2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Qurandakı İskəndər Zülqərneyn Oğuz Xaqandır?

Bir neçə ildir ki, sosial şəbəkələrdə Qurani Kərimin İskəndər Zülqərneyn ayələri barədə qızğın müzakirələr gedir. Bir çoxları İskəndər Zülqərneynin Makedoniyalı İskəndər olduğunu iddia edir. Ümumiyyətlə bu ayə barədə fikirlər və şərhlər müxtəlifdir. Sosial şəbəkələrdə peyda olan bir qrup “din alimi” yəcuc-məcuc tayfasının türk olduğunu iddia edir.

Öncədən qeyd edək ki, yazıda istifadə edilən fikirlər Türkiyənin məşhur teoloq alimlərinə məxsusdur. Biz sadəcə bu fikirləri sizə çatdırırıq. Kimin iddiasının, açıqlamasının nə qədər doğru-düzgün olduğunu deyə bilmərik.

Qurani Kərimin Kəhf Surəsinin 83-98-ci ayələri İsgəndər Zülqərneynin səyahətləri ilə bağlıdır. Bu ayələrdə Yəcuc-Məcuc tayfasından söz açılır. Bu ayələrdə Zülqərneyn müxtəlif yerlərə səyahət edən, insanlara kömək edən, zalımlara qarşı məzlumların yanında yer alan bir insandır.

Yəcuc-Məcuc tayfası isə zalım və yırtıcı bir tayfadır. İsgəndər onlardan qorunmaq üçün bir sədd tikər. Bəhsedilən ayələrdə Zülqərneyn və Yəcuc-Məcuc tayfası haqqında kifayət qədər məlumat olmadığı üçün müxtəlif təfsirlərə yol açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi alimlərə görə, Yəcuc-Məcuc Yafəsin nəslindən olan iki tayfanın adıdır. Bu tayfaların adamları bəstəboy və döyüşkən olmuşlar. Ehtimala görə, Çin səddi onların hücumunun qarşısını almaq üçün çəkilmişdir. Bəzi tarixçilər bunların monqol və tatarlar olduğunu iddia edirlər.

İslam alimləri arasında ümumiyyətlə İsgəndərin səyahətlərinin Yer kürəsində və ya kosmosda gerçəkləşdiyi barədə fikir ayrılıqları var.
Əvvəlcə İsgəndər Zülqərneynin kimliyi ilə maraqlanaq. Kiminə görə o, mələk, kiminə görə məlik (hökmdar), kiminə görə isə fövqəladə insandır. Bəziləri onun Makedoniyalı İsgəndər olduğunu iddia edirlər. Çünki Makedoniyalı İsgəndər də Qərbdən Şərqə uzanan, böyük bir coğrafiyada yer tutan dövlətin hökmdarı olmuşdur. Son yüz ildə isə İskəndər Zülqərneynin Makedoniyalı İsgəndər olduğu barədə iddialar daha çox olmuşdur.

Bəzi alimlər isə, onun İran hökmdarı Keyxosrov olduğunu iddia edirlər. Bəzilərinə görə isə İskəndər Zülqərneyn Yəmən kralı Şəmmar ər Raişdir.

Zulqərneyn ərəbcə kəlimə olaraq Zul-sahiblik, qayn isə (kayn) buynuz, zaman, mənasına gəlir.

“Biz Zülqərneynə bir səbəb verdik”… ayədəki bu cümlə Türkiyəli alim İsgəndər Türənin diqqətini cəlb edib. Onun fikrinə görə, Quranda 9 yerdə səbəb kəliməsinə rast gəlmək mümkündr. Bu 9-un 4-ü məhz İsgəndər Zülqərneynlə bağlı ayələrdədir. Kəhf Surəsindəki səbəb kəliməsinin mənalarını anlamaq üçün digər ayələrdəki səbəb kəlimələrinə baxmaq lazımdır. Məlum olur ki, digər ayələrdəki səbəb kəliməsi göyə çıxmaq üçün vasitə mənasında işlənir.

