2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

QHT rəhbəri: ’11 aprel seçkisində müşahidə aparılması üçün münbit şərait var’

Aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcək. YAP başda olmaqla bir sıra partiyalar seçkidə iştirak edəcəklərini açıqlasalar da, boykot qərarı verən siyasi qüvvələr də var. Onlar əsasən demokratik seçki mühitinin olmadığını, qanunvericiliyin Qərb standartlarına cavab vermədiyini, seçki komissiyalarının paritet əsaslarla formalaşmadığını iddia edirlər.

AzadliqRadiosu bununla bağlı ekspertlərə müraciət edərək ölkədə seçki keçirilməsi üçün normal şəraitin olub-olmadığnı şərh etmələrini istəyib.

Məhərrəm Zülfüqarlı: “…Münbit şərait var”

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, 11 aprel seçkisində müşahidə aparılması üçün münbit şərait var. Onun sözlərinə görə, QHT-lərə olan müəyyən qadağalar artıq aradan götürülüb, istənilən təşkilat qeydiyyatdan keçməklə müşahidə apara bilər.

Məhərrəm Zülfüqarlı

Bundan başqa, AVCİYA rəhbəri hazırkı ictimai-siyasi sabitliyin və eləcə də Venesiya Komissiyasının tövsiyələri əsasında, “Qərb standartlarına uyğun şəkildə hazırlanan, təkmil” seçki qanunvericiliyinin normal seçkilərin keçirilməsinə imkan verdiyini bildirir.

“İspaniyada seçki təşviqatı 10 gündür”

Məhərrəm Zülfüqarlının seçki prosesi dövrünün 3 aydan 60 günə qədər azaldılması barədə tənqidlərə də münasibət isə belədir:

“Hazırda seçki təşviqatı 23 gündür, amma İspaniyada 10 gündür, Fransada 20 gündür. 23 gündə keçirilən seçkilərdə də namizədlərin öz platformalarını seçicilərə təqdim etməsində heç bir problem yaşanmadı”.

Seçki komissiyalarının bir partiyanın nəzarəti altında olmasına gəlincə, M.Zülfüqarlı deyir ki, Venesiya Komissiyası komissiyaların paritet əsasda formalaşmasını istəyir.

“Yəni 18 MSK üzvünün 9-u YAP, qalanı müxalifət partiyalarından olmalıdır. İlk baxışdan normaldır, amma Azərbaycan reallığından baxanda fərqli mənzərə yaranır, YAP-ın 9 nəfər təqdim etməyə problemi yoxdur, müxalifət isə bir partiya deyil və “kimdir müxalifət” sualı üzərində mübahisələri davam edir. Parlamentdə olan müxalif partiyalar özlərini əsl müxalifət hesab edir, qanunverici orqana düşməyənlərsə əksini düşünür. Ona görə Venesiya Komissiyasının təklifi açıq qalır və gerçəkləşmir. Məncə, seçki komissiyaları partiyaların nəzarətindən çıxarılıb müstəqil ekspertlərə verilməlidir. Ancaq adətən seçkilərdə siyasi partiyalar iştirak etdiyindən onlar öz fikirlərinin üzərində dayanır. İndiki seçki komissiyalarında yalnız YAP-ın yox, parlamentdə olan müxaliflər də iştirak etdiyindən normal seçki keçirmək mümkündür”, – Məhərrəm Zülfüqarlı belə deyir.

Anar Məmmədli: “O ölkələrdə ilboyi təbliğat və debatlar gedir”

Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə AVCİYA rəhbərinin söylədiklərinin əksini söyləyir.

Anar Məmmədli

Məsələn, o deyir ki, seçki müddətinin 3 aydan 60 günə endirilməsi “effektiv deyil”, 21 gündə seçki kampaniyası aparmaq “çətindir”, namizədlər bütün ölkə boyu 125 dairədə toplantılar keçirməklə bağlı vaxt azlığıyla rastlaşırlar.

Anar Məmmədli Məhərrəm Zülfüqarlının Fransa və İspaniyanın seçki kampaniyası dövrü barədə dediklərinə isə belə reaksiya verir: “Bu ölkələrdə ilboyu təbliğat və debatlar gedir. Həm də seçicilərlə hər gün görüşmək imkanları var”.

“Hakimiyyət bütün tövsiyələrə, iradlara etinasız yanaşıb”

O hesab edir ki, Azərbaycan ötən illərdə beynəlxalq qurumların, seçki müşahidə missiyalarının təvsiyələri əsasında demokratik seçki mühitinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və seçki təcrübəsinin yaxşılaşması yönündə heç bir islahat gerçəkləşdirməyib.

“Söhbət seçki qanunvericiliyinin, seçki öncəsi təcrübənin yaxşılaşması və s. məsələlərdən gedir. Sonuncu dəfə seçkini müşahidə edən ATƏT-in nümayəndələri 20-dən artıq istiqamətdə tövsiyələrini açıqlayıblar, amma ötən 4 ildə bunların heç birinin müzakirəsinə belə cəhd olunmayıb”.

Anar Məmmədli deyir ki, Azərbaycanda seçkinin gözlənilmədən təyin edilməsi Avropa Şurasına (AŞ) üzv ölkələri arasında xüsusi bir haldır. Onun sözlərinə görə, üzv ölkələrin praktikası göstərir ki, növbədənkənar seçkinin təyin edilməsi ilə bağlı müstəsna səlahiyyətə malik subyektlər bu addımı atarkən müstəsna qaydalar və şərtlər olmalıdır.

“BMT üzvü və Avropa Konvensiyasına qoşulan ölkələrdə seçkilərin keçirilməsi ilə bağlı dövrilik prinsipi əsas götürülüb. Yəni seçkilər zəruri intervalda keçirilməlidir. Təəssüf ki, prezident seçkisinin nəzərdə tutulmuş vaxtdan 6 ay əvvəl keçirilməsi ilə bağlı məntiqli izahat yoxdur”, – SMTM belə söyləyir.

Seçkilərin müşahidəsi imkanlarına gəlincə, Anar Məmmədli qeyd edir ki, 2013-cü ildə başlanan təzyiqlər QHT-ləri həm hüququ, həm siyasi, həm də maliyyə-inzibati yöndən iflic edib, nəticədə onlar fəaliyyət göstərə bilmirlər.

O, növbədənkənar seçki qərarının beynəlxalq müşahidəçiləri də çətin duruma saldığını bildirir:

“Vəziyyət o qədər qəlizdir ki, bu müddətdə normal və kompleks müşahidə missiyasını yaratmaq üçün vaxt çox azdır. Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu çox çətin duruma salıb. Məncə, onlar qısa müddətdə müşahidə missiyası göndərməyi çatdıra bilməyəcək”.

Buna da bax: Ərəstun Oruclu: ‘Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var’

Azərbaycanda prezident seçkiləri bu il oktyabrda keçirilməli idi. Amma dövlət başçısı növbədənkənar seçkilərin aprelin 11-də keçirilməsinə qərar verib. Hakimiyyət bunu 2018-ci ildə ölkədə mühüm tədbirlərin keçirilməsi ilə izah etsə də, müxalifət və müstəqil ekspertlər bunun arxasında başqa məqsədlər dayandığını bildirir.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button