SEÇMƏ

Qusarlı sahibkar: “Ev-eşiyimi, təsərrüfatımı əlimdən alıb, özümü rayondan didərgin salıblar”

Yayımlandı: 28 Oktyabr 2022 15:32

Ayven Şamuradov deyir ki, Qusar Rayon Prokurorluğunun müstəntiqi bəraət verdiyi cinayət işini təzədən başlayıb

Ötən ilin avqustunda Meydan TV Qusar rayonunun Quxuroba kənd sakini Ayven Şamuradovun dilindən başına gələnləri yazmışdı. Qısası, Ayven Şahmuradov danışırdı ki, fındıqçılıq təsərrüfatını genişləndirməklə Qusarda sayılıb-seçilən fermerlərdən biri olub. Şəriki olan Rusiya vətəndaşı, doğma xalası oğlu Həmdulla Qədirov təsərrüfatın genişləndiyi və daha çox gəlir gətirdiyi bir vaxtda bu biznesə daha şərik yox, sahib çıxmaq istəyib. Biznesə daha qısa yolla sahiblənmək üçün qarşı tərəfə polis və prokurorluq vasitəsiylə təzyiqlər göstərməyə çalışıb.

Vətəndaşın ötən ilin avqustunadək başına gələnlərlə bağlı daha genişini isə linkdən oxuya bilərsiniz.

Bəs sonralar Ayven Şamuradovun başına nələr gəldi? O, bu barədə danışmaq üçün yenə Meydan TV-yə üz tutub. Məlum olub ki, ona qarşı 8 epizod üzrə cinayət işi qaldırılıb, özü və atası həbs olunub, atası buraxılsa da, özü barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qərardan şikayət verib, azadlığa buraxılıb, işin düzgün araşdırılmamasına görə intihara cəhd edib:

“1 il 6 aydır ki, Qusar rayon prokuroru Elxan Əbdürrəhmanov tərəfindən təzyiqlərə məruz qalıram. Əziyyətlə yaratdığım fındıqçılıq təsərrüfatını xalam oğluna vermədiyim üçün başımın çəkmədiyi ağrı qalmamışdı. Xalam oğlu rayon prokuroruyla əlbir olaraq mənə və atama qarşı dələduzluq maddəsiylə cinayət işi başlanmasına nail olmuşdu. Guya biz onun şərikli biznesin qurulması üçün hissə-hissə verdiyi 780 min manatını mənimsəmişik”.

“İstintaq dövründə mənə aid olan torpaqların, həmin torpaqda birlikdə qurduğumuz biznesin xalam oğluna verilməsi üçün dəfələrlə ciddi təzyiqlər, işgəncələrlə üzləşmişəm. Məhz o təzyiqlərə dözməyərək fınfıqçılıq təsərrüfatımı, üstəlik, müxtəlif ölkələrdən meyvələr gətirib yetişdirdiyim 300 min manat dəyəri olan meyvəçilik bağımı, fermamı, ev-eşiyimi – hər şeyimi cinayət işinə xitam verilməsi şərtilə Həmdullaya dövr etməli olmuşam. Buna baxmayaraq, məni qanunsuz olaraq 4 ay müddətinə həbs etdilər. Sumqayıt Apelyasiya Məhkəməsi həbs qərarını ləğv etdi”, – Ayven Şamuradov deyib.

Şikayətçinin sözlərinə görə, Qusar Rayon Prokurorluğunda ona qarşı irəli sürülmüş daha səkkiz maddə üzrə ittihamlar sübuta yetirilmədiyindən elə istintaqı aparan müstəntiq Rahim Zülbalıyev tərəfindən 22 dekabr 2021-ci il tarixdə işə baraətverici əsaslarla xitam verilib. Ancaq bir neçə ay sonra Qusar Rayon Polis Şöbəsindən yenə zəng gəlib:

“Zəng vuran əvəllər barəmdə istintaqı aparan və mənə qarşı qərəzli olan Ümüd Xankişiyev idi. Bu dəfə mənə qarşı fermamda işləyən və mənimlə vətəndaş nikahında olan qadını qoymuşdu. Halbuki, həmin qadın dəfələrlə mənim xeyrimə ifadə vermişdi. Dedi ki, həmin qadın və xalası oğlu səndən şikayətçidir. Psixologiyamı tamamilə pozmuşdular, Baş Prokurorluğun qarşısına getdim, haqsızlıqlara dözməyərək intihar etmək istədim, polislər tökülüşdülər. Prokurorluğun bir vəzifəli şəxsi məni qəbul etdi, nəhayət, vətəndaşı səbrlə dinləyəcək biri tapılmışdı. Dinlədi, Qusarın prokuroruna işin ədalətli aparılması barədə göstəriş verdi”.

Gözdən qaçırmayın:  Vladimir Putin: “Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik”

Vətəndaş nikahında olmuş qadının və sonuncunun xalası oğlunun şikayəti əsasında polis şöbəsində açılmış cinayət işinə də məhz Baş Prokurorluqdan işə ədalətli baxılması barədə rayon prokuroruna verilmiş göstərişdən sonra xitam verilib. Ancaq bu dəfə də Ayven Şamuradovun deməsinə görə, vəkili onu çıxılmaz duruma salıb. Bir də xəbər tutub ki, vəkil Ayven Şamurdovun verdiyi etibarnaməylə ona məxsus 1.15 hektar ərazini öz qayınatasının adına keçirib. Ayven Şamuradov həm bu hərəkətinə, həm də prokurora vermək adı ilə aldadaraq ondan aldığı 20 min manat pulu mənimsədiyinə görə öz vəkili barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Ayven Şamuradovun sözlərinə görə, bir müddət əvvəlsə rayon prokurorluğunun müstəntiqi Rahim Zülbalıyev yenə ona zəng vurub və 178-ci maddə üzrə cəlb olunduğunu bildirib:

“Özünün bəraət verdiyi iş üzrə təzədən cinayət işi başlayıb. Halbuki, xalam oğlu özü ərizəylə müraciət edib, dəymiş zərərin ödənildiyini və məndən şikayətçi olmadığını bildirib. İndi də tanıdığım-tanımadığım adamlardan təzyiq yoluyla mənə qarşı saxta sübutlar toplamağa çalışır”.

Ayven Şamuradov təkrar şərlənib həbs olunacağından ehtiyat etdiyinə görə Qusardan didərgin düşdüyünü deyir:

“Evim-eşiyim, təsərrüfatlarım, bağlarım – nəyim vardısa, üzümə dayanıb əlimdən aldılar. İndi Qusardan kənarda kirayələrdə qalıram. Yenə məndən əl çəkmirlər. Mən vaxtilə Baş Prokurorluğa şikayət etdiyimə görə, müstəntiq mənimlə qərəzlidir, deyir, nə yolla olursa olsun, səni həbsxanaya atacam”.

Meydan TV Qusar Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan bu barədə məlumat vermək istəməyiblər. Müstəntiq Rahim Zülbalıyevin Meydan TV ilə əlaqə saxlayacağı bildirilib. Yazı dərcə hazırlanana qədər müstəntiq əlaqə saxlamayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button