Loading...
Loading...
Xəbərlər

Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri yeridilir

Bakı/06.01.22 Ötən gecə Qazaxıstanın müxtəlif şəhərlərində etirazçıların polis və daxili qoşunlarla toqquşması davam edib. Nəticədə hər iki tərəfdən onlarla həlak olan var.

Ölkə prezidenti əhaliyə müraciət edərək iğtişaşların xarici qüvvələr və terrorçular tərəfindən təşkil edildiyini bildirib.

“Ölkəmizin ərazisinin təxminən yarısını iğtişaşlar bürüyüb. Almatıda xüsusilə ağır vəziyyət yaranıb. Xuliqanlıq edən ünsürlərin yüksək mütəşəkkilliyi diqqəti cəlb edir. Bu, maddi motivasiyalı sui- qəsdçilərin diqqətlə düşünülmüş fəaliyyət planından xəbər verir”, – Tokayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan aqressiyaya məruz qalıb, ona görə də yardım xahişilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

Rusiya KİV-i bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri hərbi infrastruktur obyektlərini və digərlərini mühafizə edəcək. Ölkə hakimiyyəti onların çıxmasını xahiş edənə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələri Qazaxıstanda qalacaq.

Bu arada, ötən gecə Almatı aeroportu da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində bir çox obyektlər qarətçilərin hücumlarına məruz qalıb. İnternet banklara, mağazalara, ticarət və inzibati obyektlərə hücumlara dair şokedici kadrlarla doludur.

Yanvarın 6-da səhərdən şəhərdə iğtişaşları törədənlərin təmizlənməsi əməliyyatı başlayıb. Polis əhalini evlərini tərk etməməyə çağırıb.

Ölkədə bankların və Fond Birjasının fəaliyyəti dayandırılıb. Qazaxıstanın əksər hissəsində İnternet və mobil rabitədə kəsintilər yaranıb.

Tokayev Qazaxstanın güc qurumlarının rəhbərlərini dəyişib, böyük yollara qoşun yeridilir. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button