ÖLKƏ

Qazaxıstanın sovet pasportlu sakinləri

Bu il oktyabrın 7-dək qazaxıstanlı Larisa Çernışevanın kimliyini təsdiqləyən sadəcə bir sənədi var idi, o da oraq-çəkicli, qırmızı sovet pasportu idi. Bu pasportları “eBay”də tarix həvəskarlarına 50 dollara satmaq mümkün olsa da, Çernışeva üçün onun heç bir əhəmiyyəti qalmamışdı.

Qazaxıstan hökumətinin verdiyi kimlik kartı olmadan 68 yaşlı qadının bir çox yaşlılar üçün əsas dolanışıq mənbəyi olan dövlətin kiçik güzəşt və müavinətlərinə də əli çatmırdı.

“Ömrüm boyu zəhmət çəkmişəm, ancaq son on il olar ki, səhhətim pisləşib. Qazaxıstan sənədim olmadığından həkimlər məni qəbul etmirdi, özəl klinikaya da pulum yoxdur”, – o deyir.

Pensiya da ala bilmirdi

Çernışevanın son səkkiz ildə pensiyaya haqqı çatsa da, onu da ala bilmirdi. Qazaxıstanda orta pensiya təqribən ayda 100 min tenge (235 dollar) təşkil edir. Qadınlar 60, kişilərsə 63 yaşdan təqaüdə çıxa bilərlər.

Çernışevanın hekayəsi Qazaxıstan üçün unikal deyil. Ölkənin ucqar kənd ərazilərinin şəhərlərdə yerləşən dövlət qurumları ilə təması azdır. Bir çox yerlərdə sovet vaxtından bəri çox şey dəyişməyib.

Aktobe bölgəsinin Muqaljar kəndində yaşayan Çernışevanın qonşusu Serikbay Yesetov dəfələrlə onu və oğlunu öz maşınında yaxınlıqdakı şəhərdəki hökumət idarələrinə apardığını deyir. Ancaq onlar Çernışevanın sovet pasportundan doğan bürokratik əngəli aşa bilmirlər. “Bu ailəyə kömək lazımdır. Onlar Qazaxıstan sənədlərini köməksiz ala bilməyəcəklər”, – Yesetov deyib.

Radio yazandan sonra…

Vəkil Nurlan Yessenqulov da ana-oğula xidmətlərini pulsuz təklif edib. Ancaq o da məsələni yerli icra hakimiyyəti qurumlarından o yana irəlilədə bilməyib. “Sovet pasportunun qanuni qüvvəsi yoxdur. Bu isə onun sahibini avtomatik gücsüzləşdirir. Dövlət buna imkan verməməlidir”, – Yessenqulov AzadAvropa/AzadlıqRadiosu-na (RFE/RL) söyləyib.

Ancaq Çernışevanın hekayəsi xoşbəxt sonluqla bitib. O deyir ki, AzadlıqRadiosu-nun qazax xidmətinin onun pasportu haqda materialından sonra “polisdən adamlar gəlib” onun şəklini çəkiblər. Onu yaxınlıqdakı Kandıagaş şəhərinə aparıb ona Qazaxıstan kimlik kartı veriblər.

“İndi mən Qazaxıstan vətəndaşıyam”, – Çernışeva deyir. O indi də pensiya almaq üçün müraciət edir. Bir polis rəsmisi radioya Qazaxıstanda bunun kimi hekayələrin yayğın olduğunu deyib.

Təkcə bu il ölkədə ya ümumiyyətlə sənədi olmayan, ya da yeganə sənədi sovet dövründə alınan insanlara 178 sənəd verilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button