2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qurduğu sistemin qurbanına çevrilən akademik 

AMEA prezidenti Ramiz Mehdiyevin istefaya göndərilməsi səyləri axır ki, nəticə verdi. O, dünən Rəyasət Heyətinin iclasında vəzifədən ayrıldığını bildirib. “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab Prezidentin mənə münasibəti çox yaxşıdır. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonrakı fəaliyyətinə gəlincə Mehdiyev evində oturub kitablar yazacağını deyib. 

Xatırladaq ki, son günlər Milli Məclisin deputatları, partiya sədrləri, hakim partiyanın üzvləri akademikə “Get!” çağırışlarını davam etdiriblər. Mehdiyevin akademiyanın rəsmi saytında yerləşdirilən cavab yazısından sonra onun əleyhdarlarının ritorikasında tənqidlə bərabər təhqir notları da güclənməyə başlayıb. Akademik həmin məqalədə əleyhdarlarını “avtobus müxalifəti”, “cib müxalifəti”, “yaltaq” və s. epitetlərlə çağırıb.

R.Mehdiyevin AMEA prezidentliyindən istefasından dərhal sonra isə həmin məqalə qurumun rəsmi saytından silinib.

AMEA prezidenti isə əleyhdarları tərəfindən ağır dövləti cinayətlərdə ittiham edilib, ölkədə baş vermiş əksər neqativ əməllər onun ayağına yazılıb.    

Məsələn, Azərbaycanda polad sənayesi ilə məşğul olmuş iş adamı Loğman Zülfüqarlı mediaya açıqlamasında deyib ki, vaxtı ilə onun biznesinin əlindən alınmasında Ramiz Mehdiyev xüsusi rol oynayıb. “Bizə həbsdə ikən şərt qoydular ki, bundan sonra da zavodları işlədib gəlirin 80-90 faizini Ramiz Mehdiyevin dediyi adamlara ödəməliyik”, – o qeyd edib.

Vitse-spiker Adil Əliyev isə Mehdiyev əleyhinə yazısında onun keçmiş universitet rektoru Elşad Abdullayevdən rüşvət almaqda və həmin prosesdə adı vasitəçi kimi hallanan Sevinc Babayevanın Türkiyədə müəmmalı ölümünü təşkil etməkdə ittiham edib. Siyasi dairələrdən BAXCP sədri Qüdrət Həsənquliyev, ADP sədri Sərdar Cəlaloğlu da AME prezidentinin “cinayətləri” və “vətənə xəyanətindən” geniş danışıblar.

Maraqlıdır, irəli sürülən bu ittihamlar Ramiz Mehdiyevə qarşı konkret cinayət təqibinə yol aça bilərmi? 

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a bildirib ki, Ramiz Mehdiyev barəsində mediada kifayət qədər təhqir və ağır ittihamlar var. “O, ayrı-ayrı şəxslər tərəfindən hətta ağır cinayətlərdə ittiham olunur. Özü də bu ittihamları irəli sürənlər hüquqi bilgiləri olmayan və ya az olan sadə insanlar deyil, bu ifadələrin məsuliyyətini dərk edən kifayət qədər ciddi şəxslərdir. Belə olan halda, prokurorluq tərəfindən Ramiz Mehdiyev barəsində araşdırmalara başlanmalı, deyilənlər təsdiqini tapdığı halda, konkret cinayət əməlləri üzrə cinayət işi başlanmalıdır”, – ekspert vurğulayıb.

Bununla yanaşı H.Həsənov hesab edir ki, Ramiz Mehdiyev də hesab etsə ki, barəsində deyilənlər təhqir və böhtandır, onda məhkəməyə müraciət edərək həmin şəxslərin məsuliyyətə cəlb edilmələrini tələb edə bilər: “Eyni zamanda, hesab edirəm ki, Ramiz Mehdiyev barəsində təhqirlərə yol verən dövlət orqanlarında seçkili və ya təyinatlı vəzifə tutan şəxslər tərəfindən həm də etik-davranış qaydalarının pozulması hallarına yol verilir”.

AMEA-nın prezidentinin istefasından sonra baş verəcək hadisələr maraq doğurur. Dünən məlum oldu ki, rəhbərlikdən getdikdən dərhal sonra yaxın qohumu və köməkçisi Eldar Əmirov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində 30 sutka inzibati həbs qərarı verildiyi, haqqındakı şikayətlərin araşdırıldığı bildirilir.   

Yaranmış durumu Pressklub.az-a şərh edən siyasi təhlilçi Rauf Mirəqdirov xatırladır ki, Ramiz Mehdiyev ömrü boyu Heydər Əliyevin yol yoldaşı, sirdaşı olub. “Hesab edirəm ki, onun yanında Mehdiyevin də balaca bir heykəli olmalıdır. O, çox qeyri-adi adamdır, hazırda 84 yaşı var, bir çox dövlət vəzifələrini artıq tərk edib. Məlumdur ki, o təkcə Prezident Administrasiyasının rəhbəri deyildi, Təhlükəsizlik Şurasının katibi, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri və ümumiyyətlə ölkədə bütün mümkün olan və olmayan komissiyaların rəhbəri idi. Bu qədər işlərə rəğmən hər il az qala bir kitabı çıxırdı. Bu qədər işin-gücü arasında elmi əsərlər yazmaq qeyri-mümkündür, dünyada belə misallar var, amma memuarlar, xatirələr, yaxud elmi əsərlər yazanlar bu işi ya dövlət işinə təyin olunana qədər, ya da istefaya getdikdən sonra görürlər”, – Mirəqdirov vurğulayıb. 

