2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rasim Əkbərova qarşı sui-qəsddə ittiham olunan şəxsə hökm oxundu

Yayımlandı: 30 Dekabr 2022 14:05

Təqsirləndirilən şəxs keçmiş Milli Qəhrəmanı öldürmək fikrində olmadığını deyib

Azərbaycanın keçmiş Milli Qəhrəmanı, batalyon komandiri Rasim Əkbərova qarşı sui-qəsddə ittiham olunan Xaliq Məmmədova hökm oxunub. O, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə çıxarılan hökmə əsasən, 14 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işinin materiallarında bildirilir ki, Xaliq Məmmədov həbsdə olan tanışının azadlığa buraxılmasına kömək məqsədilə çayxanada Rasim Əkbərova yaxınlaşıb. Bu zaman telefonla danışan Rasim Əkbərov ondan bir qədər kənarda dayanmasını istəyib. Onun danışıq tərzini özünə təhqir kimi qiymətləndirən 29 yaşlı Xaliq Məmmədov ona üstündəki bıçaqla 8 zərbə endirib. Bu zaman Rasim Əkbərov stolun üstündəki çayniki ona tərəf atıb, bıçağı əlindən alıb. Nəticədə Xaliq Məmmədov hadisə yerindən qaçıb.

Amma Xaliq Məmmədov məhkəməyə ifadəsində hadisənin səbəbini başqa cür izah edib. Deyib ki, atası Füzuli Məmmədov vaxtilə Birinci Qarabağ Müharibəsində Rasim Əkbərovun batalyonunda döyüşüb. O, Goranboyda Rasim Əkbərova yaxınlaşıb tanışlıq verib:

“Füzuli Məmmədovun oğlu olduğumu, psixi xəstəliklə əlaqədar müalicə olunmaq üçün maddi köməkliyə ehtiyacım olduğunu dedim. Köməklik etməsini xahiş elədim. Dedi ki, “axşamtərəfi gələrsən”. Həmin gün axşam çayxanada açıq havada tək oturub çay içirdi. Yaxınlaşıb salam verib oturdum. Həmin vaxt telefonla danışırdı. Mənə dedi ki, “get burdan”. Dedim ki, “komandir, bir söz demişdim sizə”. Qışqırdı ki, rədd ol”. Hətta daha nalayiq söz işlətdi. Ona görə vurdum…”.

Əməlindən peşman olduğunu deyən Xaliq Məmmədov onu öldürmək niyyəti olmadığını da vurğulayıb.
Rasim Əkbərov isə ifadəsində deyib ki, Xaliq Məmmədov hadisədən bir neçə gün əvvəl ona yaxınlaşıb, həbsdə olan bir tanışının buraxılmasına kömək etməsini istəyib. Onun sözlərinə görə, həmin vaxt sürücüsü də bu hadisənin şahidi olub:

“Hətta dedi ki, həmin tanışının dörd uşağı var, ailənin vəziyyəti yaxşı deyil. O adam barədə ətraflı məlumat vermədi deyə, mən də bilmədim ki, kimdir, nə məsələdir”.

Hadisə günü – 8 sentyabr 2021-ci ildə baş verənlərə gəlincə, Rasim Əkbərov bildirib ki, o, çayxanada olan zaman Xaliq Məmmədov yenidən gəlib, onunla işi olduğunu deyib. Həmin vaxt telefonla danışdığına görə ona şəxsi söhbəti olduğunu deyib:

“Dedim ki, “aralan, söhbətim var”. Durub getdi, bir də gördüm kimsə arxadan boynumdan tutub, məni bıçaqla vurur. Ətrafdakılar gəldi…”.

Daha sonra Rasim Əkbərov xəstəxanaya çatdırılıb.

O hesab edir ki, rayonda nüfuz sahibi olduğuna görə Xaliq Məmmədov onu öldürməyə cəhd edib.
Xaliq Məmmədov Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham olunur.

Rasim Əkbərov 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bir neçə il sonra dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Rasim Əkbərova 15 il cəza kəsilib. Həmçinin mərhum prezident Heydər Əliyev 2001-ci ildə onun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum olunması barədə fərman imzalayıb.

Rasim Əkbərov 2008-ci ildə əfv sərəncamıyla həbsdən buraxılıb. Azadlığa çıxandan sonra onun doğulduğu Goranboy rayonunda bizneslə məşğul olduğu bildirilirdi.

Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. Qayınatası Səfiyar Musayev isə Milli Məclisin keçmiş deputatı, Bakı Dövlət Universitetinin məşhur Hüquq fakültəsinin dekanı olub. O, həm də məşhur “91-lər”dən biri olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button