2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Qaraçuxurdakı uşaq parkı təhlükəli yerə çevrilir”

Yayımlandı: 24 Yanvar 2023 14:48

Sakinlər düşünür ki, yaşıllıq tam məhv olandan sonra ərazi satılacaq

“Bura Qaraçuxurun yeganə uşaq parkıdır. Doğrudur, yaxınlıqda park var, amma baxımsızlıqdan böyük bir yaşıllıq ərazi göz görə-görə məhv olur. Ağaclar tam quruyandan sonra yəqin ki, buranı da satışa çıxaracaqlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki uşaq parkında nəvəsini gəzdirən 67 yaşlı qəsəbə sakini Anar Yaqubov deyir.

Bu park Əhməd Mehbalıyev küçəsində yerləşir. Qaraçuxur qəsəbəsindəki uşaq parkı sovetlər dönəmində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədi ilə salınıb.

Yaşlı sakinlər deyirlər ki, vaxtilə parkda idman alətləri, uşaqların istirahəti üçün yellənçəklər quraşdırılıb. Hovuz, müxtəlif tamaşaların təşkili üçün səhnə də olub. Amma baxımsızlıqdan idman alətləri sınıb, yellənçəklər və oturacaqlar oğurlanıb.

Parkın ətrafında evlər tikilib, bir neçə evin qapısı parkın içinə açılır. A.Yaqubov deyir ki, son illər Qaraçuxur sürətlə böyüyüb. Boş qalmış sahələrdə evlər, villalar tikilib. Hazırda parkın ərazisindən dayanacaq kimi istifadə edilir.

Sakinlərdən biri isə deyir ki, parkda idman alətlərindən qalan dəmir parçalar uşaqlar üçün təhlükəlidir:

“Başqa əlac da yoxdur. Uşaqların oynaması üçün yer qalmayıb. Heç olmasa bu dəmirləri də yığışdırıb aparsınlar”.

Parkdan uşaqların əyləncəsi üçün olan yeganə fil fiqurlu sürüşkən də xususilə azyaşlılar üçün təhlükəli hala düşüb. Sakinlər deyirlər ki, təhlükəli vəziyyət bununla bitmir. Yayda parkda ilanlar peyda olur, çünki ot-ələf dizə qədər qalxır. Parkın ətrafına atılan tullantılara görə qışda da ərazi sahibsiz itlərin məskəninə çevrilir.

Parkın sağ tərəfindəki teatr səhnəsindən yalnız bir divar qalıb. Həmin divarda da sevgi etirafları həkk olunmuş yazılar var…

Parkda uşaqlar futbol oynayırlar. Sakinlər deyirlər ki, həmin ərazidə futbol meydançası da olub. Amma meydançanın dəmir qapıları sökülüb və yoxa çıxıb. Parkdakı hovuzun içərisi də boş qalıb, sonuncu dəfə yağan qardan qalan suyun üzərində boş butulkalar üzür.

Sakinlərin sözlərinə görə, şikayətlərdən və mətbuatda verilən hansısa bir xəbərdən sonra parkın ərazisi təmizlənir, amma çox keçmir ki, vəziyyət eyni hal alır. Sakinlər böyük bir yaşıllıq ərazisinin xarabalığa çevriləndən sonra satılacağından narahatdılar.

Suraxanı İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, parkdakı vəziyyətdən xəbərdardılar.

“Park Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır və satıla bilməz. Təmizlik işi aparılsa da, təkrar eyni vəziyyət yaranır.  Ərazidə yenidənqurma işlərinə isə yalnız meriya qərar verə bilər”, – icra hakimiyyətindən bildiriblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button