ÖLKƏ

Qorbaçov:”Almaniyada vəziyyət Azərbaycandakı kimidir”

Qanlı yanvar silsiləsindən yeddinci yazı…

Milli Şuranın sədri Cəmil Həsənli

Yanvarın 19-u axşamı hələ fövqəladə vəziyyət haqqında fərman qüvvəyə minmədən Biləcəri, Qurd Qapısı, Qala-Aeroport və digər istiqamətlərdən Bakıya hücum başladı. Qala istiqamətdən hücuma komandanlıq edən general Aleksandr Lebed yazır: “Göstərişə uyğun olaraq Bakı şəhərini götürdük – tanklarla qarşımıza çıxan hər şeyi, təbii ki, insanlarla birlikdə, şumladıq və yerlə yeksan etdik”. (Александр Лебедь. За державу обидно…М.: Редакция газеты «Московская правда», 1995. С.289) Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Şəhərdə fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun hərbi müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü.

Həmin gecəni Azərbaycan Dövlət Universitetinin fəal tələbələrindən olan, bir qurup tələbə gənclə birlikdə Əbülfəz Elçibəyin başçılıq etdiyi Milli Müdafiə Şurasına qoşulmuş Əli Kərimli belə xatırlayırdı: “Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər. 19 yanvarda axşam televiziyanın enerji bloku partladılanda hiss etdik ki, Sovet Ordusu həmin gecə şəhərə girəcək. MMŞ-nin qərərgahı o zamankı Şmit adina zavodun Mədəniyyət Sarayında yerləşırdi. MMŞ- nin fəalları olaraq sərəncamımızda olan telefonlu taksilərlə (o zaman bu yeganə mobil rabitə idi) şəhər ətrafında olan barrikadalardakı vəziyyəti yoxlayırdıq. Qurd Qapısı deyilən yerdə toplaşanlarla görüşüb vəziyyəti öyrəndikdən sonra 20 yanvar tərəfə yollandıq. Biz maşında sürücüdən başqa 3 nəfər idik. Tələbə hərəkatının fəallarından olan dostum Seymur Babayev, Rabitə Nazirliyində çalışan bir cəbhəçi və mən. 20 yanvardakı taksidən bizə məlumat verdilər ki, ordu atəş açaraq şəhərə daxil olur. Dərhal taksiyə 20 yanvara sürməsini söylədik. Yolda düşündük ki, 20 yanvara əliboş getməyək. Mətbuat prospektində BDU -nun yataqxanalarının yanında maşını saxladıq. Ertədən oğlanların birtəhər dilə tutub yataqxanaya göndərdiyi qızlar atəş səslərinə küçəyə çıxıb ağlaşırdılar. Onların köməyi ilə 1-2 dəqiqə ərzində xeyli yandırıcı, partlayıcı qarışıqlarla dolu şüşə qablar hazırlayıb (o zaman belə yandırıcı şüşələrlə hərbi texnikanın şəhərə girişının qarşısını qismən də olsa alacağımızı düşünürdük.) sürətlə 20 yanvar tərəfə yollandıq. Prospekt boyu qarşımıza çoxlu sayda 20 yanvar tərəfdən qaçan adamlar gəlirdi. Onlar bizim yolumuzu kəsib maşınımızı saxlatmaq, bizi geri döndərmək istəyirdilər. Maşını saxlamadığımızı görüncə qışqıraraq, əl-qolları ilə bizə başa salmaq istəyirdilər ki, ora getmək olmaz, atirlar, adamları qırırlar. Amma biz sürətlə 20 yanvara doğru ğedirdik. Tbilisi prospektinə çıxmaq üçün sağa döndük. Tbilisi prospektinə çatan yerdə qəfildən yolun sağında, ağacların altında tankı, yanında da əsgərləri gördük. Maşının işığı əsgərlərə düşəndə onların atəş açmağa hazırlaşdığını gördük və instiktiv olaraq nə qədər mümkünsə o qədər maşının döşəməsinə doğru əyildik. Dərhal və davamlı atəş açıldı. Maşın dərhal dayandı təkərlərini vurmuşdular. Möcüzə baş vermişdi, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr maşını deşık-deşık etmişdi, biz isə sağ-salamat idik… Yalnız sürücümüz əlindən yüngülcə yaralanmışdı… Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla dolu şüşə qabları tapdılar. Asvalta çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə atəşə hazır ol! əmrini verdi, sonra da bizi güllələmək əmrini verdi… Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. (akarimli.wordpress.com/tag/20-yanvar/).

Şəhərə hücum belə bir dramatik mərhələyə daxil olmuşdu. Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Onların 124 nəfəri kişi, 7 nəfəri qadın, 7 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqlar idi. İki nəfər “təcili tibbi yardım” işçisi həmin gecə öz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bundan əlavə rəydə göstərilirdi ki, hərbi əməliyyatın gedişində 744 insan yaralanmış, dörd nəfər itkin düşmüşdü, 400 nəfər həbs edilmişdi. Orata qeyd edilirdi ki, yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olmuş və əhaliyə divan tutmağa başlamış, əməliyyat zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdi (Bax: Xalq qazeti. 1992. 18 yanvar). Əməliyyat başa çatdıqdan sonra “İzvestiya” qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini Müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub. Sonralar bu məsələyə qayıdaraq Yazov bidirmişdi ki, “ordu Bakıda sovet hakimiyyətini xilas etdi” (Независимая газета. 2000. 12 февраля).

