Loading...
Loading...
SEÇMƏ

Qulamrza Təxti – İranın ən böyük idmançısı

Təxtini SAVAK-ın öldürməsi ehtimalı İslam inqilabına və inqilabdan sonrakı illər ərzində populyar versiya olaraq qaldı

Bir neçə ay bundan əvvəl İranda ötən əsrin (söhbət hicri-şəmsi XIV əsrdən gedir, indi İranda 1401-ci ildir) ən yaxşı idmançısı müəyyənləşdirilirdi. Sorğunu İdman və Gənclər Nazirliyinin, Olimpiya və Paralimpiya komitələrinin dəstəyi ilə Milli Teleradio Yayım Şirkəti keçirirdi. Gözləmək olardı ki, bu ad uğrunda rəqabət güclü olacaq. Axı İranın adlı-sanlı idmançıları az deyil.

Məsələn, güləş İranda xüsusi populyarlığa malikdir. Ölkənin indiyə qədər olimpiadalarda qazandığı qızıl medalların yarısından bir qədər azı (24 qızıl medaldan 11-i), ümumən medalların isə yarısından çoxu (76 medaldan 47-i) güləşin payına düşür.

Güləşdən başqa növlərdə də məşhur idmançıları var. Bunların arasında ikisi də azərbaycanlı olan iki dəfə olimpiya çempionları Hüseyn Rzazadəni (ağır atletika) və Hadi Sayini (taekvando) göstərmək olar.

Demək olar ki, hər yerdə olduğu kimi, İranda da futbol xüsusi populyarlığa malikdir. Milli komanda Asiya kubokundan başqa turnirlərdə xüsusi uğurları ilə seçilməsə də, məşhur futbolçuları az olmayıb. Onların arasında ən yaxşısı, şübhəsiz ki, Əli Dayidir. Əslən Ərdəbildən olan Dayi uzun müddət milli komanda tərkibində vurulan qol sayına görə dünyada birinci idi (109). Yalnız 2021-ci il sentyabrın 1-də Kristian Ronaldu bu rekordu üstələdi.

Təbrizli alpinist Əzim Qeyçisaz 2017-ci ildə dünyadakı 8 mindən yüksək bütün 14 zirvəni fəth edən 37-ci adam oldu. Üstəlik, o, bunu oksigen balonu olmadan etdi ki, ondan əvvəl eyni şeyi yalnız 17 nəfər bacarmışdı.

Belə sorğularda zaman amili də mühüm rol oynayır. Adətən daha yaxın dövrün idmançıları qalib gəlir. Çünki köhnə idmançıların nailiyyətlərindən doğan təəssüratlar korşalır, onları xatırlayanlar həyatdan köçür. Yaxın dövrdəki idmançıların nailiyyətlərindən doğan emiosiyalar isə yaddaşlardan hələ silinməyib.

Amma sorğunun nəticələri belə ehtimalları alt-üst etdi. Üstəlik, həmin ehtimalları İran idmanına və İran azarkeşlərinə bələd olmayanlar irəli sürə bilərdilər. İranlılar özləri isə nə kəskin rəqabət gözləyirdilər, nə də son dövrün idmançılarının qalib gələcəyini. Gözlədikləri də oldu: 1956-cı ilin güləş üzrə olimpiya çempionu Qulamrza Təxti böyük fərqlə sorğuda qalib gəldi.

Bəs ən böyük nailiyyətindən 66 il, ölümündən isə 55 ilə yaxın vaxt keçən Qulamrza Təxtini idman azarkeşlərinin könlündə şəriksiz hökmdara çevirən nədir? Məqaləmdə bu suala cavab verməyə çalışmışam.


Qulamrza Təxti 1930-ci il avqustun 27-də Tehranın kasıblar yaşayan cənub hissəsində azərbaycanlı ailəsində dünyaya gəlib. O, beşuşaqlı ailənin sonbeşiyi idi. 15 yaşında olarkən qısa müddət güləşlə məşğul olur, amma maddi ehtiyac üzündən tezliklə güləşi də, təhsili də buraxaraq Məscid Süleyman şəhərində neft mədənində işləməyə başlayıb.

18 yaşında orduya çağrılan Qulamrza burada güləşlə yenidən məşğul olur və hərbi xidmətdən sonra da davam edir. O, qısa müddətdə sərbəst güləş üzrə İran millisinə dəvət alır. 1951-ci ildə dünya çempionatında iştirak edir və 79 kq çəki dərəcəsində yalnız türk Heydər Zəfərə uduzaraq gümüş medal qazanır. Bu, İran güləşçilərinin beynəlxalq turnirlərdə qazandığı ilk medal olur.

1952-ci ildə isə Helsinkidə olimpiya oyunlarında iştirak edir. Təxti burada Heydər Zəfərdən revanş götürərək dünya çempionunu yarışlardan uzaqlaşdırdı. Amma həlledici görüşdə SSRİ təmsilçisi David Tsimakuridzeyə kiçik fərqlə (1:2) uduzdu. Təxtinin qazandığı gümüş medal o zamana qədər İranın olimpiadalarda qazandığı ən yüksək əyarlı mükafat idi (1948-ci il olimpiadasında başqa bir azərbaycanlı, ağır atlet Cəfər Salmasi üçüncü yer tutaraq İrana ilk olimpiya medalı qazandırmışdı). Onunla eyni gündə, amma bir qədər sonra başqa bir iranlı güləşçi Naser Givehçi də gümüş medal qazandı.

Tokioda 1954-cü ildə keçirilən növbəti dünya çempionatı Qulamrza üçün uğursuz olur. O, yalnız 5-ci yeri tutur. Bunun da səbəbi, yəqin ki, yeni çəki dərəcəsində (87 kq) çıxış etməsi olur.

1956-cı ildə Melburnda keçirilən olimpiya oyunlarında da Təxti 87 kq çəki dərəcəsində çıxış edir. O, ilk dörd görüşdə CAR, Kanada, Yaponiya və Avstraliya güləşçilərinin hər biri üzərində təmiz qələbə (tuşe) qazanaraq final mərhələsinə çıxır. Burada da SSRİ-dən Boris Kulayevi və ABŞ-dan Piter Bleyri məğlub edərək qızıl medal qazanır.

Həmin gün (dekabrın 1-də) 67 kq çəki dərəcəsində çıxış edən İmaməli Həbibi (yaşlı nəsil onu “Mazandaran pələngi” filmində ifa etdiyi baş roldan tanıyır) Təxtini bir qədər qabaqlayaraq İranın ilk olimpiya çempionu oldu. Qulamrza bu titulu qazanan ikinci iranlı və ilk etnik azərbaycanlı oldu.

Təxtinin Melburn olimpiadasında inamlı çıxışı, rəqiblərinə heç bir fürsət tanımadan qalib gəlməsi İran azarkeşlərinin ona “Cahan Pəhləvan” ləqəbi verməsi ilə nəticələndi.


1957-ci ildə İstanbulda keçirilən dünya çempionatında Qulamrza Təxtinin ən ağır çəkidə (87 kq-dan artıq) çıxış edir və iki məğlubiyyətdən sonra mübarizəni dayandırır. Bunun əsas səbəbi özü ilə digər idmançılar arasında çəki fərqi idi. İranlı pəhləvanın çəkisi 92 kq idi. Həmin çəkidə çempion olan türk Həmid Kaplan 115 kq, gümüş mükafatçı alman Vilfrid Ditrix isə 110 kq çəkiyə malik idilər.

Çəkisini azaldan Təxti bir il sonra Tokioda keçirilən Asiya oyunlarında 87 kq çəki dərəcəsində qızıl medal qazandı. 1959-cu ildə isə Tehranda Cahan Pəhləvan adını təsdiqləyərək ilk dəfə dünya çempionu oldu. Onun rəqiblərindən yalnız Boris Kulayev (SSRİ) xal hesabı ilə məğlubiyyətə uğradı. Digərləri, o cümlədən gümüş və bürünc mükafatçılar Petko Sirakov (Bolqarıstan) və Moris Jakel (Fransa) üzərində təmiz qələbə çaldı.

1960-cı il olimpiadasında Təxti özünün heyrətamiz çıxışını davam etdirir. O, dalbadal beş görüşdə Əfqanıstan, Avstraliya, Yaponiya, Macarıstan və CAR təmsilçiləri üzərində təmiz qələbə çalır. Amma finalda Türkiyə güləşçisi İsmət Atlı ilə görüşün əvvəlində rəqibin tələsinə düşüb xal verdi, sonrakı vaxt ərzində bütün cəhdlərinə baxmayaraq, bunu kompensasiya edə bilmədi və gümüş medalla kifayətləndi.

Qulamrza Təxti. Foto: Vikipediya

Bir il sonra Yaponiyanın Yokohama şəhərində keçirilən dünya çempionatında yenə qızıl medal qazanaraq ikiqat dünya çempionu oldu.

1962-ci ildə ABŞ-ın Tolido şəhərində keçirilən dünya çempionatından əvvəl ağır çəki dərəcələrində dəyişiklik edilir. İndi 97 kq-a qədər və 97 kq-dan çox çəki dərəcələri vardı. Beləliklə, 97 kq çəki dərəcəsinə keçən Təxti daha özündən 20-25 kq ağır idmançılarla güləşməli olmadı. O, bu turnirdə gümüş medalla kifayətləndi. Amma Tolidoda bütün qələbələrindən heç də az qiymətli olmayan bir davranış sərgilədi.

Təxti həlledici qarşılaşmada sovet güləşinin parlayan ulduzu, sonralar güləş tarixinin ən adlı-sanlı nümayəndələrindən birinə çevriləcək Aleksandr Medvedlə qarşılaşır. Rəqibin sağ ayağının zədəli olduğunu bilən idmançı bütün qarşılaşma boyu həmin ayağa hücum etmir. Məhz bu alicənablıq onu üçqat dünya çempionluğundan məhrum edir, belə ki, heç-heçə bitən qarşılaşmadan sonra Təxtidən cəmi 200 qram yüngül olan Medved qalib elan olunur. Amma onun üçün comərdlik tituldan daha üstün idi. Rəqibinin bu davranışını yüksək qiymətləndirən Medved onun haqqında yazırdı: “Onu tanımaq mənim üçün böyük şərəf idi”.

Gözdən qaçırmayın:  “Ona “Azneft” meydanında heykəl qoyulmalıdır “

Başqa bir halda Moskvada keçirilən turnirdə sovet idmançısı Anatoli Albula qalib gəlir. Rəqibinin anasının tribunada olduğunu öyrənən Təxti qadına yaxınlaşaraq “Nəticəyə görə bağışlayın, sizin oğlunuz böyük güləşçidir” deyir. Mütəəssir olan qadın az əvvəl oğlunu məğlub edən güləşçinin üzündən öpür. Məhz belə davranışlarına Təxtiyə daha bir ləqəb verilir: Cavanmərd.

Onun insansevərliyi tatamidən kənarda da özünü büruzə verir. 1962-ci ildə episentri Qəzvin ostanındakı Buyinzəhra şəhəri olan 7,1 ballıq zəlzələ baş verir və 12 225 nəfər həlak olur, onminlərlə insan evsiz-eşiksiz qalır. Hökumətin ləng reaksiyasını görən Qulamrza Təxti boynunda qutu və əlində səsgücləndirici Tehran küçələri ilə yürüş edərək insanları fəlakət qurbanlarına yardım etməyə çağırır. Təsirlənən insanlar əllərindən gələni yardımı əsirgəmirlər. Onun bu addımı böyük rezonans doğurur və geniş ictimai kampaniyaya təkan verir.

Təxtinin xalq arasında nə qədər populyar olduğunu daha bir fakt sübut edir. Bir gün idmançının “Mersedes” avtomobili oğulanır. Bir neçə gündən sonra “sizin avtomobilinizi oğurladığım üçün çox utanıram” yazılan və avtomobilin yerini xəbər verən məktub alır. Göstərilən yerə gedən Cahan Pəhləvan avtomobilinin əməlli-başlı təmir edilərək qaytarıldığını görür.