Siyasi şərhçi AMEA eks-prezidentinin cavab məqaləsini diqqətlə oxuduğunu, Mehdiyevin arqumentlərinin opponentlərinin mövqeyindən daha güclü və inandırıcı olduğunu qeyd edir: “Maraqlısı ondan ibarətdir ki, yazıda Ramiz Mehdiyev öz sisteminin törəmələrini ifşa edir və əlbəttə, bu işi ondan yaxşı görən tapılmaz. Çünki bu sistemi o formalaşdırıb. Yəqin ki, Mehdiyevi ən çox əsəbiləşdirən məsələ özünün yaratdığı bu sistemdən ona qarşı istifadə olunmasıdır. Fikrimcə, Azərbaycan elminin, təhsilinin indiki problemlərini yalnız Ramiz Mehdiyevin ayağına yazmaq ədalətsizlik olardı”.  

Rauf Mirəqdirov vurğulayır ki, Ramiz Mehdiyevin taleyi həll edilməsi qaçılmaz idi.  “Çünki o Heydər Əliyevin yaratdığı klan sistemində çox vacib bir fiqur idi. Artıq Azərbaycanda bir klandan başqa digərləri yoxdur, məhv edilib. Bu gün müxtəlif ailələrin maraqları üzərində qurulmuş oliqarxik sistem siyasi səhnədə deyil. Mehdiyev bu sistemdə çox əhəmiyyətli rol oyanayırdı. Həmin oliqarxların yerinə cavan menecerlər gəldilər. Bəlkə də gələcəkdə onlar arasında da oliqarxlara çevriləcək şəxslər ola bilər, amma olmaya da bilər. Çünki yalnız bir klanın hər şeyə nəzarət etməsi sistemi bir qədər fərqlidir. Düşünmürəm ki, menecerlər sistemi uğurlu olacaq. Çünki onların bu idarəetmədə iqtisadi və siyasi maraqları çox az olur. Onlar ancaq bir iradəni həyata keçirirlər, yaxşı menecer yaxşı həyata keçirir, pis menecer isə pis. Onlar hansısa ideologiya, yaxud idarəetmə tərzi generasiya etmirlər, yalnız  hakim iradəni yerinə yetirən insanlardır. Ramiz Mehdiyev nə qədər naqis fiqur olsa da, adi menecerlərə baxanda daha ciddi fiqurdur. Ona görə də bu sistemdə Mehdiyevin yeri yox idi və o getməli idi”, – siyasi təhlilçi bildirib. 

Onun gedişi prosesinin bu qədər uzanmasının səbəblərinə gəlincə, R.Mirəqdirov deyir ki, bu Mehdiyevin köhnə klan sistemini təcəssüm etdirən fiqur olmasına bağlıdır: “Bu fiqurun tamamilə siyasi arenadan uzaqlaşdırılması, onlara bağlı sosial təbəqələrə bir mesaj ola, ciddi təlatümlərə gətirib çıxara bilər. Ona görə də proses bu  qədər uzandı”.

Siyasi şərhçi bu prosesdə xarici siyasətlə bağlı bəzi məqamları da nəzərə almağın tərəfdarıdır: “Vaxtaşırı Mehdiyev, Usubov kimi şəxslər ətrafında söz-söhbətlərin aparılması təbiidir. Ona qarşı hücumlar o zamana qədər davam edəcək ki, AMEA prezidenti siyasi arenadan tamamilə yox olacaq. İstisna etmirəm ki, rəsmi şəkildə hakimiyyət dövründəki bütün günahların əsas baiskarı damğasını da onun üzərinə vuracaqlar. Ola bilər ki, bu damğa YAP-ın qərarı şəklində olsun”.

R.Mirqədirov vurğulayır ki, Ramiz Mehdiyevin istefası Heydər Əliyev epoxasının başa çatmasının göstəricisidir: “O, Əliyev sisteminin ən “parlaq” nümayəndəsi idi. Məncə, onun asanlıqla, sakitcə istefaya göndərmək olardı. Amma düşünürəm ki, onun qalmaqallı şəkildə istefaya göndərilməsi və yaxın qohumunun həbs edilməsi onu alçaltmaq, ayaqlar altına atıb tapdalamaq istəyindən doğur. Hesab edirəm ki, bununla siyasi elitanın bir hissəsi ondan qisasını almış oldu”.   

Turqut 

The post Qurduğu sistemin qurbanına çevrilən akademik  appeared first on 24 saat.

“Qurduğu sistemin qurbanına çevrilən akademik ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button