Səbəb kəliməsi ərəbcə kök etibarı ilə ip deməkdir. Bu ip hündürə, xurma ağacına çıxmaq üçün istifadə edilən ipdir. Qədim dövrlərdə, ərəblər xurma ağacına çıxmaq üçün halqavari ipdən istifadə ediblər. Hərhalda burada Zülqərneynin kosmosa bir halqavari gəmi ilə səyahətindən bəhs edilir.

Zülqərneynin ayəyə görə 3 səyahəti olub. Birinci səyahət zamanı o, günəşin batdığı bir yerə getdi. Quranda Məqrib və Məşriq deyəndə, Yer kürəsində günəşin doğduğu və batdığı yer nəzərdə tutulur. Əgər Şəms sözü də varsa, bu zaman Günəş planetinin kosmosdakı fəaliyyəti nəzərdə tutulur.

Günəş necə hərəkət edir? Günəşin ətrafındakı ulduzlarla bir hərəkəti var. Bir də Samanyolu qalaktikası içərisində bir hərəkəti var. Günəş bu qalaktikada saniyədə 250 km sürətlə hərəkət edir. Amma müəyyən vaxtdan sonra yolundan çıxaraq başqa tərəfə meyillənir. Günəş planeti Samanyolu planetinin ətrafında 250 milyon ilə bir dəfə dövr edir. Günəşin hərəkəti zamanı başqa istiqamətə meyillənməsi müasir astronomiya elmi tərəfindən Solar Apex, yəni zirvə nöqtəsi, uc nöqtəsi adlandırılıb. Məhz Zülqərneyn də Günəşin bu uc nöqtəsində, yəni günəşin batdığı yerdə bir qövmlə rastlaşmış, bir planetə rast gəlmişdir.

“Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.” (92-93)

“(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yə’cuc və Mə’cuc (qövmləri) bu yerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğ verəkmi?»” (94)

“(Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»” (95)

“Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolub bərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərin üzərinə töküm.»” (96)

“(Bu dəmir divar hazırlandıqdan sonra Yə’cuc və Mə’cuc) onu nə adlaya, nə də dağıdabildilər.” (97)

“(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin və’di yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin və’di haqdır.»” (98)

Digər bir Türk alimi Serhat Ahmet Tan da İskender Türenin fikirlərinə qatılır. Amma onun fərziyyəsinə görə, İsgəndər Zülqərneynin səyahəti kosmik zamanda həyata keçib.

Alimin fikrinə görə, bu gələcəkdə ola bilər. Çünki söhbət bizim Günəşdən gedirsə, onun yanındakı insan yaşayan planet isə Yer kürəsidir. Deməli İsgəndərin səyahəti və etdiyi işlər Yer Planetinə aiddir.

İsgəndər Türenin fərziyyəsinə görə isə, Zülqərneynin zamanında, yəni 10 min il öncə Günəş qara dəliyə keçib, hansısa müddətdən sonra bizim Günəş də qara dəliyə daxil olacaq, onun ardınca gələn başqa bir Günəşi də belə bir aqibət gözləyir. Bu qiyamətdir. Deməli, İsgəndərin səyahət etdiyi planetin artıq qiyamət günü olmuşdur. Növbəti qiyamət günü isə Yer Planetini gözləyir.

Ahmet Tanın fikrinə görə isə, bu Qiyamət elə Yer Planetində olmuş, ikinci, üçüncü, dördüncü qiyamətlər də olacaq.

Bu barədə ümumiyyətlə alimlərin fikri haçalanır. Kimin doğru, kimin yanlış olduğunu zaman göstərəcək.

Zülqərneynin birinci səyahətində qara dəliyin ətrafında bir Günəş sistemi və bir planet görür. Orada yaşayan bir qövm var. Allah ona “Ya İsgəndər, istəsən onlara əzab et, istəsən yaxşılıq et” deyir. Burada cəhənnəmi çağrışdıran bir məlumat var. Çünki Müqəddəs Kitabımızda Allah heç bir Peyğəmbərə filan qövmə əzab et deyə bir əmr vermir. Burada məhz əzab ver demək, o qövmün Qiyaməti olduğuna işarə edir.
Zülqərneyn ikinci səyahəti zamanı günəşin doğduğu yerə çatır. Burada da bir qövmlə rastlaşır. “Orada gördüyü qövmün üzərinə biz bir örtük Yaratmamışdıq”. Bu qövmün günəşdən qorunan bir sipəri, bir paltarı yoxdur.