Dünya və olimpiya çempionuna bir dəfə bal reklamında çəkilmək təklif olunur. O, bu qədər qüvvətli olmasını guya bal yeməsi ilə izah etməli idi. Təxti təklifə belə cavab verir: “Mən bal yeməklə güləşçi olmamışam. Pendir-çörək yemişəm, ağır zəhmət və məşqlər hesabına pəhləvan olmuşam”.

İdmançı siyasi həyata da biganə deyildi. Onun gəncliyi İran tarixinin xüsusi dövrünə, neftin milliləşdirilməsi uğrunda hərəkat dövrünə düşür. Solçu qüvvələrə meyl edən idmançı əvvəlcə Tudə partiyasından ayrılan “Üçüncü qüvvə” adlı qrupun üzvü olur. Qrup baş nazir Müsədddiqi və onun milliləşdirmə siyasətini dəstəkləyir. Müsəddiqin devrilməsindən sonra isə “Üçüncü qüvvə”də parçalanma yaranır və Təxtinin də qoşulduğu tərəf İran sosialist partiyasını yaradır.

1960-cı ildə II Milli Cəbhə deyilən təşkilat yarananda onun üzvü olur. Müsəddiq ev dustaqlığına məhkum edildiyi Əhmədabad kəndində vəfat edəndə Qulamrza Təxti polisin xəbərdarlığına baxmayaraq, keçmiş baş nazirin dəfnində iştirak edir.

Təsadüfi deyil ki, şah hökuməti xalqdan fərqli olaraq Təxtini sevmirdi və rejimin gizli polisi olan SAVAK-ın nəzarət altında saxlamağa çalışdığı adamlardan biri də dünya və olimpiya çempionu idi.

Fəal siyasi mövqeyi onun şəxsi həyatına da təsir etmişdi. Sevdiyi və evlənmək istədiyi bir qızı ona verməmişdilər. Qızın anası demişdi:

“Kürəkənim süpürgəçi ola bilər, amma siyasətçi yox. Onların sonu ya ömürlük həbs, ya da dar ağacıdır”.

Təxti 1966-cı ilin noyabrında Şəhla Təvəkkülü adlı qızla evləndi, 1967-ci ilin sentybarında Babək adlı oğlu oldu.


1964-cü ildə Tokioda keçirilən oyunlar Təxtinin dördüncü olimpiadası idi. Açılış mərasimindən əvvəl İran idmançıları onu komandanın bayraqdarı seçirlər. Amma bu seçim komandanı müşayiət edən hakimiyyət təmsilçilərində qəzəb oyadır. Şaha mənfi münasibətini gizlətməyən bir idmançının bayraqdar olması yolverilməz idi.

Təxtidən alınan bayrağı daşımaq Abdullah Movahed adlı başqa bir güləşçiyə təklif olunur, amma o da Cahan Pəhləvana olan ehtiramı səbəbindən imtina edir. Aydın olur ki, heç bir idmançı Təxtidən alınan bayrağı daşımağı özünə sığışdırmayacaq. Belə olduqda su idman növləri federasiyasının prezidenti Nüsrətullah Şahmir bayraqdar təyin olunur.

Qeyd edim ki, Təxti hələ 1960-cı il olimpiadasında idmançılar tərəfindən bayraqdar seçilmişdi. Amma o, bu şərəfdən yuxarıda adını çəkdiyim Cəfər Salmasinin xeyrinə imtina edir. Salmasi həmin dövrdə İran ağır atletika komandasının məşqçisi idi və Təxti düşünürdü ki, ilk olimpiya medalçısı olan veteran qala-qala özünün bayraq daşıması etik deyil.


Tokio olimpiadasında 97 kq çəkidə iştirak edən 34 yaşlı Qulamrza Təxti ilk görüşdə xal hesabı ilə, daha iki görüşdə də tuşe ilə qələbə qazandı. Amma dördüncü turda türk Ahmet Ayıka xal hesabı uduzdu. Beşinci turda Səid Mustafovla (Bolqarıstan) heç-heçə etdi və dördüncü yeri tutdu.

