İctimai fəal Bəxtiyar Hacıyevdən müraciət: "Məni inqilabçı kimi təqdim edirdilər"
Hazırda azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyev ictimaiyyətə yazılı müraciət ünvanlayıb. Bu müraciət oktyabrın 30-da “Azadlıq Qəzeti”ndə işıq üzü görüb.
Bəxtiyar Hacıyev bəyan edib ki, korrupsiya və haqsızlıq hallarına qarşı çıxış etdiyi üçün daim təzyiqlərlə üzləşib. O, 2004-cü ildə təhsil sistemindəki korrupsiyaya etirazını bildirib, 2007-ci ildə isə kommunal qiymətlərin artımına etiraz olaraq sayt yaratdığına görə 12 sutka inzibati həbsə məruz qalıb. Fəal qeyd edib ki, həmin il Harvard Universitetinə qəbul olunsa da, dövlət rəsmiləri təqaüddən imtina etməsini tələb edib, nəticədə ona dövlət proqramı çərçivəsində maliyyə dəstəyi verilməyib.
Ramiz Mehdiyev ittihamı: "Məni inqilabçı hesab edirdilər"
Hacıyev iddia edir ki, illərdir dövlət strukturlarında ona qarşı aparılan kampaniyanın arxasında sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanıb. Onun sözlərinə görə, 2010-cu ildə deputatlığa namizəd olduğu və faktiki olaraq qalib gəldiyi seçkidən dərhal sonra həbs edilib. Bəxtiyar Hacıyev vurğulayıb ki, 2019-cu ilə qədər qarşılaşdığı bütün polis təzyiqləri, həbslər və məhrumiyyətlər birbaşa Ramiz Mehdiyevin əmri ilə həyata keçirilib. Mehdiyev və onun ətrafındakılar Hacıyevi daima inqilabçı, dövlət çevrilişinə hazırlaşan şəxs kimi təqdim ediblər. Hətta son həbsi zamanı da cinayət işində onun dövlət çevrilişinə hazırlaşması barədə qeydlərin olduğu bildirilir.
Fəal istehza ilə qeyd edib ki, illərdir ona bu ittihamları yapışdırmağa çalışan Ramiz Mehdiyev hazırda özü dövlət çevrilişinə hazırlıqda ittiham olunur və mühakimə edilir.
Fəaliyyətim dövlət maraqlarına zidd deyil
Bəxtiyar Hacıyev öz fəaliyyətinin heç vaxt dövlət maraqlarına zidd olmadığını vurğulayıb. O bildirib ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır və heç vaxt ölkənin maraqlarına zərbə vuran addım atmayıb. Hacıyev fəaliyyətini demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti işi adlandırıb və bunu cinayət hesab etmədiyini deyib. Bəxtiyar Hacıyev həmçinin qeyd edib ki, bu gün də Ramiz Mehdiyevin keçmiş təsir dairəsində qalan şəxslər vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsdə saxlanılması üçün hər vasitəyə əl atırlar. Onun fikrincə, bu davranışlar Azərbaycanın inkişaf etmiş Qərb ölkələri ilə strateji tərəfdaşlığına zərbə vurur, cəmiyyətdə narazılıq və aqressiya yaradır.
Xatırladaq ki, oktyabrın 14-də hökumətyönlü media Səbail Rayon Məhkəməsinin sabiq Prezident Administrasiyası rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçdiyi barədə məlumat yayıb. Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.
Vətən müharibəsinin ildönümü ərəfəsində barışıq çağırışı
Bəxtiyar Hacıyev müraciətini 44 günlük Vətən müharibəsinin 5 illiyi ərəfəsində "ictimai barışığın təşviqi" çağırışı ilə tamamlayıb. O ümid edir ki, hələ də sağlam düşüncəyə malik dövlət adamları var və onlar zəfər bayramı ərəfəsində siyasi sifarişlə həbs edilmiş vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin və digər məhkumların azadlığa buraxılması istiqamətində təşəbbüs göstərəcəklər.
Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun evi və bank hesablarındakı vəsait müsadirə olunub. İctimai fəala təlim-tədris işləri də qadağan edilib. Fəal özünü təqsirli bilmədiyini və həbsinin sifarişli olduğunu bəyan edib.

 
                
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz