2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qaziləri intihara sürükləyən səbəblər

İntihar qəsdən insanın özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı problemlərdən və ya zorbalıqdan yarana bilər.

2019-2020-ci illərdə Azərbaycanda 1182 intihar və 1830 intihara cəhd hadisəsi baş verib. Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında yer alan məlumatda 612 nəfərin özünə qəsd etdiyi bildirilib. Qeyd olunub ki, intihar hadisələrinin 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib…

İntiharlar əsasən bir neçə vasitə ilə həyata keçirilir: hündürlükdən atılma, özünü asma, zəhərləmə və Azərbaycanda “populyar” olan özünü yandırma…

Saytların yığılması Saytlarin yigilmasi

İntiharın ən ağrılı və ən dəhşətli üsuluna bizim ölkəmizdə əl atırlar. Başqa özünəqəsdlər insanın özünü həyatdan məhrum etməsinə yönəlibsə, dövlət qurumlarının qarşısında üzərinə benzin töküb özünə od vurmaq haqsızlığı, zülmü və onun qarşısında özünü aciz hesab edən insanın üsyanını, fəryadını ehtiva edir… Ona əl atanların bir çoxu isə dövlət, Vətən qarşısında sağlamlığını qurban vermiş, əslində ölkənin ən imtiyazlı təbəqəsi olan qazilərdi. Müharibənin bitməsindən 1il 8 ay keçib, amma qazilərin etirazı, fəryadı Azərbaycanı başına götürüb. Məşhur sualda deyildiyi kimi, nə baş verir, niyə baş verir, niyə belə olmalıdır axı?

Rəsmi rəqəmlərə görə, 44 günlük Vətən müharibəsində 12 min nəfərə yaxın hərbçi yaralanıb, onlardan 2800 nəfərə yaxınına əlillik, 5544 nəfərinə isə sosial ödəniş təyin edilib. 

Müharibə əlilləri qanunvericiliklə bir sıra sosial təminatlara malikdirlər. Bu təminatlar aşağıdakılardan ibarətdir:

Müharibə əlillərinə birdəfəlik sığorta ödənişi;

I dərəcə əlilliyi olan şəxslərə 8800 manat;

II dərəcə əlilliyi olan şəxslərə 6600 manat;

III dərəcə əlilliyi olan şəxslərə 4400 manat.

Əmək stajından asılı olaraq, pensiya (əmək pensiyasının sığorta hissəsinə əlavə) və ya müavinət ödənişi;

I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir.

əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan şəxsə 130, III dərəcə əlilliyi olan şəxsə 110 manat məbləğində müavinət ödənilir.

Prezidentin aylıq təqaüdü;

I qrup əlillərə – 400 manat (əlavə olaraq, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində təqaüd ödənilir);

II qrup əlillərə – 350 manat;

III qrup əlillərə – 300 manat

Müharibə əlillərinin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına 15 manat məbləğində aylıq müavinət ödənişi;

Hərbi xidmət dövründə xəstələnmə ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar I qrup əlilliyi olan şəxslərə 130 manat məbləğində Prezidentinin təqaüdü;

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dispanser qeydiyyatında olan uşaqlarına 15 manat məbləğində aylıq müavinət ödənişi;

Müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, həmçinin bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursları keçirilir;

Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

Müharibə əlilləri və iştirakçıları, həmçinin onların övladları üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

 Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə avtomobillər dövlət tərəfindən təqdim edilir. (növbəlilik əsasında)

Müharibə əlillərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq 80 manat məbləğində sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüd ödənilir.

Qeyd edək ki, bu təminatlar digər vətəndaşlara ödənilən müavinətlərdən, pensiya və əməkhaqlarından ciddi fərqlənmir. Belə ki;

2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Ölkədə minimum əməkhaqqı 300, orta aylıq maaş 768 manatdır, pensiyalar isə 240 manatdan başlayır. Bununla yanaşı, 65 yaşa çatan, pensiya hüququ olmayan vətəndaşlara 180 manat müavinət təyin olunur. Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63 yaş, orta ömür uzunluğu 75 yaşdır.