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə girməsi, dinc adamları qətlə yetirməsi ilə bağlı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova yanvarın 20-də xüsusi bəyanatla çıxış etdi. O, bildirdi ki, respublikanın ali hakimiyyət orqanları Bakıda fövqəladə vəziyyət elan olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinə razılıq verməmiş və onda iştirak etməmişdir. Elmira Qafqarova tökülən günahsız qanların məsuliyyətini bu qərarı qəbul və icra edən SSRİ orqanlarının üzərinə qoydu. Bəyanatda deyiirdi: Həmin bəyanatda deyilirdi: “SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür” (Balayev Aydın, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər, s.131).

Bakı hadisələri ətrafında sərt informasiya blokadası yaradılmışdı. Hətta, həmin günlərdə Azərbaycanda yayılan “Pravda”, “İzvestiya”, “Krasnaya zvezda” və digər mərkəzi mətbuatın eyni sayları Moskva və SSRİ-nin digər qalan yerlərindən bir sıra fərqliliklərlə çıxırdı. Respublika əleyhinə verilən materiallar, ordunun Bakı əməliyyatının “ümumxalq müdafiəsi” ilə bağlı aparılan geniş kampaniyalar mərkəzi qəzetlərin Bakıda nəşr olunan nömrələrinə daxil edilmirdi. İlk dəfə idi ki, Sovet mətbuatında belə fərqlilik müşahidə edilirdi. 20 yanvar Bakı hadisələri ilə bağlı yanvarın 20-də səhər Sov, İKP MK Siyasi Bürosu Bakı hadisələrini müzakirə etmək üçün gizli toplantı keçirdi. Baş katibin köməkçisi Anatoli Çernyayev “SSRİ prezidentinin köməkçisinin gündəliyi” kitabında yazır ki, 21 yanvar 1990-cı il yeri gəlmişkən Leninin vəfatı günü…səssiz keçdi. Dünən (yanvarın 20) Siyasi Büro GİZLİ olaraq Azərbaycanda vəziyyəti müzakirə etdi…Bu “sirli axşamın detalları gec-tez Azərbaycan xalqına məlum olacaq (А. С. Черняев. Дневник помощника президента СССР. М. : Терра, 1997. C.420-421. Yeri gəlmişkən Siyasi Büronun 20 yanvar 1990-cı il tarixli gizli iclasının stenoqramı Rusiya Prezidenti Arxivində qapalı fondda saxlanılır və tədqiqatçılara açıq deyil. Lakin Azərbaycan rəhbərliyi dövlət xətti ilə çalışsa həmin stenoqaramı və 20 yanvar hadisələri ilə bağlı qapalı fondlarda saxlanılan digər sənədləri ala bilər).

Siyasi Büronun gizli iclasından sonra Qorbaçov saat 14:00-da televiziya ilə çıxış etdi və SSRİ Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirdi. 1990-cı ilin yanvar ayının 21-də Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış etdi və Bakıya qoşun yeridilməsini, bu hadisəni törədən şəxsləri tənqid etdi və bəyan etdi ki, bu akt qanunaziddir. O, dedi: “19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir? Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı.”

Məhz bu faciəli anlarda uzaqlardan “Azadlıq radiosu”nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: “Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər – yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə “ah, nalədən” boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi.” “Azadlıq”ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi. Hadisələr ətrafında beynəlxalq ictimai rəyi səfərbər etdiyinə görə Sovet orqanları “Azadlıq” radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından, dinc əhalinin, qadın və uşaqların gülləyə tutulmasından xəbər tutdu. Sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır” (Правда. 1990. 22 января).

Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə etmişdir. O, bu aksiyanı ermənilərlə azərbaycanlıların münasibətlərini qaydaya salmaq kimi şərh edirdi. Amerikada yaşayan azərbaycanlılar Bakıda baş vermiş 20 yanvar hadisələri ilə bağlı yanvar ayının 26-da Vaşinqonda nümayiş keçirmişdilər və bu aksiya Bakı qırğını haqqında həqiqətlərin yayılmasına kömək etmişdi. (Ə.Tahirzadə. Meydan: 4 il 4 ay, s.65)

Bu zaman Qərbin və ABŞ-ın diqqəti bilavasitə Pribaltika respublikalarında idi. Bunu Birləşmiş Ştatların dövət katibi James Baker 1990-cı ilin aprel ayının 10-da Kanada Baş naziri Brine Mulroney ilə görüşdə açıq şəkildə ifadə etmişdi. O, qeyd edirdiki, “Litva ilə bağlı biz bildirdik ki, onlar Litva ilə döyüşməyə davam edərlərsə, hətta tanksız olsa belə, Amerika-Sovet münasibətlərində heç bir irəliləyiş olmayacaq. Biz dedik ki, narahatçılığımız və ağrımız daha çox Litva ilə bağlıdır, nəinki Azərbaycanla”. (“Regarding Lithuania, we made it clear that we could not sustain progress in US – Soviet relations if they continued to crack down on Lithuania, even without tanks. We said that our pain threshold was lower redarding Lithuanian than Azerbaijan” – Memorandum of conversation. Meeting with Prime Minister Brian Mulroney of Canada. 10.04.1990.//The National Security Archive at the George Washington University. Doc. 12958, p.2).