Bəzi təfsirçilərə görə bu, zənci qövmüdür. Çünki onlar çılpaqdır və günəşli ərazilərdə yaşayırlar.

Bəzi təfsirçilərin fikrinə görə isə, söhbət gecənin olmadığı bir yerdən gedir. Çünki o qövmün insanlarının dərisi hər dəqiqə, hər saniyə günəş şüası görürdü. Əslində alimlər bu yerin gecəsiz bir yer olduğunu başqa ayələri anlayaraq söyləyiblər. Əgər onların Günəşlə aralarında bir örtük yoxdursa, görəsən bizim Günəşlə aramızda bir örtük varmıdır? Quranda bu məsələyə toxunulubmu? “Gecəni sizin üçün örtük verdik” ayəsi şübhəsiz ki, təfsirçilərin fikrini tamamlayır. Deməli, Tanrı gecəni bizim üçün Günəşdən qorunmağa bəxş edib. Zülqərneynin rast gəldiyi yerdə isə, gecə yoxdur.

Misir və Suriya alimləri də bu məsələyə toxunmuş, İsgəndərin ikinci səyahəti zamanı gecəsiz bir yerə getdiyini bildirmişlər. Amma onların fikrinə görə, ikinci səyahət Qütblərdə həyata keçmişdir. Çünki Qütblərdə 6 ay gecə, 6 ay gündüz var.

Astronomiya elminə görə isə, belə bir şey mümkündür. Qalaktikada elə planetlər var ki, iki Günəşin ortasındadır. Onların fırlanma sürəti eyni olduğu üçün, o planetdə daim Günəş şüaları var. Qısacası, Günəşin biri batanda, o birisi doğur.

Zülqərneyn üçüncü səyahəti zamanı iki sədd arasında bir qövmə rast gəlir. Bu qövmə Yəcuc-Məcuc adlı başqa bir qövm davamlı hücumlar edib, əziyyət verir. Onlar İsgəndərdən onları Yəcuc-Məcucun zülmündən qurtarmağı xahiş edirlər.

Bəzi təfsirçilərə görə, bu səyahət Qafqaz dağlarında, bəzilərinə görə isə şimal tərəfdə, bəzilərinə görə isə Orion bürcündə olub.

Amma İsgəndər Türenin bu məsələyə də maraqlı izahı var. Sədd kəliməsində hərəkələri fərqli oxusaq, süd (səddeyn, süddeyn) kimi oxunur. Sədd və süd sözlərinin kökü eynidir və sis, duman mənasını verir. Sədd kəliməsinə Quranda 4 yerdə rast gəlinir. Əgər səddin hər 4 yerdə bulud mənasında işləndiyini düşünsək, deməli İsgəndər iki buludun arasına səyahət edib.

Maraqlısı odur ki, digər alim Serhat Ahmet Tan, İskender Türenin iddialarını qəbul edir. Amma onun fikrinə görə, İsgəndər Zülqərneyn zaman içində səyahət edib. Onun getdiyi məkanlar eyni olsa da, fərqli zaman kəsimlərində bu yerlərə səyahət edib.

Klassik təfsirə görə, İsgəndər Zülqərneynin üçüncü səyahətində o, bir qəbilə ilə rastlaşır. Bu qəbilə ona Yəcuc-Məcuc tayfasından şikayət edir və kömək istəyir. Zülqərneyn onlara kömək edir, dəmir parçaların altına kömür qoyaraq əridir.

Sədd düzəldir, səddin üstünü misdən elə hörür ki, bu səddə dırmaşmaq, onu aşmaq mümkün olmasın. Sədd kilometrlərlə uzunluqda olur. Qiyamət günü bu sədd aşılacaq, Yəcuc-Məcuc tayfası bu səddi keçəcək. Əgər Qiyamətə qədər bu sədd qalacaqsa, bu sədd indi haradadır? Yəcuc-Məcuc tayfası kimlərdir?

