Loading...
Loading...
Xəbərlər

Rəsulzadənin 138 illiyi ilə əlaqədar dörd dildə məqalələr məcmusu dərc edilib

Bakı/31.01.22 Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar Bakıda “I Beynəlxalq Rəsulzadə Qiraətləri” məqalələr məcmusu dərc edilib. Kitabda 11 ölkədən 40 müəllifin Azərbaycan, rus, türk və ingilis dillərində məqalələri toplanıb. Nəşrin redaktoru və tərtibatçısı tarixçi alim Solmaz Rüstəmova-Tohididir.

Kitab 2020-ci ildə Bakıda keçirilmiş “Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” elmi konfransının iştirakçısı olan müəlliflər tərəfindən yazılmış əsərlərdən hazırlanıb. Bu konfrans günlərində onu hər il keçirmək planlaşdırılırdı, amma pandemiya və bu səbəbdən yaranmış məhdudiyyətlərlə əlaqədar konfransı iki ildə bir keçirmək və onun materiallarını dərc etmək qərarına gəlinib, deyə S.Rüstəmova-Tohidi Turan-a bildirib.

O, Bakıda Rəsulzadənin Ev Muzeyinin açılması üzrə təşkilatçılıq işlərinin nəticələrindən bəhs edib. Muzeyin qurucularının 2019-cu ildə yaradılmış ictimai təşəbbüs qrupunun sədri S.Rüstəmova-Tohidinin sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə iki ildir davam edən danışıqlar nəticə vermir. Beş aydır bu ictimai təşkilatın Milli Məclis və hökumətdən başlayaraq, bir çox dövlət müəssisələrinə göndərdiyi məktublara cavab verilmir. Səbəblərdən biri koronavirusla əlaqədar yaranmış obyektiv çətinliklər, Bakının mərkəzində yerləşən binanın bugünki sahiblərinin hüquqlarıdır.

Ev Muzeyinin Bakı şəhəri, İslam Səfərli küçəsi, 15 ünvanında yaradılması planlaşdırılır. Rəsulzadənin ailəsi Türkiyəyə mühacirət edənə qədər orada yaşayıb.

“Biz M.Ə.Rəsulzadənin ev muzeyinin açılması niyyəti qarşısında dayanan problemlərin müzakirəsi üçün Mədəniyyət Nazirliyinə dəvət edilmişik. Ümidimizi itirmirik”, deyə o qeyd edib.

Məmməd Əmin Rəsulzadə Azərbaycanın dövlət xadimi, siyasi və ictimai xadim, jurnalist və dramaturqdur, 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri olub. 

O, 1884-cü il yanvarın 31-də Azərbaycanda, Novxanı kəndində anadan olub. 1955-ci ildə Türkiyədə, Ankara şəhərində vəfat edib. -0-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button