2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməlidir’

Prezident İlham Əliyev martın 5-də hakim Yeni Azərbaycan Partiyasinin VII qurultayında ölkədəki iqtisadi vəziyyətə toxunarkən yeni dövrdən bəhs edib. Prezident bildirib ki, iqtisadi sahədə yeni dövr artıq göz qabağındadır:

“Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimizdə proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir…”.

“Azərbaycanda inhisarlarla mübarizə son illərdə daha kəskin xarakter alıb”

Saytların yığılması Saytlarin yigilmasi

Tahir Mirkişili

Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, inhisarların yaranması, onlarla mübarizə iqtisadi proseslərin tərkib hissəsidir və bu prosses bütün dünyada gedir, davamlı xarakter daşıyır.

Tahir Mirkişili vurğulayıb ki, Azərbaycanda inhisarlarla mübarizə son illərdə daha kəskin xarakter alıb, Prezidentin apardığı islahatlar bu sahədə xeyli müsbət nəticə əldə etməyə imkan verib:

“Keçən dövrlərdə aparılan mübarizə inhisarçılığın xeyli zəifləməsinə səbəb olmuşdur. Hazırda ölkədə xarici ticarətlə məşğul olan sahibkarların sayı 45000-ü ötüb. Qeydiyyatdan keçmiş vergi ödəyicilərin sayı isə 1 milyonu keçib. Yəni say etibarilə geniş inklüzivlik mövcuddur.”

Komitə sədrinin fikrincə, bununla yanaşı bəzi problemlər də var, bunların fundamental həlli üçün tədbirlər görülməkdədir.O hesab edir ki, iqtisadiyyatda yeni dövr dinamik, ədalətli rəqabət, yaradıcı, innovativ dəyər, vicdanlı və vətənpərvər fəalliyətin güclənməsi dövrüdür:

“Dövlətin inhisarçılığın bütün forması ilə mübarizə aparmaq üçün siyasi iradəsi mövcuddur”

“ Dövlətin inhisarçılığın bütün forması ilə mübarizə aparmaq və ona son qoymaq üçün siyasi iradəsi mövcuddur. Buna uyğun bu il və növbəti illərdə qanunvericilik aktları daha da təkmilləşdiriləcək. Dövlət başçısının iradəsi və qanunlar çərçivəsində təmin olunacaq şəffaflıq, dürüstlük dövrü inhisarçılığa son qoymaq üçün güclü zəmin yaradacaq”.
Başqa bir iqtisadçı, deputat Vüqar Bayramov da Azadlıq Radiosuna bildirib ki, 2015-ci ildən inhisarçılığa qarşı mübarizənin daha da dərinləşməsi müşahidə olunur:

“Son 5 ildə islahatların daha da dərinləşdiyi hiss olundu”

“Xüsusulə son 5 ildə islahatların daha da dərinləşdiyi hiss olundu. İslahatlar həm inhisarçılığa qarşı mübarizə, həm də iqtisadiyyatın liberallaşdırılması və biznes üçün imkanların artırılmasına xidmət edirdi. 2030-cu ilə qədər olan milli priotetlərdə də, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi və eyni zamanda iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub”

Onun deməsinə görə, artıq Baş nazirin əmriylə yaradılan həm komissiya, həm də İşçi qruplar növbəti 7 ayda 2021-2025-ci illəri əhatə edəcək inkişaf strategiyasını hazırlamalıdır:

“ Strategiyanın bu ilin sonlarında qəbul ediləcəyi gözlənilir. Sənəddə gizli iqtisadiyyata qarşı mübarizə, bazara çıxış imkanlarına maneələrin tamamilə aradan qaldırılması əsas istiqamətlərdən olmalıdır”.

Vüqar Bayramov, 1 oktyabr 2009

Vüqar Bayramov, 1 oktyabr 2009

Vüqar Bayramov Milli Məclisdə irəli sürdüyü təklifləri xatırladaraq əlavə edib ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməlidir:

“Bu sənədin hazırlanması və müzakirəsi bir neçə il öncədən başlayıb. Amma yeni çağırışlara, müasir tələblərə uyğun olaraq məcəllənin yenidən hazırlanması və qəbulu məqsədəuyğun olardı. Məcəllədə praktik olaraq iqtisadiyyatın liberallaşması və inhisarın tamamilə aradan qaldırılması ilə bağlı islahatların dərinləşməsi istiqamətindəki tədbirlərin həyata keçirilməsi vacibdir.”