Cahan Pəhləvan bununla idman karyerasını yekunlaşdırmaq istəyirdi. Amma onun çəkisində İranın güclü güləşçisinin olmaması üzündən azarkeşlərin istəyini nəzərə alıb 1966-cı ildə yenidən dünya çempionatında iştirak etdi. İlk turda qələbə qazanan idmançı sonrakı iki turda dünya çempionu Ahmet Ayıka və olimpiya çempionu Aleksandr Medvedə uduzaraq mübarizəni dayandırdı. Bu çempionat Qulamrza Təxtinin idman karyerasında sonuncu turnir oldu.

Olimpiya oyunlarında (bir qızıl və iki gümüş) və dünya çempionatlarında (iki qızıl və iki gümüş) 7 medal qazanan Təxti bu göstərici üzrə İran güləşçiləri arasında indiyə qədər birinci yeri tutur. O, dörd olimpiadada iştirak edən ilk iranlıdır. 1964-1976-cı illərdə ağır atlet Məhəmməd Nasiri və 1988-2000 illərdə güləşçi Əmirrza Xadim onun rekordunu təkrar edib. Təxti Məhəmməd Nəsiri (1 qızıl, 1 gümüş, 1 bürünc) və yuxarıda adını çəkdiyim Həmid Sayi (2 qızıl, 1 bürünc) ilə birlikdə ən çox olimpiya medalı qazanan İran idmançısıdır.


Təxtinin şəxsi həyatında xoşbəxt olduğunu söyləmək olmaz. Daha yüksək təbəqəyə aid olan arvadı Şəhla Təvəkkülü ərinin anasına və bacılarına yuxarıdan aşağı baxır, tez-tez aralarında münaqişə yaranırdı. Böyük idmançı isə bir tərəfdə anası və bacısı, digər tərəfdə isə arvadı (və çox sevdiyi oğlu) olan bu konfliktin öhdəsindən gəlməkdə aciz idi.

1968-ci ilin ilk günlərində növbəti belə konfliktdən sonra Təxti evdən gedərək Tehranın “Atlantik” hotelində məskunlaşır. Yanvarın 7-də onu burada ölmüş vəziyyətdə tapırlar. Rəsmi versiya onun intihar etdiyini söyləsə də bir çoxları Cavanmərdin ölümündə SAVAK-ın əli olduğuna inanır.

Təxtini SAVAK-ın öldürməsi ehtimalı İslam inqilabına və inqilabdan sonrakı illər ərzində populyar versiya olaraq qaldı. Ölümündən iki gün əvvəl notariat kontorunda vəsiyyətnamə qoyması kimi faktlar inkar edildi. Burada şübhəsiz ki, siyasi amillər əsas rol oynadı. Şah əleyhdarları Təxtiyə olan sevginin monarxiyaya nifrətə çevrilməsində maraqlı idilər.

Müasir dövrdə daha çox adam Təxtinin həqiqətən də intihar etdiyini düşünür. Oğlu Babək Təxti də verdiyi müsahibələrin birində buna inandığını söylədi. Bununla belə, bu intiharın təkcə ailədaxili məsələlər üzündən baş vermədiyini düşünmək olar. Karyerasına son verən güləşçinin müxalif baxışlarına görə işsiz qalması, məşqçilik fəaliyyətinə imkan verilməməsi, turnirlərə hətta tamaşaçı kimi dəvət edilməməsi də faciəvi qərarın qəbulunda, güman ki, rol oynadı.

Güləşçi istedadına görə Cahan Pəhləvan, insanlıq keyfiyyətlərinə görə Cavanmərd ləqəbləri qazanan Qulamrza Təxtinin dəfnində yüz mindən çox insan iştirak etdi. Onun populyarlığı elə bir həddə idi ki, ölüm xəbərinin eşidən yeddi nəfər intihar etmişdi.

Bir dəfə jurnalist Təxtidən soruşmuşdu:

“Qazandığınız hansı mükafat sizin üçün daha əzizdir?”

Böyük çempion buna belə cavab vermişdi: “İnsanların sevgisi, onların ürəyində qazandığım yer”.

Keçirilən “ən yaxşı idmançı” müsabiqəsi göstərir ki, ölümündən 55 ilə yaxın müddət keçəndən sonra belə bu idman cəngavəri İran xalqının könlündəki yerini itirməyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button