Now Reading:
“Qocalar evinin işçiləri ehsanları evlərinə daşıdılar”

‘Qocalar evi”nin sakini iddia edir ki,buranın işçiləri ərzaqları, avadanlıqları evlərinə daşıyır.

 “Ərzaqları daşıyırlar, avadanlıqları daşıyırlar, qarşılarını kəsib etiraz edəni də basıb döyürlər…”

Qabil Quliyev belə deyir. O, 1-ci qrup ömürlük əlildir. İllər əvvəl bir ayağı amputasiya olunub. 10 ildir ki, Bilgəhdəki “Qocalar evi”ndə (Müharibə və Əmək Əlilləri üçün Pansionat) qeydiyyatdadır və orada yaşayır. Bir müddət əvvəl ailəli olduğu üçün onu müəssisənin daxilindəki başqa korpusa keçiriblər.

Qabil Quliyev iddia edir ki, müəssisənin işçiləri müəssisənin sakinləri üçün ayrılan ərzaqları və məişət avadanlıqlarını evlərinə daşıyırlar. Hətta ötən həftə müəssisənin iki əməkdaşı ilə mübahisə edib. Nəticədə əməkdaşlardan biri onu itələyib, əlil yerə yıxılaraq xəsrət alıb.

İki qadın ərzaqla dolu torbaları sürüyürdü

“Bayramqabağı camaat “Qocalar evi”ndə yaşayanlara ərzaqlar gətirmişdi. İyunun 13-də gördüm ki, müəssisənin iki işçisi həmin ərzaqlardan yüklərini tutub evə gedirlər. İkisinin də adı Pərvanədir. Mən də həyətdə qarşılarını kəsdim, dedim, ayıb deyil? Bizə gələn ərzaqları hara daşıyırsız? Günah bilmirsiz? Bunlar məni saya almadılar, çıxıb getdilər. Sabahı gün yenə mühafizəçinin yanında oturmuşdum, gördüm yenə iki Pərvanə zorla ərzaq dolu torbaları sürüyə-sürüyə gəlir. Gəlib göy rəngli “99” markalı maşına minmək istəyəndə yaxınlaşdım. Dedim, bu dəfə sizi çəkib nazirliyə, polisə göndərəcəm, qoy görsünlər ki, burda ərzaq qoymursuz, daşıyırsız. Telefonun kamerasını açıb çəkməyə başladım, Pərvanələrdən biri torbanı əlindən atıb üstümə cumdu, telefonu əlimdən alıb yerə çırpdı, özümü də itələyib ağacın dibinə yıxdı. Bir ayağım yoxdur, yıxılıb qaldım orda… Söyüşün biri bir qəpik, dişlərinin dibindən çıxanı dedilər mənə… Bütün bunlar mühafizəçilərin gözü qabağlnda oldu. Səsimizə həyat yoldaşım qaçıb gəldi”.

Ailəlikcə yerə oturduq, etirazımızı belə bildirdik

Əlil deyir, həyat yoldaşı da işçilər tərəfindən təhqir olunub. Daha sonra işçilər ərzaqla dolu torbalarla maşına minib müəssisənin həyətini tərk ediblər. O isə ailə üzvlərini də toplayaraq müəssisənin həyətində yerdə oturub, bununla da etirazını bildirib:

“Mühafizəçilərə dedim, müəssisənin rəhbəri, polis gəlməyincə burdan durmayacağıq. Bir azdan 14-cü polis bölməsinin 3 polis əməkdaşı gəldi. Başıma gələnləri danışdım, izahat alıb getdilər. Sabahı gün polis bölməsinə getdim, ekspertizadan keçmək istədiyimi dedim. Dedilər, keçmək istəyirsən, get, de ki, 14-cü bölmədən göndəriblər. 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətindəki eskpertiza şöbəsinə getdim, ekspertiza şöbəsinin rəisi dedi, polisdən göndəriş olmayınca, səni ekspertizadan keçirməyə ixtiyarım yoxdur”.

1 həftədir ekspertizadan keçə bilmirəm

Qabil Quliyev deyir, 1 həftədir ki, ekspertizadan keçmək üçün polisdən göndəriş ala bilmir. Polis hər dəfə bir bəhanə ilə göndəriş vermir.
Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatdan bildirilib ki, əlil Qabil Quliyev və əlil Əfqan Quliyev müəssisənin həyətində tikilmiş və əlillərin istifadəsinə verilmiş binada yaşayırlar. Hər ikisi müəssisənin işçilərinə qarşı qərəzlidir və tez-tez mətbuata iftiradolu məlumat ötürürlər. Hazırkı məsələ də polis araşdırmasındadır.

Polis bölməsi: “Bu gün ekspertizadan keçib”

Sabunçu rayonu, 14-cü polis bölməsindən bildirilib ki, “Qocalar evi”nin sakini, 1-ci qrup əlili bölmənin rəisi qəbul edərək dinləyib, iyunun 22-də ona ekspertizadan keçmək üçün göndəriş verilib və o, ekspertizadan keçib. Əlilin şikayəti üzrə araşdırma davam edir.

Qabil Quliyev
Qabil Quliyev.

Meydan TV müxbiri şikayətçi ilə təkrar əlaqə saxlayıb. Əlil bunları deyib:

“Bəli, bu gün getdim, polis rəisi qəbul etdi. Dedi, “Qocalar evi”nin müdiri Qətibə xanım zəng vurub, deyir, sən oranın sakini deyilsən, özün də oranın işçilərini incidirsən. Mən də şəxsiyyət vəsiqəmi çıxarıb göstərdim, dedim, qeydiyyat yerinə yaxşı bax, görürsən ki, qeydiyyatım oradır, Qətibə xanım sənə yalan deyib. Rəis də söz verdi ki, bu işlə şəxsən özü məşğul olacaq. Nəhayət, bu gün mənə ekspertizadan keçmək üçün göndəriş verildi. Halbuki, hadisədən 8 gün keçib artıq… Mən bu işin əmək və əhalinin sosial müdafiəsi naziri səviyyəsində və düzgün araşdırılmasını tələb edirəm. Bu adamlar hər şeyi daşıyıb aparırlar, plazma televizordan tutmuş ərzağa qədər…”

Meydan TV müxbiri məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənə bilməyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.