"Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı" - 24 saat xəbərlər
Now Reading:
“Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı”
Full Article 4 minutes read

“Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı”

“Biz qohumlarla məhkəmənin bayırında dayanıb iclasın başlanmasını gözləyirdik. Həm də nəyi necə edək, qardaşımı bu şərdən, məhkəmə cəzasından necə qurtaraq deyə, müzakirə edirdik. Məhkəmə binasına girəndə gördük ki, qardaşım dəhlizdədir, bir anda üstünə benzin töküb özünü yandırdı”. Bu sözləri Biləsuvar sakini, 28 yaşlı Elvin Qasımovun qardaşı Mayis Qasımlı deyir. 

Onun sözlərinə görə, qardaşı fevralın 14-də ağır yanıq xəsarətləri ilə əvvəl rayon xəstəxanasına, ordansa Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə götürülüb. 

Ailə üzvləri Meydan TV-yə danışırlar ki, hazırda ağır durumda olan Elvin Qasımov özünü Biləsuvar Rayon Məhkəməsinin qarşısında yandırıb. Mayis Qasımlı deyir, Elvin Qasımov şəxsi avtomobili ilə taksi xidməti göstərir. Fevralın 11-də gecə saatlarında kəndə müştəri aparıb, sonra daimi dayandığı nöqtəyə – bazarın qarşısına qayıdıb. Qarşısına qəfil maneə çıxdığına görə avtomobili saxlayarkən əyləci möhkəm basıb. Hər şey də bundan sonra başlayıb:

“Qardaşım maşını saxlayan kimi mülki geyimdə olan bir nəfər qapını açaraq əyləci niyə möhkəm basdığını soruşub. Qardaşım da bildirib ki, qarşısına maneə çıxdığına görə məcbur olub. Həmin şəxs kobud davrananda qardaşım deyib, ümumiyyətlə, sən kimsən. Maşın özümündür, özüm bilərəm. Bu zaman maşına mülki geyimli ikinci şəxs yaxınlaşıb, bunlar ikisi də birləşərək qardaşımı maşından yerə düşürüblər, deyiblər, indi sənə kim olduğumuzu göstərərik. Sonra da zəng vurub əlavə qüvvə çağırıblar, deyiblər ki, təcili əlavə qüvvə gəlsin, vətəndaş tabesizlik nümayiş etdirir. Qardaşım onda bilib ki, bunlar polis əməkdaşlarıdır”.

Mayis Qasımlı deyir ki, post-patrul maşınında əlavə yeddi-səkkiz polis işçisi gəlib, qardaşını bazarın qarşısında yerlə sürüyüb post-patrul maşınına atıblar, şöbəyəcən olan 4-5 kilometr yolu maşının içərisində döyə-döyə aparıblar:

“Mənə zəng gəldi ki, qardaşını 7-8 polis sürüyə-sürüyə maşına mindirib apardılar. Getdim şöbəyə, qardaşımla görüş tələb etdim, yalandan dedilər ki, səni görmək istəmir. Bir zülmlə qardaşımı görə bildim, üzü-gözü qan içində, alnını, ağız-burnunu partladıblar. Dedi: “Bütün bədənim ağrayır, hər yerimə vurublar. 7-8 polisin hərəsi bir tərəfdən vəhşicəsinə döyüblər məni”. Həmin gecə bir nəfərin köməyi ilə qardaşımı birtəhər şöbədən çıxartdıq. Dedilər, heç yerə şikayət etməyin, yoxsa işi daha da çətinə salarsız, tutarlar. Sabah gələrsiz, təqribən 500 manat cərimə yazılar, maşını da götürüb çıxıb gedərsiz. Biz bildirdik ki, maddi vəziyyətimiz çətindir, o məbləği ödəmək imkanımız yoxdur, üstəlik də bu adam heç nə eləməyib, qarşısına qəfil maneə çıxıb, əyləci basıb, nə etməli idi, maşını adamın üstünə sürməliydi? 7-8 polis vurub ağız-burnunu partladıb, bir də cərimə ödəməlidir? Dedilər, gəlin, vəziyyəti nəzərə alarıq, 100 manatla yola verərik”.

Növbəti gün səhər saatlarında Elvin Qasımov yenə ailə üzvləriylə polis şöbəsinə gedib.

Rəis yerində olmadığı üçün onlara günün ikinci yarısı gəlmələrini tapşırıblar. Günün ikinci yarısı şöbəyə gələndə onlara bildirilib ki, işi məhkəməyə yollayıblar:

“Növbəti günün ikinci yarısı məhkəməyə getdik, hələ məhkəmə başlamamışdı. Bizə şöbədən demişdilər ki, yüngül maddələr yazılıb, uzağı 200 manatadək cəriməsi var, narahatçılığı yoxdur. Məhkəmədə isə məlum oldu ki, avtoxuliqanlıq yazıblar, cəriməsi də 500 manatdan 800 manatadəkdir. Polisə tabe olmayıb, 1 ay həbsdə qalmalıdır və 1 il sürücülük vəsiqəsindən məhrum olacaq, 500 manat da cərimə ödəyəcək. Biz məhkəmənin çölündə yaxınlarımızla vəziyyətdən çıxış yolları axtarırdıq. Məhkəmə iclası başlayana yaxın qardaşım üstünə benzin töküb girdi məhkəmənin dəhlizinə, özünü yandırdı. Məhkəmə binasında yanğınsöndürən vasitələr də yox idi. Özümüz gödəkçələrimizi çıxarıb qardaşımı yerdə çırpa-çırpa söndürməyə çalışırdıq”.

Elvin Qasımov özünü yandırmamışdan əvvəl Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub, polislər tərəfindən ona qarşı olan haqsızlıqlara etiraz olaraq özünü yandıracağını deyib.

Özünü yandırdıqdan sonra hadisə yerinə gələn təcili yardım maşını əvvəlcə Elvini rayon xəstəxanasına götürüb, ancaq durumunun ağır olması səbəbindən o, Bakıya yola salınıb. 

Biləsuvar Rayon Polis Şöbəsindən bildirilib ki, 1991-ci il təvəllüdlü Elvin Qasımov fevralın 11-də axşam saatlarında “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edib, polisə tabe olmayıb və müqavimət göstərib. Ona qarşı rayon polos şöbəsində hər hansı fiziki təzyiq olmayıb. Araşdırma zamanı onun avtomobilinin sənədlərinin də qaydasında olmadığı üzə çıxıb. Növbəti gün inzibati tədbir görülməsi üçün Biləsuvar Rayon Məhkəməsinə götürülüb. Orada qəflətən üzərinə neft tökərək özünü yandırıb.

Elvin Qasımovun qardaşı polislərin hərəkətlərindən Biləsuvar Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Elvin Qasımovun başına gələnləri valideynlərinə bildirmirlər. Səbəb hər iki valideyninin ağır xəstə olmasıdır.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.