Yanvarın 21-də Ali Sovetin deputatlarının 1/3 hissəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin fövqəladə iclası keçirildi. Sessiyada SSRİ xalqlarına və dünyanın bütün xalqlarına və parlamentlərinə müraciət qəbul edildi. Sessiyada Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Baş vermiş hadisələri təhqiq etmək üçün 21 nəfərdən ibarət deputat istintaq komissiyası yaradıldı. Yanvar ayının 22-də Bakının işğalı zamanı həlak olmuş insanların dəfn mərasimi keçirildi. Orada 1 milyondan çox adam iştirak etdi. Xalq tərəfindən “Azadlıq” meydanı adlandırılan ərazidə və MK-nın binasının qarşısındakı divarlara bu sözlər yazılmışdı: “Tbilisi, Bakı. Bəs sonra hansı şəhər qətlə yetriləcək?”, “Qorbaçov sən cəllad, yalançı, yeniudənqurmanın düşmənisən”, “Qatil Yazov, Azərbaycandan rədd ol!”. Dəfn mərasimi kommunist partiyasının üzvlük biletlərinin kütləvi şəkildə atılması və yandırılması ilə müşayiət olunurdu.

Düz bir il sonra bu hadisələr kiçik miqyasda Vilnyusda təkrar edildi. Lakin nə 18 nəfərin həyatı hesabına başa gəlmiş 1989-cu ilin aprelindəki Tbilisi hadisələri, nə də 13 nəfərin həyatı hesabına başa gəlmiş 1991-ci ilin yanvarındakı Vilnyus hadisələri Bakı qırğını ilə müqayisə edilə bilməz. Məsələ ölənlərin sayında deyildi, əməliyyatın miqyasında, keçirilmə formasında idi. Bu baxımdan 20 yanvar 1990-cı ilin Bakı əməliyyatı öz miqyasına və strateji hədəflərinə görə Sovet Ordusunun 1956-cı ilin Macarıstan, 1968-ci ilin Çexoslovakiya əməliyyatları ilə müqayisə edilə bilər. Sovet ordusu şəhəri işğal etməklə qələbə çalsa da bu, Qızıl (Qırmızı) ordunun “Pirr qələbəsi” oldu. Bakı əməliyyatından sonra SSRİ-nin dağılması qarşısı alınmaz prosesə çevrildi.

Yanvarın 22-də gecədən xeyli keçmiş Azərbaycan KP MK plenumu işə başladı. Əvvəlcə respublika partiya təşkilatının rəhbərliyinə 4 nəfərin namizədliyi irəli sürüldü: Ayaz Mütəllibov, Həsən Həsənov, Vaqif Hüseynov və Telman Orucov. Sonuncu iki nəfər öz namizədliklərini geri götürdü. Qorbaçov Vəzirovun yerinə yeni təyinat üçün Bakıdan 3 rəhbər işçini dəvət etdi (Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan KP MK katibi Həsən Həsənov və Bakı şəhər partiya komitəsinin katibi Müslüm Məmmədov). Seçim edərkən Moskva Ayaz Mütəllibovun üzərində dayandı. Gecə saat 12-də başlanan Plenumun işi isə Moskvanın qərarını rəşmiləşdirmək oldu. Lakin birinci şəxs təyin olunsa da respublika rəhbərliyinə inam yox idi. Yanvarın 27-də Rıjkov, Şevarnadze, Kryuçkov, Axromeyev, Çernyayev, Şahnazarov, Yakovlev, Falin və Fedorovun iştirakı ilə Qorbaçovun kabinetində keçirilən toplantıda Almaniya Demokratik Respublikasındakı vəziyyət müzakirə edilirdi. Toplantıya Qorbaçov bu sözlərlə başladı: “Bizim indi Almaniya Demokratik Respuvlikasında vəziyyətimiz özümüzdə, öz Azərbaycanımızda olduğu kimidir: arxalanacağımız, etibarlı münasibətlər quracağımız heç kim yoxdur”. (Chernyaev notes. 27.01.1990.//The National Security Archive at the George Washington University. Doc. 13112, p.1)

Lakin tək Mərkəzin respublikaya deyil, respublikanın da Mərkəzə etimadı itmişdi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra bu etimadı bərpa etmək mümkün olmadı. “Qanlı Yanvar” hadisəsindən iki ay sonra keçirilən Xalq Cəbhəsinin məclisi Azərbaycanın SSRİ-dən kənarda tam dövlət müstəqilliyi uğrunda mübarizə apardığını bəyan etdi və 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Son

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close