Loading...
Loading...
Dünya

Qırğızıstan 59, Tacikistan 60-dan çox vətəndaşının öldüyünü bildirir

Qırğızıstanda sentyabrın 19 matəm günü elan edilib, Tacikistanda isə həlak olanların xatirəsi sentyabrın 20-də qeyd olunacaq

Sərhəd boyunca baş vermiş toqquşmalarda Qırğızıstan 59, Tacikistan isə 60-dan çox vətəndaşının həlak olduğunu bildirib.

Qırğızıstanda sentyabrın 19 matəm günü elan edilib, Tacikistanda isə həlak olanların xatirəsi sentyabrın 20-də qeyd olunacaq.

Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib ki, Batken vilayətindən daha 13 meyit gətirilib. Beləliklə münaqişə qurbanlarının sayı 59-a çatıb.

Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-nu milli matəm günü elan edən sərəncam imzalayıb, ölkə boyunca hökumət və inzibati binaların, diplomatik missiyaların binalarında dövlət bayraqları endirilib.

Tacikistan Demokratik Partiyasının lideri, parlamentin aşağı palatasının deputatı Saidjafar Usmanzoda deyib ki, tacik-qırğız münasaqişəsində ölkənin 60-dan çox vətəndaşı həlak olub.

Deputat 20 sentyabrın milli matəm günü elan edilməsinə çağırıb.

Qarşılıqlı ittihamlar

Sentyabrın 19-da Tacikistan Xarici İşlər Nazirliyi ilk dəfə olaraq Taciksitan tərəfindən itkilərə dair məlumat verib.

Məlumatda deyilir ki, 35 nəfər həlak olub, 25 nəfər yaralanıb və onların arasında uşaqlar və qadınlar da var.

İki ölkənin sərhədində vəziyyət sentyabrın 14-də kəskin gərginləşib.

Tərəflər vəziyyətin növbəti dəfə gərginləşməsinə görə bir-birlərini ittiham edirlər.

Ötən şənbə günü atəşkəs barədə razılaşma əldə edildikdən sonra nisbi sakitlik yaranıb, lakin sentyabrın 17-də atışma bərpa olunub.

Sentyabrın 19-na keçən gecə Qırğızıstan-Tacikistan sərhədində atəşkəs rejiminin pozulmasına dair məlumat olmayıb.

Buna baxmayaraq sərhəddə vəziyyət gərgin olaraq qalır.

Mürəkkəb sərhəd

Qırğızıstan prezidenti Sadır Japarov vətəndaşları sərhəddə baş vermiş toqquşmalarla bağlı təsdiq olunmamış internet xəbərlərinə inanmamağa, səbr və təmkinə çağırıb.

Japarov bildirib ki, internetdə yayılan bəzi informasiyalardan məqsəd “Qızıstanın qonşuları ilə onun dost münasibətlərini” pozmaqdır:

“Sərhədimizin qanunsuz pozulmasının qarşısını almaq üçün bizim qabiliyyətli ordumuz və igid döyüşçülərimiz var və onlar ərazimizə qanunsuz soxulma cəhdinin qarşısını almaqla bunu isbat ediblər”.

Qırğızıstan və Tacikistan arasında sərhədin ümumi uzunluğu 970 kilometrdir. Bunun 519 kilometri dəqiqləşdirilib, qalan hissə isə delimitasiya olunmayıb.

Qırğızıstanın Batken və Tacikistanın Soqd vilayətləri arasında sərhəd sektoru mübahisəli olaraq qalır. Burada kəndlər və bəzən isə evlər bir-birinə çox yaxın yerləşir.

24 saat” “
Qırğızıstan 59, Tacikistan 60-dan çox vətəndaşının öldüyünü bildirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ‘Ya məhbuslar, ya övladlarınız’. Rusiyada ‘qanunsuz’ səfərbərlik

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button