2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ramin Hacılıya AXCP adından saxta arayışlar ittihamı

Yayımlandı: 6 İyul 2022 14:56

“Hər şey ortaya çıxacaq, məlum olacaq ki, mən həbsdə olanda işçilərim nələr eləyib”

“Azərbaycan Avropa Hərəkatı”nın həbsdə olan rəhbəri Ramin Hacılı və onunla birlikdə çalışmış şəxslər xarici ölkələrdə daimi yaşayış hüququ əldə etmək istəyən şəxslərə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adından saxta arayışlar hazırlayıb verməkdə ittiham olunur. İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının işi üzrə məhkəmə iclasında dindirilən şahidlər bu barədə danışıblar. Onlar bildiriblər ki, Ramin Hacılının ofisində onlar üçün hazırlanan sənədlər paketinin arasında AXCP arayışları da olub. Hərçənd, özləri heç bir partiyanın üzvü olmayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə iclasında ifadə verən Rövşən Muradov bildirib ki, o, Amerikaya viza almaq üçün Ramin Hacılıya 1000 manat pul verib. Amma viza almaq üçün tələblərə cavab verə bilməyib. Məcələn, bank hesabında yetərincə vəsaiti olmayıb, rəsmi iş yeri olmayıb:

“Ramin Hacılının işçilərindən kimsə hesabıma pul qoydu, viza alınandan sonra özləri də çıxardı. İş yerindən arayış da düzəltmişdilər. Mən Amerikada qalası olsaydım, AXCP-dən dəstək məktubu da vardı. Amma qalmadım deyə, lazım olmadı. Mənə o sənədi Ramin verməmişdi, ofisdən kimin verdiyi yadımda deyil”.

Məhkəmədə dindirilən Qara Həsənov müxtəlif adamlardan eşitdiklərini məhkəmədə danışıb:

“Eşitmişdim ki, Ramin rəsmi iş yerləri olmayanlar üçün iş arayışı təşkil edib, səfirliyə sənədlərin arasına qoyur ki, viza alsınlar. Mən özüm başqa turizm şirkətində işləmişəm. Eşitmişdim ki, Sərdar da xaricdə sığınacaq almaq istəyənlər üçün həkimdən, polisdən saxta sənədlər paketi düzəldir. Guya onların təzyiqə məruz qalması haqda. Amma Raminin özünün saxta sənədlər verdiyini eşitməmişəm”.

Başqa bir şahid Nazim Osmanovun iki kürəkəni Ramin Hacılının dəstəyilə xarici ölkəyə gedib. Onun iki kürəkənindən biri məhkəmədə özü ifadə verib. Digəri – Anar Abdullayev haqda isə o, məhkəmədə danışıb:

“Kürəkənim Anar Abdullayev 2016-cı ildə xaricə gedib. Sənədlər üçün 6000 pul vermişdi. Sənədlərin arasında AXCP məktubu da vardı. Əslində isə kürəkənim heç bir partiyanın üzvü deyil”.

Onun digər kürəkəni Elmir Qəmbərov məhkəmədə bildirib ki, övladı xəstə olduğuna görə nə olursa olsun, Almaniyaya getməliydi. O, dəstək üçün Ramin Hacılıya 4500 manat pul verdiyini bildirib:

“Mənə də AXCP-nin dəstək məktubu verilmişdi. Amma 99 faiz Ramin Hacılı özü verməmişdi, ofisdəki işçilər vermişdi. Mən özüm heç bir partiyanın üzvü deyiləm”.

Ramin Hacılı AXCP adından saxta arayışlarla bağlı ittihamları rədd edib.

“O arayışları mən verməmişəm, ofisdən alınıbsa da, mənim xəbərim yoxdur. Bizə verilən pulun qarşılığında səfirliyə təqdim edilən sənədlər hazırlanırdı. Viza üçün səfirliyə təqdim olunan sənədlərdə partiya məktubu olmur. Hər şey ortaya çıxacaq, məlum olacaq ki, mən həbsdə olanda işçilərim nələr eləyib”, – Ramin Hacılı bildirib.

Məhkəmədə Ramin Hacılının vəkili Rəşad Əliyev müvəkkilinin səhhətində problemlər olduğunu vurğulayaraq, onun tibbi ekspertizadan keçirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Ramin Hacılı iki ay ərzində 30 kiloqrama yaxın çəki itirib.

Lakin Azad Məcidovun sədrliyilə, Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button