2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rafiq İsmayıl: “AXC liderləri arasında da KQB-yə bağlı şəxslər ola bilərdi”

24saat.org Azərbaycanın son 30-40 illik siyasi proseslərinin içində olan, amma qabarıq şəkildə görünməyən tarixçi alim Rafiq İsmayılla siyasətçilər və KQB agentləri mövzusunda müsahibəni təqdim edir.

– Rafiq müəllim, siz 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatına necə qoşuldunuz, meydana hərəkatına sizi gətirib çıxaran səbəblər nə ilə bağlı idi?
– Mən meydan hərəkatından xeyli əvvəl, hələ tələbə olduğum zaman rəhmətlik Əbülfəz bəylə, Malik Mahmudovla, Alim Kosayevlə və digər şəxslərlə tanış idim. İndiki dillə desək bu insanlarla antisovet ruhunda müzakirələr aparır, çıxış yolları haqqında düşünürdük. Sonra rəhmətlik Malik Mahmudov İraqa getdi. O, İraqda olanda türk tələbələrdən Müsavat Partiyasının sonuncu proqramını əldə edə bilmişdi. Bakıya qayıdanda həmin proqramın içinə ərəb əlifbası ilə yazı yazmışdı ki, sərhəddə şübhələnən olmasın. Sonra biz onu çap etdirmək istədik, müzakirələr apardıq və s. Ancaq onun çapı mümkün olmadı. Bir qədər sonra isə təşkilatlanma qərarına gəldik. İki adam bir-birilə tanış olurdu, üçüncü şəxs isə bu iki nəfərdən biri ilə tanış olurdu. Beləcə ətrafımıza müəyyən şəxslər topladıq. Nəinki özümüzü, hətta bizdən yaşca böyük olan alimləri, şairləri, rəssamları, musiqiçiləri öz ideyalarımızla tanış etdik, sıralarımıza cəlb etməyə çalışdıq. Sözsüz ki, uğurlarımız və uğursuzluqlarımız da oldu. Sonra Əbülfəz bəy həbs edildi, bizdə istintaqda şahid kimi dindirildik. Həbsdən sonra Əbülfəz bəyin yanına getmək, ərzaq aparmaq, onun həbsdən buraxılması üçün işlər görmək məsələsi ortaya çıxdı. Bizdə bu işlərlə aktiv məşğul olduq. Sonra Azərbaycan Xalq Cəbhəsi yarandı. Mən də universitetdə fəal iştirakçılardan biri oldum. Qarabağ məsələsi meydana gələndə SSRİ-nin müxtəlif şəhərlərinə məktublar yazdıq və s.

– Yəni siz Azərbaycanın müstəqillik məsələsinə dair proseslərdə olmuşunuz, amma daha çox görünməməyə çalışmışınız?
– Mən meydan hərəkatı üzə çıxana qədər siyasi dövriyyədə fırlanan bir neçə şəxsdən biri idim. Meydan hərəkatı baş verəndə mən artıq universitetdə müəllim idi. AXC-nin strukturunu yaratdıq, tələbələrin meydana getməsini təşkil etdik və s.

Saytların yığılması Saytlarin yigilmasi

– Meydan hərəkatının SSRİ KQB-nin yaratdığı iddiaları var…
– Bu boş söhbətdir. Sovet KQB-nin başlıca məqsədi bu cür hərəkatların qarşısını almaq idi. Əslində SSRİ-də antisovet hərəkatı Leninqradda baş verib. Ümumiyyətlə antisovet və millətçilik hərəkatının, ayrılma ideyalarının daşıyıcıları ilk şərqşünaslar olub.

– Niyə məhz şərqşünaslar?
– Biz SSRİ daxilində yaşayırdıq. Televiziya, qəzet və radiodan aldığımız məlumat o idi ki, dünyada ən gözəl, ən demokratik, ən firavan ölkə elə SSRİ-dir. Ancaq şərqşünaslar ərəb və digər şərq ölkələrində işləyəndə bildilər ki, daxildə gedən təbliğat əsaslı deyil, elə ən geridə qalmış, azadlıqları boğan ölkə SSRİ-dir. Görürdülər ki, başqa ölkələrdə millətlər öz haqları uğrunda mübarizə aparır. Biz seçkilərdə xalqların iştirakı və mübarizəsini, işdən çıxarılma zaman həmkarlar ittifaqlarının tətil hərəkatlarını gördük. Odur ki, bizdə əminlik yaranmışdı ki, sovet sistemi şərq ölkələrindən belə aşağı səviyyədədir. Hətta SSRİ-yə meyl edən ərəb ölkələrinin mühəndisələrinə bəzən deyirdilər ki, səhv etməyin. Yəni SSRİ-nin xalqlar və millətlər həbsxanası olduğunu artıq bilirdik. Meydan hərəkatı başlayanda da biz prosesdə öndə getdik.

