2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

“Rasim Musayev dedi ki, şəhid anasını həbs eləmək mənə yaraşmaz”

Keçmiş rəisin köməkçisi: ”Hacıkənddən gələndə rəhbər heyətdən birinə yol verməmişdi deyə, o da hirsləndi…”

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı olmuş Gülnar Muradova Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilib. “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun işi üzrə ifadə verən Gülnar Muradova Gəncənin keçmiş polis rəisi, mərhum Rasim Musayevlə şəhərin sabiq icra başçısı Elmar Vəliyev arasındakı problemlərdən də danışıb.

Jurnalist Anar Məmmədov rəhbərlik etdiyi saytda Gəncədə icra başçısının güllələnməsi barədə dərc olunan məqalələrə görə dövlət əleyhinə çağırışlarda ittiham olunur. Həmin məqalələrdə Gəncədə vətəndaşların əksəriyyətinin E.Vəliyevdən narazılığından, hətta kobudluğuna görə onunla R.Musayev arasındakı qalmaqallardan, mərhum polis rəisinin onu kəllə ilə vurmasından və s. bəhs olunurdu. İttiham aktına əsasən, ikisi ana-bala olmaqla, üç qadın həmin yazılardan narahat olub, təşviş keçirib, prokurorluğa şikayət edib. Həmin qadınlardan biri də G.Muradovadır. Ona görə şahid qismində dindirilib.

Gülnar Muradova isə bildirib ki, prokurorluğa könüllü şəkildə müraciət etməyib, onu məcburi qaydada Bakıya gətirdib, A.Məmmədovun əleyhinə ifadə verməsini istəyiblər.

2006-cı ildə Rasim Musayevin əmri ilə polisə işə götürüldüyünü, 2011-ci ildə isə könüllü şəkildə işdən çıxdığını deyən G.Muradova bildirib ki, daha sonra sahibkarlıqla məşğul olub, üç obyekti var. Jurnalist A.Məmmədovu da 2018-ci ilin martından tanıyır. O zaman obyektlərindən birində baş vermiş hadisəni dövlət orqanları obyektiv araşdırmadı:

Saytların yığılması Saytlarin yigilmasi

“Rəhbər şəxslər bu hadisələri görmürdü. Kiçik məmurlar baş vermiş hadisəni gizlədirdi. Hadisə ilə bağlı məlumat yayımlandı, xəbər tutdular”.

Şahidin sözlərinə görə, Gəncədə icra başçısı güllələnəndən sonra A.Məmmədov bir neçə məsələni dəqiqləşdirmək üçün ona zəng eləyib. Məsələn, soruşub ki, icra başçısının mühafizəçisinin ölməsi barədə deyilənlər doğrudurmu? O da cavabında deyib ki, yalandır, sağdır.

G.Muradova bildirib ki, A.Məmmədov ondan soruşub ki, icra başçısı ilə münasibətlərinin gərginləşməsindən sonra R.Musayevə güllə atılması barədə məlumat doğrudurmu:

“Dedim, xeyr, mən həmin ərəfədə Rasim Musayevin işçisi idim. Biz yas yerindən gəlirdik. Rasim Musayevə silah atılmayıb. Hacıkənddən düşəndə rəhbər heyəti də gedirdi. Onlardan bir nəfərə yol verməmişdi. O zaman rəhbər heyət əsəbiləşərək mübahisə etdi, münaqişə yarandı. Orada silah atılmayıb. Anar müəllim soruşdu ki, kabinetdə Rasim Musayevin icra başçısına kəllə vurması barədə də xəbərlər var. Dedim, xeyr, orada polis əməkdaşlarının pul yığımı söhbəti vardı, deyilmişdi ki, polis əməkdaşları pul yığmasın. Ona görə mübahisə olmuşdu”, – şahid bildirib.

G.Muradova mərhum polis rəisi ilə E.Vəliyev arasında Şəhidlər Xiyabanında baş vermiş qalmaqaldan da danışıb:

“Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək eləyin. Orada əmr verildi ki, xanım həbs olunsun. Rasim Musayev dedi ki, şəhid anasını həbs eləmək mənə yaraşmaz. Onunla bağlı mübahisə yarandı”.

