Loading...
Loading...
Xəbərlər

QHT Koalisiyası Ermənistandan kompensasiya və azad edilmiş ərazilərdə layihələrin şəffaflığını tələb edib

Bakı/24.01.22 Mədən Sənayesində Şəffaflığın Artırılması(MSŞA) QHT koalisiyası Qarabağda yerləşən dağ-mədən yataqlarının istismarı ilə qiymətləndirmə sənədi ilə çıxış edib.

Qeyd edək ki, sözügedən koalisiya Hasilat Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsünün (HSBŞT) yerli tərəfdaşıdır.

Koalisiyanın araşdırmasında göstərilir ki,  Ermənistanın Azərbaycana qarşı təcavüzü Dağlıq Qarabağ və ətraf  7 rayonunun  nəticəsində 30 il ərzində  bu ərazilərdə olan qızıl, gümüş, mis, molibden və s. qiymətli metalların qanunsuz istismarı aparılıb və təbii sərvətlər  talan edilib.

Əsasən qanunsuz qızıl hasilatı Zəngilan rayonunda “Vejnəli” yatağında aparılıb. Bu, kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Burada təsdiq edilmiş ehtiyatlara görə,  C1 kateqoriyası üzrə filiz 183 min ton, qızıl 2,169 ton, C2 kateqoriyası üzrə filiz  433 min ton, qızıl  4,347 ton təşkil edib.. C1 kateqoriyası üzrə gümüş  0,19 ton, C2 kateqoriyası üzrə gümüş  9,9 ton, C1 kateqoriyası üzrə mis 0,2 min ton, C2 kateqoriyası üzrə mis  2800 ton təşkil edib.

Ermənistan işğal illərində qızıl və gümüşlə zəngin olan “Zod” ( ermənilər Sotk adlandırırlar) yatağını istismar edib. Baxmayaraq ki, Ermənistan ərazisinə yatağın yalnız 30 faizi düşürdü, yatağın tamamilə istismarını həyata keçirib.

Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni Ermənistan iqtisadiyyatında əhəmiyyətli yer tutan sahələrdən biri olub və rəsmi məlumatlara görə, qızıl mədənini istismar edən Rusiyanın “GeoProMining Gold” şirkəti Ermənistanın ən böyük 4-cü vergiödəyicisi olub. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.  2019-cu ildə “GeoProMining Gold” şirkəti Ermənistan dövlət büdcəsinə 32 milyon dollar vergi ödəyib.

Hazırda Qarabağın şimalında, Ağdərə zonasında ermənilərin nəzarəti altında “Qızılbulaq”, “Mehmanə”, “Canyataq-Gülyataq”, “Heyvalı” (Drmbon) qiymətli və əlvan metal yataqları qalmaqdadır.

2002-ci ilin avqust ayında ermənilərin “Valeks qrup” («VALLEX Group») şirkəti tərəfindən “Base Metals” adlı şirkət yaradılıb.

Hazırda Drmbon mədən kombinatı Heyvalı (Drmbon) və Dəmirli (Kaşen) yataqlarından hasil edilən 700 000 ton dəmir filizini emal edə bilər.

“Base Metals” şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yataqlarda olan mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. Bununla əlaqədar Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon ton filiz istehsal edən mədən emal zavodu tikilib. Bu isə öz növbəsində, artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində bir çox ölkəyə aid şirkətlər mədən hasilatı ilə məşğul olaraq qanunsuz fəaliyyət göstərib. Jurnalist araşdırmaları nəticəsində əsas hasilat şirkətlərinin Argenitina, Avstraliya, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya, Çin, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər  dövlətlərin vətəndaşlarına aid özəl şirkətlərin işğalçı Ermənistan və bölgədəki separatist rejimlə birlikdə  yaratdığı törəmə şirkətlər olduğu  müəyyən edilib.

Azərbaycanın hüquq-mühafizə orqanları “Canadian First Dynasty Mines Ltd”,” GeoProMining Ltd “(RF), “GPM Gold”, “Global Gold Armenian Ltd”, “Geologix Group”, “Rodino Haskovo”, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”,” Indian Sterlite Gold Ltd” və “Cosmote Mobile Telecommunications S. A” və digər şirkətlərin qanunsuz fəaliyyət göstərdiyini  müəyyən edib. İşğalçı dövlət ənənəvi beynəlxalq humanitar hüququ, o cümlədən 1907-ci ildə qəbul edilmiş İV Haaqa Qaydaları və 1949-cu il İV Cenevrə Konvensiyasını pozub.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

“İşğala məruz qalmış, qanuni inzibati idarəçiliyi itirilən və hüquqi statusu hələ də naməlum qalmış ərazilər haqqında Cenevrə  konvensiyası”na əsasən, münaqişə nəticəsində uzunmüddət işğal  altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə şirkətlərin mədən hasilatı ilə məşğul olması qadağandır. İşğalçı dövlətin işğala məruz qalmış ərazinin hər hansı bir təbii resurs qaynağını və əmlakını öz iqtisadiyyatının xeyrinəi stismar etmək üçün qanuni səlahiyyəti yoxdur.

