Loading...
Loading...
ÖLKƏDünya

Qırğızıstan – Tacikistan sərhədində 2 nəfər öldürülüb

Tacikistan təhlükəsizlik rəsmiləri iki dinc sakinin öldürüldüyünü, 10 nəfərin yaralandığını deyir

Ötən gün Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma zamanı azı bir dinc şəxs öldürülüb, 24 nəfər yaralanıb.

Yanvarın 27-dəki toqquşmalar iki Orta Asiya ölkəsinin zəif demarkasiya olunmuş sərhədində baş verib.

Kəndlilər köçürülür

Tacikistan təhlükəsizlik rəsmiləri iki dinc sakinin öldürüldüyünü, 10 nəfərin yaralandığını deyir.

Qırğızıstanın Səhiyyə Nazirliyi yeddi yaralının xəstəxanaya aparıldığını bildirir. Atışma ərazisindən 1470 qırğızıstanlı evakuasiya olunub.

Tacikistan mediası əraziyə yaxın yaşayan kəndlilərin köçürüldüyünü xəbər verir.

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi atışmanın dayandırılması üçün hər iki tərəfin hərbi rəsmiləri ilə danışıb. Bu iki ölkə KTMT üzvləridir.

Atəşkəs əldə olunub

Qırğızıstan Sərhəd Xidmətinin yanvarın 28-də səhər yaydığı məlumata görə, hər iki tərəfdən rəsmilər danışıqlar aparandan sonra tam atəşkəs əldə olunub.

Tərəflər bir-birini Qırğızıstanın Batken regionunda Tort-Koço deyilən ərazidə toqquşmaları başlamaqda ittiham edir.

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bəyanatında deyilir ki, Qırğızıstan tərəf Tacikistan “vətəndaşları, maşınları və obyektləri”ni atəşə tutub.

Qırğızıstandakı komitənin məlumatına görə, tacikistanlılar sərhədin mübahisəli seqmentindən keçən yolu bağlayıblar. Hər iki tərəfdən sərhədçilər yolu açmağa çalışanda “Tacikistan tərəf minaatanlar və qumbaratanlardan atəş açmağa başlayıb”.

Tacikistanın İsfara regionunun sözçüsü Zubaydulla Şamodov isə AzadlıqRadiosu-na yolu Qırğızıstan tərəfin bağladığını deyib.

Mübahisəli sərhədlər

İki ölkənin 970 km-lik sərhədinin təxminən yarısı hələ demarkasiya olunmayıb. 30 il öncə Sovet İttifaqı dağılandan sonra iki ölkə müstəqillik əldə edəndən bəri sərhəd məsələsi onlar arasında gərginliyi zaman-zaman qızışdırıb.

Orta Asiyada bir çox sərhədlər mübahisəlidir.

Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin qovuşduğu Fərqanə vadisində saysız eksklavlar durumu daha da qəlizləşdirir.

Ötən ilin aprelində Tacikistan-Qırğızıstan sərhədində hərbçilərin də iştirak etdiyi toqquşmalarda hər iki tərəfdən onlarla ölən olmuşdu.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun