Now Reading:
Qazilər döyülür, deputatlar isə mandat satır

Qazilər döyülür, deputatlar isə mandat satır

Sosial şəbəkələrdə SOCAR qoçularının Qarabağ qazilərinə hücumunu əks etdirən videogörüntülər yayılıb. Bakının Binəqədi rayonunda baş verən bu rəzalətə polis də seyrçi qalıb. Görüntülərdə özünü Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları kimi təqdim edən SOCAR qoçularının qazilərə açıq-aşkar zor tətbiq etdiyi görünür.

Münaqişə Qarabağ qazilərinin ərazidə fərdi ev tikintisi apardığı zaman baş verib. Diqqət etsəniz, yaxın ətrafda onlarla ev tikilib. Amma qoçular əlil qazilərin üstünə yeriyərək məhz onlardan tikintini dayandırmağı tələb edirlər. Tikinti zorla dayandırılarkən onlarla Qarabağ müharibəsi əlilləri arasında münaqişə yaranır. Məlumata görə, hadisə nəticəsində Qarabağ qazilərinin bir neçəsi bədən xəsarəti alıb. Qazilərdən biri deyir ki, qoçular onu öz əlil ağacı ilə döyüblər. Məsələnin böyüdüyünü görən BŞBPİ açıqlama yayıb. Açıqlamada deyilir ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi qadağan imiş. Anladıq. Bəs o zaman ətrafdakı yaşayış evlərinin tikintisinə kim icazə verib? Niyə o ərazidə adi insanlar pulunu verib ev tikə bilər, qanını bu torpaq üçün axıtmış bir qazi yox? Qadağansa, başqa bir normal yerdən torpaq sahəsi ayırın o Qarabağ əlilinə. Nədir bu Qarabağ döyüşçüləri ilə olan düşmənçiliyiniz? Nədir onlara qarşı amansızlığınız?

Yetər bu qəddarlıq! Yetər bu qudurğanlıq! 3 milyona mandat alveri edən adamların ölkənin başında at oynatdığı yetər! Artıq əsəblər tarıma çəkilib. 26 illik hakimiyyətin polis zorakılığı üzərində qurulmuş idarəçilik sistemi ölkəni fəlakətin astanasına gətirib. Qanunsuzluq və özbaşınalıq görünməmiş həddə çatıb. Yuxarılara arxalanan özbaşına sistem əhalinin ən zəif təbəqəsini belə əzib keçir. İnsanlar qəzəb püskürür. Ölkə böyük etiraz mitinqlərinə hamilədir. Qalx, haqqını tələb et, Azərbaycan insanı. Qalx, qazinə sahib çıx. Qaradan tünd rəngmi var? Bütün dəyərləri ayaq altına atılmış, heysiyyatı tapdanmış xalq bu qədər haqsızlığa susqun qala bilməz. O haqqa gedən yol ancaq meydanlardan keçir. Meydanlara çıxmağın zamanıdır!

Azerbaycansaatı.tv

Input your search keywords and press Enter.