İsgəndərin üçüncü səyahəti çox maraqlıdır. Ayəyə görə o, üçüncü səyahət zamanı bir qövmə rast gəlir. Bu qövm Yəcuc-Məcuc adlı tayfanın zülmündən əziyyət çəkir. Onlar Zülqərneyndən kömək istəyirlər. İsgəndər isə onlara kömək edir. Yəcuc-Məcuc tayfasının önünə bir sədd çəkir, Qiyamətə qədər bu səddi aşmaq olmaz.

Bəzi təfsirçilərin fikrinə görə, söhbət Çin səddindən gedir. Yəcuc-Məcuc tayfasını isə türk qövmü olduğunu iddia edirlər. Təbii ki, bu açıqlama başdan ayağa səhv və yanlışdır. Bunu faktlarla və ayələri bir az diqqətlə gözdən keçirməklə sübut etmək mümkündür.

Qısaca desək, klassik təfsirə görə, Zülqərneyn Şimalda (o vaxtkı təsəvvürə görə cənubda dənizlər olduğuna görə, dağlıq ərazi şimalda olmalı idi) iki dağ arasında bir qövmlə rastlaşır. Bu qövm ona zülm edən Yəcuc-Məcuc tayfası ilə aralarında bir sədd çəkilməyini xahiş edir. İsgəndər onların fiziki köməyindən istifadə edərək bu iki tayfa arasında sədd çəkir. O, dəmiri əridir, üzərinə misdən əlavə edir və bu səddi aşıb keçmək mümkün deyil. Qiyamətdə bu sədd yerlə bir olacaq, Yəcuc-Məcuc tayfası insanlara yenidən hücum edəcək. Buradan çıxan mənaya görə bu sədd hələ də var və Qiyamətdə dağılacaq.

Haradadır görəsən bu sədd? Bugün dünyada belə bir sədd yoxdur. Bir çoxları bunun Çin səddi olduğunu söyləsə də, Çin səddi nə dəmir və misdən hazırlanıb, nə də onu İsgəndər Zülqərneyn tikib. Çin səddi daşdandır və onu çinlilər tikib.

Bundan öncə də dediyimiz ki, sədd kəlməsi hərəkə ilə Quranda süd kimi də oxunur. Süd kimi oxunanda əl ilə tutmaq mümkün olmayan əngəl, sis, duman mənasını verir. Bu sədd kəliməsinə Quranın eyni zamanda Yasin ayəsində də rast gəlinir: “Biz onların önlərinə və arxalarına səd çəkdik”. İsgəndərin də səddi necə inşa etdiyinə baxaq: Ayəyə görə, dəmir blokların altını alovlandırdı. Onu atəş halına gətirənə qədər körükləyirlər. Sonra üzərinə qatran və ya mis əlavə edilir. Amma əsasən mis yox, qətran kəliməsi oxunur. Kimyaya görə, qızdırılmış dəmirin üzərinə qatran əlavə edəndə hidrogen qazı əmələ gəlir. Üzərinə oksigen qazı da üflənsə, metan qazı əmələ gəlir. Hidrogen və metan qazı havadan yüngül olduğu üçün hündürə qalxır. Atmosferin də ən üst qatında hidrogen və metan qazları var. Deməli, Zülqərneynin inşa etdiyi səd əslində qaz təbəqəsidir. Zatən, ayəyə görə, İsgəndər rast gəldiyi qövmə, sizə bir rədm inşa edəcəm demişdi. Rədm isə, qat-qat sədd deməkdir. Bir qat metan, bir qat hidrogen nəzərdə tutulub.

Yəcuc-Məcuc haqqında Qurani-Kərimin “Ənbiya” surəsində də məlumat verilir. Bundan başqa bir çox hədislərdə də Qiyamət əlamətlərindən biri kimi alçaq boylu Yəcuc-Məcuclar haqqında məlumatlar var.

Ərəb təfsirçiləri Yəcuc-Məcuc qövmünün türk olduğunu iddia ediblər. Təbii ki, kökündən yanlış və səhvdir. Çünki ən azından Türk millətinin İslam dinin yayılması üçün göstərdiyi xidmətləri, Türk qövmünün İslam dinini qoruması üçün göstərdiyi xidməti heç ərəb milləti də etməyib. Bəziləri Yəcuc-Məcuc qövmünün çinlilər olduğunu iddia etsə də, bu da yanlışdır.

