2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qazaxıstanlı imam arvadı ‘düzgün’ döyməkdən danışır

Facebook sosial şəbəkəsində yayılmış bir videoda bir şəxs qazax dilində dinin qadınların travma yaratmadan döyülməsinə icazə verdiyini deyib. Video istifadəçilərin qızğın müzakirəsini doğurub. Cəmi bir neçə gün ərzində videonu 450 min nəfərdən artıq adam paylaşıb. İstifadəçilərin çoxu videoda səsləndirilən fikri tənqid edib.

Bəzi istifadəçilər həmin videonun üç il öncə YouTube-da paylaşıldığını, Məhəmməd peyğəmbərin hədisinə istinad edərək danışan kişininsə əvvəllər Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (QMRİ) respublika informasiya-təbliğat qrupunun üzvü Rizabek Battauly olduğunu bildirirlər. Həmin şəxsin hazırda Almatıda «Nur Mübarək» universitetinin müəllimi olduğu deyilir. Battauly-nın özü AzadlıqRadiosunun qazax redaksiyasına danışaraq, videonun məzmununu şərh etməkdən imtina edib.

«Paradoks»
Videoda danışan şəxs deyir ki, şəriət qadınları travma və sınıqlara yol vermədən döyməyə, «onların boynunu bərk sıxmağa» icazə verir. O, həmçinin xatırladır ki, «…əcdadlarımızın evlərində qadınları «tərbiyələndirmək» üçün divardan qamçı asılırdı». Həmin şəxs videonun sonunda deyir ki, qadınları döyməyə çağırış etmir və «belə hərəkətlər zəif kişilərə xasdır». «Ən güclü kişi qadına əl qaldırmadan onu özünə tabe etdirə bilən kişidir», – o deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkədə bəzi istifadəçilər bu məsələdə dövlətin gücsüzlüyünü vurğulayıblar. İstifadəçilərdən biri qanunun ailədə nə qadınları, nə də uşaqları qoruya bildiyini yazıb.

Facebook istifadəçisi Beket Smanov yazıb: «Görəsən, dində niyə bu qədər ziddiyyət var? Məsələn, heyvanları incitmək və vurmaq olmaz, çünki o dünyada buna görə cavab verməli olursan. Ancaq burada deyirlər ki, arvadı döymək lazımdır. Paradoks».

Togas Bayzhigit adlı istifadəçi videodakı şəxsi qınayaraq, onu «orta əsrlərin qaranlığında yaşayan, din pərdəsi altında zorakılığa səsləyən cahil adam» adlandırıb. Başqa bir istifadəçi belə moizələrə görə dinin onu məyus etdiyini, digəri isə videodakı şəxsin məsuliyyətə cəlb edilməli olduğunu yazıb.

Dəstəkləyənlər də var
Ancaq istifadəçilər arasında videoda deyilənləri dəstəkləyənlər də var. Perdebay Ospanov həmin şəxsin şəriətə uyğun danışdığını yazıb. Serik Kulmanov-sa qadınları videoda deyilənləri daha dərindən anlamağa çağırıb və deyilənlərin hədislərdən götürüldüyünü yazıb.

Guljan Erjanova adlı istifadəçi deyilənlərin ərlərinin sözünə baxmayan, onlara səsini qaldıran, namaz qılmayan və oruc tutmayan qadınlara nəsihət olduğunu qeyd edib.

QMRİ-nin mətbuat katibi Agabek Konarbay özünün Facebook səhifəsində videoya münasibət bildirib. O, videodakı şəxsin Rizabek Battauly olduğunu təsdiqləyib.

Konarbay qeyd edib ki, Battauly heç vaxt imam olmayıb və informasiya-təbliğat qrupunun üzvü kimi «dindarlardan gələn suallara öz vətəndaş mövqeyini bildirib».

O əlavə edib ki, din xadimləri şəriətdəki həssas məsələlərlə bağlı şəxsi mülahizələrini yürütməməlidirlər.

Hər səkkiz qadından biri
«Feminita» təşəbbüs qrupunun həmtəsisçisi və qadın hüquqları müdafiəçisi Gulzada Serzhan hesab edir ki, video Qazaxıstan cəmiyyətində qadınların əsl durumunu göstərib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər üç qadından biri həyatı ərzində fiziki və cinsi zorakılığa məruz qalır. Qurum zorakılıq riskini artıran amillər arasında «zorakı şəxs»in aşağı təhsil səviyyəsini, uşaqlıqda qəddar münasibətlə üzləşməsini, yaxud da böyüdüyü ailədə zorakılığı müşahidə etməsini, spirtli içkilərdən sui-istifadəni, habelə cəmiyyətdə zorakılıq və gender bərabərsizliyinə dözümlü münasibəti göstərib.

BMT-nin statistikasına görə, Qazaxıstanda hər səkkiz qadından biri məişət zorakılığına məruz qalır.

Ölkənin Baş Prokurorluğunun məlumatına görə, 2016-cı ildə bədənə yüngül xəsarət yetirməyə görə məsuliyyətə cəlb etmə tələbi ilə bağlı 4 min 401 ərizə daxil olub. 2 min 892 şəxs məhkəmə qərarlarına əməl etmədiyinə, yaxud təkrar məişət zorakılığına yol verdiyinə görə məsuliyyətə cəlb edilib. 2016-cı ildə ölkədə 36 qadın və bir uşaq məişət zorakılığı zəminində qətlə yetirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button