Deputat sonra da deyib:

“ Həm gizli iqtisadiyyat, həm qeyri-formal məşğulluğun minimumlaşması ilə bağlı tədbirlərin dərinləşməsi lazımdır. Doğrudur, son 2 ildə bu yöndə işlərin güclənməsi müşahidə olunur və bu prosesin davamlı olması olduqca vacibdir. Son milli priotetlər də göstərdi ki, prioses davamlı olacaq və növbəti illərdə daha da dərinləşəcək. Digər vacib məqamlardan da biri kimi dövlət satınalmaları və tenderlərin keçirilməsi prosedurlarının təkmilləşməsilə bağlı təkliflərimizi təqdim etmişik. Ümumilikdə, bu sahədə yeni qayda və prosedurların tətbiqi məqsədəuyğun olardı”.

Deputat güman edir ki, aparılan siyasət və dərinləşmiş islahatlar növbəti mərhələdə inhisarın tamamilə aradan qaldırılması ilə nəticələnəcək.

“İnhisarçılığın səviyyəsi elə bir dözülməz vəziyyət yaradıb ki,…”

Nemət Əliyev

Nemət Əliyev

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev də hesab edir ki, xalqın istəyi də inhisarlara son qoyulmasıdır:

“Çünki inhisarçılığın sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vurduğu zərəri xalq öz yaşayışında hiss edir. Bu yaxınlarda sahibkarlar Dövlət Gömrük Komitəsinin qarşısında aksiyası keçirildi, adamlar artıq dözə bilmirlər. Səbəb də inhisarçılığın səviyyəsi elə bir dözülməz vəziyyət yaradıb ki, sahibkarlar sıxışdırılacaqlarını, hansısa dövlət orqanlarından zərbə alacaqlarını bilsələr də, Dövlət Komitəsinin qarşısında etirazlarını ifadə edirlər”.
Nemət Əliyev dövlət başçısının açıqlamasını normal sayıb:

“İlham Əliyev17 ildir Azərbaycana rəhbərlik edir,…”

“Ancaq sual yaranır: ölkə başçısı bilmirdi ki, indiyə qədər ölkəni inhisarçılıq, rüşvətxorluq və korrupsiya çökdürür? İlham Əliyev17 ildir Azərbaycana rəhbərlik edir ( 2003-cü ildən hakimiyyətdədir), məgər, o, rüşvətxorluğun, inhisarçılığın və korrupsiyanın vurduğu zərbələr haqda ilk dəfədir danışır? İlham Əliyev əvvəllər də bu barədə danışıb, sadəcə, ölkə başçısı cəmiyyətdən, sahibkarlardan və müxalifətdən bu yöndə səslənən fikirlərə əhəmiyyət verməyib”

Onun deməsinə görə, nəticədə indi elə vəziyyət yaranıb ki, dövlət başçısı da inhisarçılıq haqda danışır:

“İndi sual doğuran odur ki, ötən illərdə inhisarçılığın sahibkarlığa vurduğu zərbəyə görə kim cavabdehlik daşıyacaq? Yaxud 17 ildə bu işlər görülməyibsə, biz xalq olaraq necə inanaq ki, bundan sonra dəyişiklik olacaq? Milyonların səsini eşitməyən bir neçə nəfərin səsini eşidərmi? Bu baxımdan mən ciddi nəticələrin olacağına ümid etmirəm. Əlbəttə, dəyişiklik olarsa, lap yaxşı, çünki müsbət istiqamətdə dəyişiklik sahibkarlar başda olmaqla hər kəs üçün faydalı olardı”.

“Məgər, bu gün vəzifələrdə aztəminatlı ailələrin vəsaitini mənimsəyənlər yoxdurmu?”
Nemət Əliyev bundan əvvəlki bəzi həbslərə toxunaraq davam edib:

“Məgər, bu gün vəzifələrdə aztəminatlı ailələrin vəsaitini mənimsəyənlər yoxdurmu? Adi bir misal, ictimail nəzarəti ən yaxşı şəkildə media, müxalifət və tanınmış şəxslər aparır. Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibinə baxın, adı müxtəlif qalmaqallarda hallanan insanlar yenə ordadır. İndiyə qədər sahibkarlar internet vasitəsilə dövlət başçısına və müvafiq nazirliklərə şikayətlər ediblər, köklü nəticəsi olubmu? Olsaydı, sahibkarlar niyə gedib Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirirdi? Təəssüf ki, səsləndirdiyim suallar açıq qalır”.

Dövlət Gömrük Komitəsin rəhbərliyi isə bir qayda olaraq bəyan edir ki,onların da məqsədi şəffaflığa xidmət etməkdir.Rəsmilər gömrükdə inhisarın olması ilə bağlı iddiaları qəbul etmirlər.

24 saat” “’Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməlidir’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button