Now Reading:
Qaranlıq hökumətin aydınlığı

Yaxud, seçicisiz seçki

Bu ölkə uzun illərdi ki, zülmətə qərq olub. Uzun illərdi bir qrup adam bu zülmətdə yalan və talan çırağı yandırıb. Milyonlarla insan isə bu “çıraq”ın işığına toplaşıb. Əlbəttə, belə işıq ancaq sahibinin yolunu aydınlada bilər. Həmin milyonlar isə bu “işıq”ın ətrafında zülmətə adaptasiya olunur.

Əslində, hökumət təmsilçilərinin “hər şeyi qara rəngdə görürsüz” ittihamında həqiqət payı var. Çünki vətəndaş üçün hər yeri qaranlığa bürüyüblər. Vətəndaş bunların “çıraq”ından faydalana bilmir. Bu ölkədə yalnız hökumət komandasının yolunda aydınlıq olur. Diqqət etsək görərik ki, hökumətin bütün qərarları qaranlıqlardan qidalanır. Benizinin qiymətini gecə qaldırırlar, milli valyutanı gecəyarısı ucuzlaşdırırlar, kommunal xərclərin artmasıyla bağlı qərarları qaranlıqda qəbul edirlər və.s
Bu gün isə xəbər tutduq ki, prezident seçkilərinin vaxtını da gecəyarısı dəyişiblər. Oktyabr ayında baş tutmalı olan seçkini, aprel ayına qədər sürüşdürdülər. Və yenə də qaranlıq işlərini qaranlıqda həyata keçirdilər. Daha doğrusu, bu ölkəyə ağ günlərin gəlməməsi üçün əllərindən gələni edirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı “qara siyahı”lardan əksik olmur.
Bir həqiqət də var ki, Azərbaycan son 25 ilin bütün seçkiləri seçici olmadan keçirilib. Karusellər, topa bülletenlər, MSK-nın fokusları seçicini əvəz edib. Yəni, heç vaxt xalq hakimiyyətin mənbəyi ola bilməyib. Konstitusiyanın 1-ci maddəsi həmişə əsirlikdə olub.
Oktyabrda keçirilməli olan seçkinin aprelə dartılması, belə bir qərarın verilməsiylə bağlı hər hansı açıq müzakirələrin aparılmaması da vətəndaşa verilən qiymətin göstəricisidir. Yəqin ki, bu seçki Azərbaycan tarixinə “özünəməxsusluğu” ilə düşəcək. Elə təsəvvür edin ki, bu dəfə seçkini 9 ay öncədən saxtalaşdırmağa start verilib. Digər namizədlərin necə təbliğat aparacağı həmişəyaşar namizədin vecinə də deyil. Belə tələsik qərarla hökumət imitasiyadan da imitina etmiş oldu. Amma bu qaranlıq məqamda aydın mənzərə də var. Hökumət çox narahat olduğunu, qorxduğunu, beynəlxlaq aləmdə limtinin bitdiyini, sığındığı Rusiyanın sığortasına belə etibar etmədiyini, xalqın kütləvi narazılığını, oktyabra qədər ölkədə vəziyyətin daha da pis olacağını etiraf etmiş oldu. Ötən ilin sonunda müşavirə keçirib, bu ili “dinamik inkişaf ili” kimi dəyərləndirdilər. Normalda oktyabra qədər bu inkişafı xalqa təqdim etməli və rahatlıqla xalqdan səs istəməliydilər. Amma növbədənkənar seçki qərarı verməklə inkişafın növbəsinin gəlməyəcəyini də etiraf etmiş oldular.
Bir sözlə, hökumət növbəti dəfə seçicisiz seçkiyə start verir. Və beləliklə, topu xalqın qapısına göndərdi. İndi xalq da bu topu hökumətin qapısından keçirməyi bacarmalıdı. Ədalətsiz hakimin “qırmızı kart”ına təslim olaraq , “yaşıl meydan”la vidalaşmaq olmaz. Hökumətin gecənin qaranlığında etdiklərinə, işıqlı səhərlərdə cavab vermək lazımdı. Ən həlledici, ən əhəmiyyətli, ən etibarlı seçki qutusu xalqın özüdür.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.