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən yaradılan və ianələr hesabına fəaliyyət göstərən YAŞAT Fondu tərəfindən də dəstək göstərilib. Fonda toplanan 74 milyon manatın 62.6 milyon manatı xərclənib, 11 milyon manat isə qalır. Bu günlərdə açıqlanan hesabata görə, xərclərin 43 faizi imtiyazlı təbəqənin məişət şəraitinin yaxşılaşdırılmasına, 38.19 faizi tibbi xərclərin ödənilməsinə, 16.3 faizi borç öhdəliklərinin bağlanmasına, 1.56 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişaf etdirilməsinə sərf olunub.

Bu hesabat əslində şəhid ailələrini və qazilərin hansı problemlərlə qarşılaşdığını dəqiq ortaya çıxarır. Ev, müalicə, banklar qarşısında borc öhdəlikləri onların ehtiyac içərisində yaşadığını, elementar xərclərini qarşılamaqda çətinlik çəkdiklərini göstərir. Etirazların mənbəyini burada axtarmaq lazımdır:

Birincisi, dövlət tərəfindən əlilliyi təsdiqlənən qazilərin sayı müharibədə yaralananların dörddə birini təşkil edir. Hazırda qüvvədə olan əlillik dərəcələrinin təyinatı meyarları, habelə səhiyyə və sosial qurumlarda hökm sürən bürokratiya və süründürməçilik halları sağlamlığını itirmiş müharibə iştirakçılarına bu hüquqlardan yararlanmağa imkan vermir. Nəticədə onlar həm dövlət təminatından, həm də YAŞAT Fondunun verdiyi dəstəkdən məhrum olur.

İkincisi, dövlət və qeyri-dövlət yardımları müharibə əlillərinin qayığlarını bir qədər yüngülləşdirir, amma onları kökündən həll etmir. Çünki dəstəyin həcmi azdır, hazırda ölkədə müşahidə olunan inflyasiya onları sürətlə dəyərsizləşdirir. YAŞAT Fondunun yardımları isə hər qazi və şəhid ailəsi üzvü bir dəfə yararlana bilər. Müharibə iştirakçıları dövlətdən daimi gəlir mənbələrinin yaradılmasını tələb edirlər: başda özləri və yaxınları üçün iş, sosial müavinətlər gəlir. Qeyd etdiyimiz kimi, bu, indiki şərtlər daxilində hamı üçün əlçatan deyil.

Üçüncüsü, dövlət məmurlarının qazilərə və şəhid ailəsi üzvlərinə qarşı bir çox hallarda kobud davranışları narazılıq yaradır. Xüsusən, şəhidlərin il mərasimlərindən sonra əksər icra qurumlarında və nazirliklərdə ənənəvi münasibətin sürətlə bərpa olunduğu müşahidə olunur. Bu isə qıcıq yaradır və qarşıdurmaya çevrilir.

Başqa səbəblər də yazmaq olar. Bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, ümumilikdə ölkədə sosial gərginlik, əhalini yoxsullaşdıran bahalıq və inflyasiya, dövlət qurumlarının problemlərə etinasız və adekvat olmayan münasibəti cəmiyyətdə psixoz yaradır. Əksəriyyət narazıdır və mənfi enerji bütün təbəqələrə sirayət edir. Bu arzuolunmaz atmosferdə qazilər ən yüksək dövlət təminatı altında olsalar belə özlərini rahat hiss edə bilməyəcəklər. Ona görə də ölkədə dərin, hərtərəfli sosial, iqtisadi, siyasi islahatların aparılmasına ehtiyac var. Dövlət bu barədə düşünməlidir…

Turqut

24 saat” “Qaziləri intihara sürükləyən səbəblər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button