Loading...
Loading...
SEÇMƏ

Ramin Hacılı: “Məhkəməni qapalı keçirin, açıb deyim ki, kimlərə görə ortada qalmışam…”

Yayımlandı: 14 Sentyabr 2022 17:46

“Mən iş görürəmsə, pul almamalıyam?”

“Məhkəməni qapalı keçirsəniz, açıb deyərəm ki, bu işin içində kimlər var, mən kimlərə görə ortada qalmışam. Mən faktları açıqlamaq istəyirəm ki, bəlkə dövlət bir tədbir görə…”, – “Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri, həbsdə olan ictimai fəal Ramin Hacılı sentyabrın 14-də məhkəməsinin qapalı keçirilməsini istəyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır. Hakim məhkəmənin qapalı keçirilməsilə bağlı onun istəyini təmin etməyib. Bildirilib ki, artıq məhkəmə prosesinin açıq keçirilməsilə bağlı prosesin əvvəlində qərar verilib.

Ramin Hacılı ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ifadə verib. Deyib ki, özünü təqsirli bilmir, ittiham aktında yazılanlar müstəntiqin ehtimallarıdır:

“Deyirlər, viza açdırmaq, xaricə göndərmək üçün pul almışam. Mən iş görürəmsə, pul almamalıyam? Qanuni şəkildə işimi görüb, pulumu qazanmışam. Bu ölkədə mənim kimi viza alınması işiylə məşğul olan yüzlərlə şirkət, minlərlə adam var. Hamı da eyni qaydalarla görür bu işi. Məni niyə tutublar, hələ də anlamıram”.

Ramin Hacılı vəsatət qaldırıb ki, onun işçisi olmuş Şəfəq Əsgərli çağırılıb məhkəmədə dindirilsin. Vəsatətini də belə əsaslandırıb:

“O adam məndən xəbərsiz işlər görüb, saxta arayışlar verib, mənim bunlardan xəbərim olmayıb. Onun ibtidai istintaqda alınmış ifadəsi var. Ancaq müstəntiqə sərf etmədiyi üçün adını məhkəməyə çağırılası şahidlər siyahısından çıxarıb.

Məhkəmə onun istintaqdakı ifadəsini elan etmək qərarı verib.

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

İttihamda göstərilib ki, viza almaq prosesində Fransa, Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb edilib. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

Gözdən qaçırmayın:  Blinken, Makron və Ərdoğan Əliyevə zəng edib

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button