SEÇMƏ

Rasim Məmmədovun üzərinə həbs qoyulan əmlaklarının siyahısı açıqlanıb

Yayımlandı: 18 Noyabr 2022 18:09

“O evi 2009-cu ildə Aygün Kazımovadan almışam”

“Baku Steel Company” MMC (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş rəhbəri, iki ilə yaxındır həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsində sənədlərin tədqiqi mərhələsidir. Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında üzərinə həbs qoyulmuş əmlaklarla bağlı sənədlər elan edilib. Məlum olub ki, Rasim Məmmədov və yaxınlarına məxsus çoxsaylı evlər, torpaq sahələri, obyektlərin üzərinə həbs qoyulub. Onların arasında “Baku Oxford School” da var.
Məhkəmə prosesinə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova üzərində həbs olan əmlakları sadalayıb. Məsələn, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337 kvadrat metrlik, dəyəri 331 min manat olan yaşayış evi; elə həmin qəsəbədə dəyəri 223 min manat olan daha bir ev; Parlament prospektində qeyri-yayış sahəsi; Ziya Məmmədov prospektində 2600 kv.metr qeyri-yaşayış sahəsi; Sabunçu qəsəbəsində obyekt; Şüvəlan qəsəbəsində bağ evi; Azadlıq prospekti 54 ünvanında mənzil; Mərkəzi Univermağın yaxınlığında mənzil və s.
Üzərində həbs olan əmlaklardan bəhs edilərkən Rasim Məmmədovun həyat yoldaşı Mehriman Məmmədovanın həmtəsisçi olduğu Baku Oxford School-la bağlı sənədlər də elan olunub. Hakim bildirib ki, Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən məktəbin də üzərinə həbs qoyulub və məktəb 22 milyon 487 min 150 manat qiymətləndirilib.
Rasim Məmmədov isə deyib ki, məktəbin 50 faizi onlara, qalan 50 faizi isə başqa şəxsə məxsusdur. Lakin həmin şəxsin kimliyini açıqlamayıb. Vəkilləri isə deyib ki, ittiham aktında məktəb 24 milyon manat qiymətləndirilib.
Təqsirləndirilən iş adamı onu da əlavə edib ki, bu hadisələr baş verəndən sonra ona və ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yoluyla satılıb. Onun sözlərinə görə, həmin əmlaklarla bəzi adamların borcları bağlanıb.
Rasim Məmmədov deyir ki, üzərinə həbs qoyulduğu göstərilən bir sıra əmlaklar əslində heç yoxdur. Məsələn, o deyir ki, Sulutəpədə əmlakı olduğu və üzərinə həbs qoyulduğu yazılıb, halbuki, orada ümumiyyətlə, əmlakı olmayıb. Onun sözlərinə görə, düzdür, özünün, atasının və qayınatasının bağ evləri var, amma həmin bağ evlərinin hamısı “Baku Steel Company”dən öncə alınıb.
Üzərinə həbs qoyulan əmlaklar arasında Rasim Məmmədovun özü, həyat yoldaşı Mehriban Məmmədova, qayınatasına məxsus əmlaklar var.
Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub. Lakin həmin əmlakların cinayət yoluyla əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb: “Baxmayaraq ki, həmin əımlaklar əvvəl əldə olunub, iş materiallarında onların əldə olunması sonrakı dövrə rəsmiləşdirilib. Bütün bu hallarla bağlı şikayət vermişik. Təəssüf ki, təmin olunmayıb. Apelyasiya şikayəti versək də, həmin şikayətimiz də təmin edilməyib”.
Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub:
“Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub. Yoldaşıma görə digər bacılarına çatası əmlakların da üzərinə həbs qoyulub”.
Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü, ikincisini isə 2009-cu ildə alıb. İkinci mənzilini Xalq artisti Aygün Kazımovadan alıb:
“Həmin binada nazirdən tutmuş, müğənniyə qədər çox adam yaşayırdı…”
Rasim Məmmədovun ümumilikdə 70 milyonluq əmlakının üzərinə həbs qoyulub.
İş adamının məhkəməsi noyabrın 21-də davam edəcək.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 21-də davam edəcək.
Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Gözdən qaçırmayın:  Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button