisadi və ticarət əlaqələrinə üstünlük verməlidir. Ancaq Qarabağla bağlı daima Şimala üz tutmamız da doğru deyil. Əgər beynimizdə hər zaman ”belə etsək, Kreml nə deyər” sualı dolaşsa, işğal faktına qon qoymamız çətin olacaq”.
Politoloq Şahin Cəfərli də Putinin həll modelini qəbuledilməz sayır. O, özünün facebook şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Putin Qarabağla bağlı elə bir həll yolu tapacaqmış ki, nə Azərbaycan, nə də Ermənistan qalib olacaq, amma hər iki xalq qalib sayılacaq. Əvvəla, belə bir qızıl formulunuz varsa, bunu 22 ildir niyə tətbiq etmirsiniz? İkincisi də, siz özünüz Çeçenistan problemini niyə həmin ”möhtəşəm” formulunuz əsasında həll etməyərək silahlı qrupların gizləndiyi aulları yerdən və havadan hər cür ağır silah və aviasiya ilə bombardman etmək yolunu seçdiniz?”
Ş.Cəfərliyə görə, aydındır ki, Putinin məqsədi məhz Moskvanı qalib çıxaracaq və bölgədə onun dayaqlarını möhkəmləndirəcək həll planını tərəflərə qəbul etdirməkdir: “Biz birdəfəlik dərk etməliyik ki, əvvəla, Kremlin siyasətindən bizə xeyir gəlməz, Kreml sahibini çay süfrəsinə əyləşdirməyin də real siyasətə təsiri ola bilməz. İkincisi və ən önəmlisi də, heç kim bu problemi bizim əvəzimizdən, bizim maraqlarımıza uyğun həll etməyəcək. Mən demirəm ki, Rusiya amilinə məhəl qoymadan elə bu gün torpaqlarımızı hərbi yolla geri qaytarmağa çalışaq. İndiki məqamda bu mümkün deyilsə, əlverişsiz ”sülh” planını qəbul etməkdənsə, məsələnin hazırkı yarıdonmuş şəkildə qalması daha məqsədəuyğundur”.
Hələlik rəsmi Bakı V.Putinin təklifinə hər hansı şərh verməyib. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların növbəti raundunda ola bilsin ki, hər iki tərəfi “qalib” edəcək layihə masaya çıxarılsın. Ancaq Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, o, ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Putinin layihəsi isə faktiki olaraq erməniləri ikinci dövlət ideyası baxımından arzusuna çatdırmağa xidmət edir. Onsuz da ermənilər Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana məxsus olmasını son illərə qədər etiraf ediblər və bu rayonları “təhlükəsizlik” məqsədilə zəbt etdiklərini deyiblər. (musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button