2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qurumlar məscid söküntüsündən yaxasını kənara çəkir

Eldəniz Quliyev: “Sökəndən sonra deyirlər ki, köhnə idi, uçub dağılırdı, ya da qeydiyyatdan keçməmişdi”

“Sovetski” məhəlləsi yaxınlığında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi insanlarda narahatlıq yaradıb. Bu məsələ cəmiyyətdə birmənalı şəkildə qarşılanmayıb. Hacı Cavad adlı tacirin tikdirdiyi, giriş qapısının üstündə həkk olunan üç kitabədən birinə əsasən, hicri-qəməri təqvimiylə 1305-ci ilə aid olan məscid Azərbaycanın mədəni-tarixi irsinin bir nümunəsidir. Miladi təqvimlə XIX əsrə aid olan bu abidənin xüsusən İslam Oyunları ərəfəsi sökülməsinin qərara alınması ictimaiyyətin qınağına səbəb olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məscidlərin sökülməsinin qəti şəkildə əleyhinə olduğunu söyləyib. Şeyxülislam bu barədə lazımi qurumların məlumatlandırıldığını deyib. O, “Sovetski”də çəkilməsi nəzərdə tutulan yolun üzərinə düşən iki məscidin danışıqlar yolu ilə sökülməsinin mümkünlüyünü də dilə gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə yeni məscidlərin tikiləcəyindən danışıb. Trend-ə açıqlamasında M.Qurbanlı qeyd edib ki, həmin məscidlərin əvəzinə “Sovetski” adlanan ərazidə yer müəyyən edilib yeniləri tikiləcək. Komitə sədrinin söylədiyinə görə, sökülən məscidlər çox köhnə, yararsız vəziyyətdədir və qeydiyyatı yoxdur. O, həmçinin deyib ki, bəziləri məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
Tanınmış ziyalı Eldəniz Quliyev tarixi abidələrin, inanc yerlərinin söküntüsünün sivil qaydada aparılmasını qanuni hesab edir. O, bu cür söküntülər barədə öncədən məlumat verilməsini, işin dini icmalarla dialoq vasitəsiylə qurulmasını doğru yol adlandırır:
“Sivil ölkələrdə belədir. Amma bizdə sökəndən sonra xəbər verirlər ki, köhnə idi, uçub dağılırdı və yaxud qeydiyyatdan keçməmişdi. Qeydiyyatda deyilsə, onu sökməlisiniz?! Yaxud köhnəlibsə, iş əlaqəli qurumlarla danışıqlar aparılaraq görülməlidir. Mübariz Qurbanlı həmin məscidlərin köhnəldiyini əsas gətirərək söküldüyünü deyir. O bunun öncədən rəhbəri olduğu qurumun məsuliyyəti olduğunu bilməliydi. Fikrimcə, məscidləri sökmək mənəviyyatın, təfəkkürün, dini etiqadın deqradasiyaya uğramasıdır. Bunu etmək mənəviyyatın cırlaşması, dəyərlərə biganəlik, mənəvi tənəzzüldür. Mübariz Qurbanlının bəzilərinin məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını deməsi də öz məsuliyyətini siyasi qurumların üzərinə atmasıdır. Buna yalnız təəssüf etmək olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button