SEÇMƏ

Qızı Süleyman Abdullayevin səhhətinin yaxşılaşdığını deyir

Yayımlandı: 20 Oktyabr 2022 17:39

Xanəndə artıq yemək yeyə bilir

Əməkdar artist, xanəndə Süleyman Abdullayevin vəziyyəti yaxşılaşır.

Bu haqda Meydan TV-yə xanəndənin qızı Aygün Abdullayeva məlumat verib.

“Atam on səkkiz gün idi ki, heç nə yemirdi. Bu günlər ərzində həkimlər ona sistem qoşmaq istəyirdilər, lakin bədəni qəbul etmirdi. Sistem qoyulan kimi damarları partlayırdı. Oktyabrın 18-də axşam saatlarında qəfil dedi ki, xaş istəyirəm. Biz də istədiyi yeməyi ona təşkil etdik, yedi. O gündən səhhətindən irəliləyiş var, artıq qida qəbul edir. Həkimlər gözləyirlər ki, bir neçə gün də keçsin, vəziyyəti yenidən qiymətləndirilsin”.

Aygün Abdullayeva bildirib ki, xanəndə yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək, müalicəsini orada davam etdirəcək:

“Xalq artisti Ağadadaş Ağayev və teleaparıcı Nuran Hüseynov bir neçə gün öncə atamın yanına gəlmişdilər. Sağ olsunlar, yardımlarını bizdən əsirgəmədilər. Dedilər ki, həkimlərlə danışıqlar aparılır. Ola bilsin ki, atam xəstəxanaya yerləşdirilsin. Atam xəstəxanada müalicə olunmaq istəmirdi. Nuran Hüseynov onu yola gətirdi”.

Qızının dediyinə görə, Süleyman Abdullayev 45 yaşından şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Buna görə xanəndənin 2021-ci ildə aşağı ətraflarında qanqrena baş verib və ayağının baş barmağı amputasiya olunub:

“Bu il avqustun sonlarında yenidən ayağı qanqrena etdi. Rəhmətlik anam həkim idi, həmişə deyirdi ki, şəkər xəstəsi heç vaxt ayağını sıxan, narahat ayaqqabı geyinməməlidir. Atam da sənət adamıdır, xalq arasında olurdu. Baş barmağı kəsiləndən sonra həkim idman ayaqqabısı, daha doğrusu, ortopedik ayaqqabı geyinməyi məsləhət gördü. Atam razılaşmadı ki, sənət adamıyam, camaat içinə çıxıram, biabır olaram. Ön hissəsi dar olan ayaqqabılar geyindiyi üçün bu dəfə ayağının çeçələ barmağı qanqrena etdi”.

Aygün Abdullayevanın sözlərinə görə, həkim müayinəsi zamanı məlum olub ki, xanəndənin səhhətində daha ciddi problemlər var:

“Çeçələ barmağı da amputasiya olundu. Bundan sonra atam yatağa düşdü, halı gündən-günə pisləşdi. Eyni zamanda böyrəyində də problem yaranmışdı. Müayinə zamanı məlum oldur ki, ürəyinin 20-30 faizi işləyir. Sol böyrəyi isə tamamilə işləmir. Ayağı bir tərəfdən, böyrəyində yaranan problem digər tərəfdən atamı tamamilə üzdü. İndi səhhəti yaxşılaşır, tamamilə sağalacağına ümid edirəm”.

Süleyman Abdullayev 1939-cu ildə Füzulinin Qoçəhmədli kəndində doğulub.

O, 1960-1964-cü illər ərzində Azərbaycan Dövlət Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb.

1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.

Gözdən qaçırmayın:  Ukrayna hərbi hücumlar səbəbindən enerjidən istifadəyə məhdudiyyət qoyub

Səsi ilə çox sevilən xanəndəyə “Dədə Süleyman” ləqəbi verilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button