2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSosial

Rəfael Cəbrayılovun qardaşı: ‘Akt bağlamışdıq ki, pul istəməyəcək, şər atmayacaq’

Həbsdə vəfat edən keçmiş deputat Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov deyir ki, 2017-ci ildə akt bağlamışdılar. Onun sözlərinə görə, qardaşların münasibətləri elə həddə gəlib çatmışdı ki, bu addımı atmağa məcbur olmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Elşən Cəbrayılovun təqdim etdiyi akta əsasən, deputat öz qardaşından pul istəməyəcək, ona qarşı heç bir tələbi olmayacaqdı. Cəbrayılov fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum qardaşının işi üzrə dindirilərkən bu barədə danışıb.

Mərhum deputat müxtəlif adamlardan alınmış pullara görə dələduzluqda suçlanaraq həbs olunmuşdu. Zərərçəkmiş qismində tanınan şəxslərin bir qismi pulu Cəbrayılovun qardaşlarıyla birlikdə şərik olduğu tikinti şirkətindən ev, obyekt almaq məqsədilə verdiyini iddia edir. Bu qalmaqalda ən çox adı hallanan şəxslərdən biri məhz Elşən Cəbrayılovdur. Çünki sözügedən tikinti şirkətinin – “Dərhal” MMC-nin rəhbəri odur. Hətta bəzi zərərçəkənlər pulu mərhum deputata yox, məhz qardaşına verdiyini iddia edir.

Cəbrayılovun ölümündən sonra onun hüquqi varisi qismində məhkəməsində çıxış edən və həyat yoldaşına bəraət verilməsini istəyən Aidə Cəbrayılova da ərinin başına gələnlərə görə qaynını ittiham edir. O, məhkəməyə Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunması haqda vəsatət verib.

Mərhum deputatın qardaşı isə ittihamları qəbul etmir. Məhkəmədə dindirilərkən də deyib ki, qardaşı ciddi səhvlərə yol verirdi. Bu üzdən 2017-ci ildə münasibətləri pozuldu: “Şirkətin rəsmi rəhbəri mən olsam da, faktiki idarəçilik onda idi. Qərarları o verirdi. O qərarlar da çox vaxt səhv olurdu. Sələm işinə qurşandı, nə qədər faizə pul götürdü. Əlimizdə olan pullar yoxa çıxırdı. 15 illik zəhmətimiz heç oldu. Əlimizdəki axırıncı obyekti də ona verdim. Bundan sonra pul istəməyəcəyi, şər atmayacağı, başqa tələbi olmayacağı haqda akt bağladıq”.

Zərərçəkmişlərdən Sülhiyyə Məmmədovanın nümayəndəsi olan vəkil Kamandar Nəsibov şahidi yalan danışmaqda suçlayıb. Vəkil aktın saxta olmadığına, oradakı imzanın Rəfael Cəbrayılova məxsusluğuna şübhə ilə yanaşdığını vurğulayıb. Vəsatət qaldırıb ki, sözügedən sənəd ekspertizaya göndərilsin, onun həqiqiliyi araşdırılsın.

“Siz burada nağıl danışırsınız. Şəxsən mənim nümayəndəsi olduğum Sülhiyyə Məmmədova pulu sizin özünüzə verib. Zərərçəkmişlərin pulu qaytarılmayıb. Fərqindəsinizmi ki, bu cür hərəkətlərlə qardaşınızı söydürürsünüz”, – vəkilin bu dediklərinə Cəbrayılov sərt cavab verib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Hakim tərəfləri sakitləşdirib və məhkəmə prosesini martın 10-na qədər təxirə salıb.

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: “Özümü qətiyyən təqsirli bilmirəm…”.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisiylə məşğul olan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

24 saat” “
Rəfael Cəbrayılovun qardaşı: ‘Akt bağlamışdıq ki, pul istəməyəcək, şər atmayacaq’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button