– Əgər xatırlayırsınızsa, bir neçə il əvvəl Eldəniz Əliyev adlı KQB polkovnikinin mətbuatda silsilə müsahibələri gedirdi və o iddia edirdi ki, bir çoxları adı çəkilən idarəyə bağlı şəxslər olub…
– Hələ yuxarıda dediyim tələbə hərəkatı dövründə içimizə KQB agentləri salmışdılar. Onlar bizimlə yeyib-içir, dostluq edir, müzakirələrə qatılırdı. Antisovet çıxışları etməsələr də, bizim dediklərimizin əleyhinə çıxış etmirdilər. Çünki KQB-nin vəzifəsi bu işlərlə məşğul olmaq, belə halların qarşısını almaqdan ibarətdir. Bu mənada KQB-yə bağlı şəxslərin təşkilatlarda olması və fəaliyyət göstərməsi inkar edilməzdir. Demirəm ki, onların sayı çox olub, amma müəyyən sayda olublar.

– Hətta Azərbaycan Xalq Cəbhəsinin daxilində?
– Bəli, bu qurumun da daxilində. Əslində düşünürəm ki, bu gün də Azərbaycanda iqtidara qarşı olan radikal qüvvələr daxilinə belə şəxslər salınmasın.

– Siyasətçi Eldar Namazov deyib ki, meydan hərəkatı zamanı KQB emissarları onu Hökumət Evinin içinə dəvət ediblər və deyiblər ki, hansısa sirli qapıdan çıxıb mitinqdə danışsın. Ona mitinqdə çıxış edəcək digər şəxslərin də adını deyiblər. Namazov həmin şəxslərin adını çəkməsə də, deyib ki, həqiqətən də həmin şəxslər mitinqlərdə çıxışlar ediblər…
– Sözsüz ki, KQB daha çox fəal adamları bu işə cəlb etməyə çalışırdı. Meydanda yüz minlərlə insan var idi. Onlar aşağıda qulaq asıb çıxışlara əl çalırdılar. KQB-yə isə özünə bağlı olan şəxsləri fəal adamların içərisinə atır və ya fəalların içərisindən özünə yaxın şəxsləri çıxarırdı.

– Bu prosesdə AXC liderləri də ola bilərdi?
– AXC liderləri arasında da belələri ola bilərdi. Bilirsinizmi, o zaman Kommunist Partiyasının işçiləri var idi ki, gəlib mitinqlərdə çıxış edirdi. Məsələn, indiki Səbail rayonunun birinci katibi. Sonra rayonlarda işləyən rəhbər şəxslər, partiya katibləri, zavod direktorları köməklik meydana göstərirdi. Sözsüz ki, onların içərisində millətini, xalqını sevən şəxslərlə yanaşı KQB agentləri də var idi. Yəni prosesin içində olaraq müəyyən edirdilər ki, kim nə edir.

– Sizcə, indi həmin dövrün liderlərindən varmı ki, KQB-nin agenti olub, amma biz hazırda onu böyük siyasətçi kimi tanıyırıq?
– Bu elə mövzudur ki, güman min yerə, iman bir yana gedər. Ola bilsin ki, bu gündə həmin liderlərin içərisində kimsə var. Və biz onun hansısa təşkilatın, müxalifətin lideri kimi tanıyırıq. Əslində isə o içəridə və ya arxada KQB-nin muzdusu olaraq fəaliyyət göstərir.

– Mətbuatda bəzən Əbülfəz Elçibəy hədəfə gətirilir. Sizcə, Əbülfəz Elçibəyə qarşı belə bir iddia irəli sürmək nə dərəcədə əsaslı ola bilər?
– Əbülfəz Elçibəy qədər ideyasına, siyasətinə, vətənpərvərliyinə, öz təşkilatına və Azərbaycanın istiqlaliyyəti ilə bağlı məsələlərə sədaqətli ikinci bir şəxs yoxdur. Bu mənada onun KQB agenti kimi təqdim edilməsi əslində onun şəxsiyyətinə qarşı atılan ləkədir ki, bu deyilir və boşa da çıxır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button