Yəcuc-Məcuc barədə məlumat yəhudilərin müqəddəs Kitabı Tövratda da var. Amma Tövrata görə Yəcuc-Məcuc tayfası (yəhudilərin Kitabında bu tayfanın ad Qok-Maqok tayfası kimi adlandırılıb) Qiyamət günü yəhudilərə hücum edəcək.

Amma Qurani Kərimdəki ayənin təfsirlərinə görə, Yəcuc-Məcucun hansısa konkret bir millətə, qövmə hücum edəcəyi, təhülkə törədəcəyi barədə məlumat yoxdur. Anlaşılan odur ki, bu təhlükə bütün insanlara qarşı yönələcək.

Digər türk teoloqu Serhat Ahmet Tanın da fikrinə görə, Yəcuc-Məcuc tayfası başqa planetdədir. İsgəndər Zülqərneynin inşa etdiyi sədd bulud, sis və dumandan ibarətdir. Bu tayfa səddi keçə bilmir. Onun fikrinə görə, bu sədd Orion bürcü və Samanyolu qalaktikasındakı iki halqadır ki, bunu keçmək mümkün deyil. Amma Qiyamətdə Yəcuc-Məcuc səddi aşaraq, dünyaya, yəni Yer planetinə hücum edəcək və bəşəriyyət üçün böyük təhlükə törədəcək. Alimin fikrinə görə, Ənbiya surəsindəki ayəyə görə, “Yəcuc-Məcuc tayfası təpələrdən hücuma keçəcək” cümləsindəki təpə sözü kosmosu, yüksəkliyi, ucalığı simvolizə edir. Şübhəsiz, bu hücum kosmosdan baş verəcək.

Türenin fikrinə görə isə, konkret olaraq “haded” kəliməsi yarım dairəni ifadə edir. Qədim ərəbcədə, şiş, hündür və dəvə ürgücü mənasını verir. Burada isə konkret olaraq, hündür yarım dairə mənasında verilib. Onun bu açıqlaması Yəcuc-Məcucun uçan naməlum obyektlər vasitəsilə hücuma keçəcəyi mənasına da gəlir.

Ümumiyyətlə Yəcuc-Məcucun kimliyi barədə əsrlərdir alimlər müəyyən fikir yürüdürlər. Amma əsas bilinən budur ki, Qiyamətin 10 böyük əlamətindən biri məhz Yəcuc-Məcucdur. Tövratla yanaşı, İncildə də Qok-Maqoklardan söz edilir.

Məhəmməd Peyğəmbərin hədislərində Yəcuc-Məcucun İsa Peyğəmbərin ikinci zühurundan sonra məhv ediləcəyi, buna İsanın dualarının vəsilə olacağı bildirilir.

Ümumiyyətlə bu barədə fikirlər haçalanır, təfsirlər, alimlərin fikri, hədislər həddən artıq çoxdur. Biz bu məqalələrdə sadəcə bu təfsir və izahlardan bəzilərinə yer verdik. Təbii ki, fikrimizlə razılaşmayanlar olacaq. Bu təbiidir. Amma fikrimizcə, hər iki alimin izahı məntiqə və elmə uyğundur. Çünki ümumiyyətlə Kəhf surəsinə nəzər salsaq, surədəki ayələr Musa peyğəmbər və Həzrət Xızırın zaman içindəki səyahəti, Əshabu-Kəhf mağarası məsələsidir. Elə sonuncu da zaman içərisində səyahətə bənzəyir. Musanın gəzintisində gələcəkdən keçmişə, Əshabu-Kəhfdə də keçmişdən gələcəyə bir səyahət var. İsgəndər Zülqərneynlə bağlı ayələrdə də zaman içərisində səyahət var və hətta bəzi araşdırmacı-alimlər paralel dünyalardan da bəhs edir. Bizdən sadəcə araşıdırıb maraqlı saydıqlarımızı sizə çatdırmaqdır…

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button