Bundan əlavə, MSŞT strategiyasına əsasən, şirkətlər təbii sərvətlərin hasilatında ərazi üzrə beynəlxalq  qurumların tanıdığı hüquqi idarəçiliyə malik dövlətlə müqavilə bağlamalıdırlar.

Bununla yanaşı, qiymətləndirmə sənədində göstərilir ki, İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonunda “Vejnəli” yatağı tamamilə işğalçılardan azad edilib, “Zod” (Kəlbəcər) yatağında faydalı qazıntıların hasilatı  ermənilər tərəfindən dayandırılıb. Hazırda “Zod” yatağının da Azərbaycan tərəfindən istismar olunması planlaşdırılır.

28 sentyabr 2021-ci il tarixində Azərbaycan hökuməti ilə “Anglo Asian Mining PLC” şirkəti arasında  yenilənən hasilatın pay bölgüsü sazişinə əsasən iki müqavilə sahəsi – “Vejnəli” və “Qızılbulaq” yataqlarının istismarı bu şirkətə verilib və  “Söyüdlü” müqavilə sahəsi isə ləğv edilib. Bu müqavilə sahələrinin hər biri ilə bağlı hasilatın pay bölgüsü sazişi üzrə fəaliyyətlər  Azərbaycan hökumətinin şirkətə bütün hərbi əməliyyatların dayandırılması və əraziyə girişin təhlükəsiz olması barədə bildirişindən sonra başlanacaq. Bundan sonra “Anglo Asian Mining PLC” beş il müddətinə kəşfiyyat və gələcək hasilat potensialının qiymətləndirilməsi işlərinin aparılması, daha sonra iki dəfə beş il uzadılmaqla 15 il müddətində inkişaf və istismar  etmək hüququna malikdir.

Azərbaycan Respublikası prezidentinin 29 may 2021-ci il tarixli fərmanına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyilə Türkiyə şirkətləri arasında 30 sentyabr 2021-ci il tarixli sazişə əsasən, onlar Azərbaycanın Qarabağ bölgəsində üç mühüm filiz yatağının işlənməsinə başlamaq üçün hüquqi əsas əldə edirlər.

Lakin bu  sazişlərin şərtlərinin ictimayyətə açıq olmaması xüsusi ictimai narahatlıq doğurur.

QHT Koalisiyası bütün qeyd olunanları nəzərə alaraq beynəlxalq qurumları, hökumətlərarası təşkilatları, beynəlxalq insan hüquq və azadlıqları təşkilatlarını, eləcə də MSŞT  üzrə Beynəlxalq Katibliyi  məsələnin hüquqi tərəflərini nəzarətə götürərək işğalçı Ermənistana  və orada qanunsuz fəaliyyət göstərmiş və hazırda da göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi tədbirlər görməyə çağırır.

Həmçinin Azərbaycanın qızıl, gümüş, mis, molibden və digər  təbii ehtiyatlarının qanunsuz istismarı nəticəsində dəyən zərərin ödənilməsi üçün Ermənistana qarşı hüquqi tədbirlərin görülməsi təklif olunur.

Azərbaycan höküməti işqaldan azad edilmiş ərazilərdə təbii resursların istismarı  üzrə bağlanmış müqavilələrin açıqlanmasını və onun ictimaiyyət üçün əlçatanlığını təmin etməyə, müqavilələrin şərtləri barədə ictimaiyyətə geniş informasiya verməyə, eləcə də  bu sazişlərin icra vəziyyətinin  monitorinqi  üçün QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırılır.  Həmçinin Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri, eyni zamanda, “Anglo Asian Mining” şirkəti beynəlxalq şəffaflıq standartları çərçivəsində fəaliyyət qurmağa, ətraf mühitin mühafizəsini təmin etməyə, bu sektorda şəffaflığın və hesabatlılığın təmin olunması üçün vətəndaş cəmiyyətilə birgə səy göstərməyə və əməkdaşlıq  etməyə çağırılır. —06Â-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button