Loading...
Loading...
SEÇMƏ

Ramin Hacılı: “Bu məhkəmənin xüsusi nəzarət altında keçirilməsini istəyirəm”

Hərəkat rəhbəri ittihamla razılaşmır

Azərbaycan Avropa Hərəkatı”nın həbsdə olan rəhbəri Ramin Hacılı özünü təqsirli bilmir. İyunun 8-də məhkəməsində ona ifadə vermək təklif olunsa da, indiki mərhələdə imtina edib.

“Mən bu məhkəmənin xüsusi nəzarət altında keçirilməsini istəyirəm. Mənə qarşı aşkar qanun pozuntuları var”, – Ramin Hacılı ittihama münasibət bildirərkən deyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır. Məhkəmədə prokuror Ramin Hacılı haqqında ittiham aktında yazılanları elan edib. İttihama əsasən, Ramin Hacılı xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək vəd edib. Bu adla da onlardan pul alıb. İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. O, müxtəlif şəxslərdən 1000 manatdan 18 min manata qədər pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Ramin Hacılıya mütəşəkkil dəstə tərkibində dələduzluq, saxta sənəd hazırlama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət verməyə təhrik və başqa ittihamlar irəli sürülüb.

O isə bu ittihamların heç birini qəbul etmədiyini, özünü qətiyyən təqsirli bilmədiyini söyləyib.

Onun vəkili Rəşad Əliyev vəsatət qaldıraraq, dələduzluq, rüşvət verməyə təhrik və başqa ittihamlara xitam verilməsini istəyib. Vəkil bildirib ki, bu işdə mütəşəkkil dəstədən söhbət gedə bilməz:

“Mütəşəkkil dəstə anlayışı var. Bu işdə rollar müəyyənləşdirilməyib, pul bölgüsü yoxdur, hansı mütəşəkkil dəstədən söhbət gedir? Alınan pullar təyyarə biletləri və başqa xərclərə sərf olunub. Ramin Hacılını yalnız saxta sənəd məsələsində günahlandırmaq olar. Xahiş edirəm, onun əməlinə Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsilə hüquqi qiymət verilsin”.

Vəkilin bu vəsatəti baxılmamış saxlanılıb.

Məhkəmədə şahidlər də dindirilib. Lalə İbrahimova deyib ki, Ramin Hacılının işlədiyi ofisdən onun işlədiyi şirkətin elektron poçtuna sənədlər gəlirdi, onları çap edirdi:

“Mən “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyində (sədri Sərdar İsgəndərov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib və ayrıca mühakimə olunur-red.) işləyirdim. Ramin Hacılıgilin ofisindən bizim ofisin elektron poçtuna sənədlər gəlirdi, onları çap edirdim, deyilən yerlərə göndərirdim. Mən o vaxt həmin sənədlərin saxta olduğunu bilmirdim. Sonradan istintaqda bildim…”.

Məhkəmə prosesi iyunun 22-də davam edəcək.

Ramin Hacılıya qarşı Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə ittiham irəli sürülüb. Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Gözdən qaçırmayın:  Həbsdə olan partiya sədri aclıq aksiyasına başlayıb

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

Ramin Hacılı sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button