Qazaxıstanda redaktora bir qutu ət, uşaqlarının fotoları göndərilib

Qazaxıstanın Almatı şəhərində Ulysmedia.kz xəbər saytının baş redaktoru naməlum adamlardan içərisində ət parçası və uşaqlarının fotoları olan qutu alıb.
O bildirir ki, bu bağlamanın göndərilməsindən məqsəd onun və redaksiya heyətinin hədələnməsidir.
Samal İbrayeva AzadlıqRadiosuna deyib ki, qutu internet saytı redaksiyasına fevralın 8-də çatdırılıb.
Jurnalist bu hadisəni komandasının peşə fəaliyyətinə görə hədələnməsi kimi qiymətləndirdiyini deyib və əlavə edib ki, bu, ilk belə təhdid cəhdi deyil.
Yanvarın 18-də Ulysmedia.kz saytı haker hücumuna görə işini dayandırmalı olmuşdu.
AzadlıqRadiosu qeyd edir ki, sözü gedən hadisə Qazaxıstanda son vaxtlar müstəqil medianın təzyiqlərlə üzləşdiyi zamana təsadüf edir.
Almatıda jurnalistlərin hüquqlarını müdafiə edən Adil Soz (Adil Söz) qrupu bildirib ki, yanvarın 1-dən bütün Mərkəzi Asiya boyunca jurnalistlərə qarşı azı beş hücum olub.
Prezident göstəriş versə də
Ulysmedia.kz də daxil Qazaxıstan medialarının son vaxtlarda yazdıqları əsas mövzu Rusiyanın Ukraynaya qarşı təcavüzü və Qazaxıstanda ötən ilin əvvəllərində iğtişaşlara çevrilmiş etiraz aksiyalarının nəticələridir.
Həmin hadisələr zamanı 19-u hüquq-mühafizə əməkdaşı olmaqla 238 nəfər həlak olmuşdu.
Yanvarın 20-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sözçüsü Ruslan Jeldıbay deyib ki, prezident jurnalistlərin üzərinə hücumların hər birinin təhqiq olunmasına göstəriş verib.
İbrayeva AzadlıqRadiosuna deyib ki, prezidentin göstərişinə baxmayaraq bu sahədə hələ də tədbirlər görülmür.
Beynəlxalq insan haqları təşkilatları və bir neçə Qərb ölkəsinin səfirlikləri Qazaxıstanı jurnalistlərin hüquqlarının müdafiəsinə çağırıblar.