2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Ramil Usubov məsuliyyəti İlham Əliyevin üzərinə atır”

Taleh Bağırzadə: “Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?”

“Ənvər Seyidov reanimasiyadadı, Allah onu cəzalandırıb. Bunu ona görə deyirəm ki, biləsiz, sizləri də bu aqibət gözləyir”.

Bunu Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsində onun, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və Nardaran işi üzrə həbs olunan daha 16 nəfərin işinə baxan hakim Əlövsət Abbasova deyib. İlahiyyatçının misal çəkdiyi Ənvər Seyidov da həmin məhkəmənin hakimidi, o, Heydər Əliyevin heykəlinə siyasi şüar yazmış gənc fəal Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Taleh Bağırovzadəni hiddətləndirən isə jurnalist adı altında məhkəmə zalına daxil olmuş polis əməkdaşı olub.

Taleh Bağırzadə yenə məhkəmədən uzaqlaşdırıldı

Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov və Cabbar Cabbarov zalda olan həmin şəxsin çıxarılmasını tələb ediblər. O, jurnalist olduğunu iddia edərək, çıxmaq istəməyib. Təqsirləndirilənlər isə onun polis olduğunu bildiriblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Həmin şəxs hakimlərin istifadə etdiyi qapıdan çıxarılıb.
Bundan sonra mübahisə Taleh Bağırzadə ilə hakim arasında davam edib. İlahiyyatçının hakim həmkarı barədə söylədiklərinə Əlövsət Abbasov belə reaksiya verib:
– Hakimlə işin olmasın, otur aşağı.
– Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?
Bundan sonra hakim Taleh Bağırzadənin məhkəmə zalından uzaqlaşdırılması haqda qərar çıxarıb.
“Bu adamları hamıya, qohumlarına tanıtdırmaq lazımdır. Çatdırmaq lazımdı ki, bunları toya, yasa çağırmayın”, deyən Taleh Bağırzadənin uzaqlaşdırılmasına digər təqsirləndirilənlər də etiraz ediblər. Bildiriblər ki, onlar da məhkəmədə iştirakdan imtina edirlər.
Bu qalmaqal üzündən məhkəmə yarımçıq qalıb.

Ramil Usubov məhkəməyə gəlsin!

Buna qədər isə məhkəmədə bir sıra şəxslərin, o cümlədən Daxili İşlər naziri Ramil Usubovun dindirilməsi haqda vəsatət qaldırılıb. Taleh Bağırzadənin vəkili vəsatəti əsaslandırarkən deyib ki, Usubovun Nardaran əməliyyatından az sonra – dekabrın 2-də müsahibəsində söylədikləri cinayət işinin materiallarında yazılanlarla uyğun gəlmir. Məsələn, nazir deyir ki, əməliyyat Nardarandakı kriminogen duruma görə keçirilib, indiyə qədər bu qəsəbənin sakinləri ilə polislər arasında 23 dəfə qarşıdurma yaşanıb. Amma iş materiallarında yazılıb ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Taleh Bağırzadə və tərəfdarlarının silahlı çevriliş hazırladığı haqda məlumat daxil olub, onun əsasında noyabrın 26-da xüsusi əməliyyat keçirilib.
Ramil Usubov müsahibəsində deyir ki, “əməliyyat nəticəsində iki polislə yanaşı, beş nəfər yerli sakin məhv edilib”. Amma iş materiallarına görə, hadisə zamanı iki polis və dörd nəfər Nardaran sakini həlak olub:
“Beşinci adamın kimliyi barədə heç bir məlumat yoxdur. Ramil Usubov nazirdir, məlumatlı adamdı. “Beş nəfər” deyirsə, deməli, bildiyi nəsə var. O zaman beşinci adam kimdi?”

Nardaran əməliyyatı prezidentin tapşırığı olub?

Vəkil deyir ki, iş materiallarında əməliyyatın daxil olmuş məlumat əsasında keçirildiyi qeyd olunur. Ramil Usubov isə deyir ki, bu əməliyyat prezidentin tapşırığı əsasında keçirilib.
Yalçın İmanov müsahibənin diskini də məhkəməyə təqdim edib, sənədlərin tədqiqi mərhələsində onun araşdırılmasını istəyib.
Vəsatətə münasibət bildirən Taleh Bağırzadə də nazirin dindirilməsini vacib sayır. Deyir ki, Ramil Usubov bu müsahibə ilə Nardaran müsibətinin, orada adamların öldürülməsinin məsuliyyətini faktiki İlham Əliyevin üzərinə atıb: “Demək istəyir ki, mən əmr quluyam. O, əmr verib, mən də bu adamları öldürtdürmüşəm. Belə fikir yaranmasın ki, mən ilham Əliyevi müdafiə edirəm. Əgər baş verənlərdən xəbərdardısa, deməli, özü də bu cinayətə şərikdi. Xəbəri yoxdursa, orada niyə oturub? Yəni hər iki halda, məzəmmət olunmalıdı.
2005-ci ildə “Qara kəmər” əməliyyatında Hacı Məmmədovun dəstəsi həbs olunanda da Ramil Usubov eyni addımı atmışdı. O zaman təcridxanadan bir çeçen qaçırılmışdı. Onda Ramil Usubov televiziyaya çıxıb dedi ki, “Heydər Əliyev göstəriş verdi, bundan sonra o adamın qaçmasına şərait yaradıldı”. Yəni o vaxt da məsuliyyəti Heydər Əliyevin üzərinə atdı.
Nardaranda törədilənlər tarixi hadisədi. Ramil Usubov bura gəlib cavab verməlidi, dediklərinə aydınlıq gətirməlidi”.

Güllələr adamların bədənindən çıxarılmır

Yalçın İmanovun daha bir vəsatəti Sabunçudakı 3 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov və Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalının rəisi Ramiz Əkbərovun məhkəmədə dindirilməsi haqda olub. Vəkil vəsatətini belə əsaslandırıb: “Təqsirləndirilən şəxslərdən Şamil Abduləliyev və Bəhruz Quliyev məhkəmədə bildirdilər ki, hadisədən sonra kənd sakinləri onları xəstəxanaya çatdırıb. Reanimasiyada olarkən onların yanına gəlib , o vəziyyətdə bir sıra sənədlərə qol çəkdiriblər. Sonradan məlum oldu ki, dindirmə protokolları olub. Hələ də Şamilin bədənində üç, Bəhruzun bədənində isə bir güllə qalıb. Onlar bildirdilər ki, tibbi personal güllələrin bədənlərindən çıxarılması üçün təşəbbüs göstərməyib. Fikrət Zeynalov dindirilsin, soruşaq ki, reanimasiyada o vəziyyətdə olan adamlara necə imza atdırılıb? Niyə bu adamların bədənlərindəki güllələr çıxarılmayıb?
Burada dindirilən polislər hadisə yerinə əməliyyat qrupunun rəhbərinin çağırdığı təcili yardımla yaralıların xəstəxanalara çatdırıldığını iddia edirdi. Bizim Təcili Tibbi Yardım Stansiyasına sorğumuza cavab verilib ki, həmin vaxt Nardarana təcili yardım çağrılmayıb. Təqsirləndirilən şəxslər də bildirdi ki, yaralı polisləri və əməliyyat zamanı artıq ölmüş şəxsləri polislər özləri ilə aparıb, qalan yaralıları isə kənd sakinləri özləri aparıb. İş materiallarından görünür ki, dünyasını dəyişmiş iki polis, Əbülfəz və Fərail Bünyadovlar DİN-in hospitalında olub. Ramiz Əkbərovdan soruşmaq istəyirik ki, bu adamları ora kim gətirib, ölümlər nə vaxt baş verib?
Əməliyyatda dünyasını dəyişmiş dörd nəfər qəsəbə sakininin nəşi yaxınlarına 9 gün sonra verilib. Bu müddətdə onların nəşi harada, necə, niyə saxlanılıb?”

Nardaran əməliyyatının videoçəkilişi tələb olundu

Taleh Bağırzadə isə vəsatət qaldırıb ki, Daxili İşlər Nazirliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Nardaran əməliyyatının videosu alınsın. İlahiyyatçı deyir ki, əməliyyat zamanı çəkiliş aparılıb, sadəcə, sərf eləmədiyinə görə üzə çıxarmayıblar: “Əməliyyat zamanı çəkiliş aparıldığını görənlər də var. Amma o videoda bunların təqdim etdiyi kimi bizim tərəfimizdən silahlı hücum, müqavimət olmadığından, əksinə, öz vəhşilikləri əks olunduğundan, o çəkilişi üzə çıxarmayıblar”.

“Azərbaycanda hakimiyyət yox, mafiya var”

Təqsirləndirilən şəxslərdən 70-ə yaxın yaşı olan İbrahim Xudaverdiyev də Nardaran əməliyyatının videogörüntülərinin nümayiş.etdirilməsini istəyib. O deyir ki, Nardaran əməliyyatı bu hakimiyyətin ömrünü uzatmaqdan ötrü törədilmiş növbəti cinayət idi: “Rövşən Cavadovla bağlı hadisələrin üstündən 20 ildən çox vaxt keçir. Amma hər il o kadrları göstərirlər. Nardaranda bizim heç birimizdə silah olmadığına, əksinə, özləri bizə qarşı cinayət törətdiklərinə görə hər dəfə məscidi göstərib, keçirlər bizdən danışmağa. Cənab nazir 9 milyonun önündə yalan danışır, siz də məhkəmə olaraq, çağırıb ondan hesabat tələb eləmirsiz. Bu da onu göstərir ki, məhkəmə özü də yuxarıdan gələn sifarişlə işləyir. Nə istintaq var, nə məhkəmə, hamısı görüntüdü. Olsaydı, cinayət törədən polislər dəmir barmaqlıqlar arasında olardı, günahsız adamlar azadlıqda. “Azadlıq” deyirəm, amma heç çöldəkilər də azadlıqda deyil. Sadəcə, barmaqlıq arxasında deyillər. Bu ölkədə törədilən çirkinliklər, bütün mərəkələr hakimiyyətin ömrünü uzatmaq üçündü. Əslində, bu ölkədə hakimiyyət də yoxdu, mafiya var”.
Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası həm bugünkü, həm də əvvəlki məhkəmə iclaslarında əlavə şahidlərin dindirilməsi haqda qaldırılmış bütün vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Əvvəlki iclaslarda təqsirləndirilən şəxslər və müdafiəçilər 14-cü və 42-ci polis bölmələrinin rəislərinin, hal şahidlərinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaran əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanovun dindirilməsini istəmişdilər.

“Bu qədər absurd olmaz axı…”

Hakimlər əlavə şahidlərlə bağlı 20-dən artıq vəsatətin heç birini təmin etməyib.
Bu da təqsirləndirilənlər və vəkillərin etirazına səbəb olub.
“Burada polislər dindirilərkən bizim suallarımızın çoxuna “mən bilmirəm, bunu əməliyyata rəhbərlik etmiş Kərim Əlimərdanov deyə bilər” cavabını vermişdi. Siz isə onu burada dindirməkdən imtina edirsiz.
Yaxud, 8 nəfər hal şahidi var, guya onlar 17 nəfərdən qumbara, beşbarmaq, bıçaq tapılmasının şahidi olublar. Polislər də burada dedilər ki, əməliyyat uzağı 15 dəqiqə çəkdi. Bu 15 dəqiqədə bu qədər adamın üzərinə baxış keçirilməsi, deyilən əşyaların götürülməsini hesablayanda hərəyə az qala, yarım dəqiqə düşür. İş materiallarında yazılanlardan belə çıxır ki, eyni hal şahidi eyni dəqiqədə üç ayrı-ayrı adamın üzərinə baxışa şahidlik edib. Bu qədər absurd olmaz axı… Hal şahidlərindən biri İntiqam Kərimov başqa siyasi işlərdə də eyni statusla çıxış.edib. Siz də bütün bunları araşdırmaq istəmirsiz”, – Yalçın İmanov etirazını bildirib.
Hakimlərin, hətta hal şahidlərini də məhkəmədə dindirmək istəməməsi təqsirləndirilənləri hiddətləndirib.
“Baş verənlər göstərir ki, siz obyektiv araşdırma aparmaq, ədalətli qərar çıxarmaq niyyətində deyilsiz. Hal şahidlərini də ona görə çağırmırsız ki, onların polislərə nisbətən daha hazırlıqsız olduğunu bilirsiz, bu adamları təlimatlandırmaq da çətindi. Bura gələcəklər, bir-iki sualdan sonra Nardaranda törədilən cinayət növbəti dəfə ifşa olunacaq. Yəni məsələni ört-basdır eləmək üçün bu addımı atırsız”, – deyə Fuad Qəhrəmanlı bildirib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button