G.Muradova bildirib ki, sonra məqalələrdən birində onun haqqında “keçmiş məhkum” yazdığına görə ondan inciyib:

“Mən polis formasında girib mağazadan mal aldığıma görə cərimələnmişdim, məhkum olmamışdım”.

Gülnar Muradova
Gülnar Muradova

G.Muradovanın istintaqa ifadəsində yazılıb ki, o, Gəncə hadisələri barədə “criminalaz.com” saytındakı məqalələrdə dövlətə qarşı təxribat xarakterli məlumatlar görüb, bu da ona pis təsir edib, ona görə A.Məmmədovla əlaqəni kəsib. Vəkilin bu barədə sualına cavab olaraq, G.Muradova bildirib ki, yox, o, ancaq məhkumluğu və R.Musayevlə E.Vəliyevin kəllələşməsi barədə yazılara etiraz edib:

“Xeyr. Anar müəllimdən xahiş etmişəm ki, artıq-əskik yazmayın. Bu da bir mənim məhkumluq məsələm olub, bir də Rasim Musayevin kəllələşməsi. Bunların yazıdan çıxarılmasını istəmişəm. İfadəmi də belə vermişəm”.

Şahidin sözlərinə görə, onu Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov çağıraraq, jurnalist A.Məmmədovun həbsi üçün gedib Bakıda ifadə verməsini istəyib:

“Dedi ki, Bakıya getməlisən. Rəsmi məktub yox, rəsmi çağırış yox. Niyə Bakıya gedim? Dedilər ki, getməlisən, Anar Məmmədovun həbsi ilə bağlı. Dedim ki, rəsmi çağırış gəlsə, gedərəm. Bundan on gün sonra Bakı Şəhər Prokurorluğundan Cavid Abbasov zəng vurdu. Bir gün möhlət istədim. O da inanmayıb Kəpəz polisi ilə mənə məcburi gətirilmə qərarı vermişdi. Mənə dedilər, izahatında yaz ki, Anar yalan yazıb. Möhtərəm hakim, yalan yazmayıb axı. Mən niyə yalandan deyim ki, yazıb?”

Təqsirləndirilən A.Məmmədov bildirib ki, G.Muradova ona zəng edərək, onun əleyhinə ifadə verməsi üçün təzyiqlərə məruz qaldığını söyləyib. Jurnalist şahidlə bu söhbətin səs yazısını məhkəməyə təqdim etsə də, hakim ona qulaq asmaqdan imtina edib.

Şahid onu da bildirib ki, Bakı Şəhər Prokurorluğunun müstəntiqi Cavid Abbasovdan şikayət edib:

“Baş Prokurorluğa şikayət etmişəm. Mən dializ xəstəsinin, ağır xəstəmin yanındayam. Cavid Abbasov 10 nəfər polislə mənə məcburi gətirilmə qərarı verir”.

Daha sonra məhkəmədə saytdakı yazılara ekspert qismində rəy verib, orada dövlətə qarşı çağırış xarakterli fikirlərin yer aldığını iddia edən Bəxtiyar Əliyev əlavə şahid qismində dindirilib. O bildirib ki, Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, hüquq üzrə fəsləfə doktorudur. Vəkil Elçin Sadıqov bildirib ki, bu adam yazılara rəy verə bilməzdi, çünki Ekspertiza Mərkəzinin ştatlı işçisi deyil. Həm də o, eyni gündə təhlil etdiyi üç ayrı yazıya nöqtə-vergülünə qədər eyni olan rəy verib. Bu da mümkün deyil:

“Eyni politoloji ekspertiza üç fərqli məqalələr üzrə keçirilib. Məqalənin biri Gəncə hadisəsidir, digəri Mingəçevir hadisəsindəndir, o biri isə Etibar Piriverdiyevin dəvə fabriki ilə bağlıdır. Hər üç rəydə vergülünə qədər eyni cümlələri yazmısınız. Bu, nədən irəli gəlib? Yazılar fərqli olduğu halda, sizin politoloji təhlilinizin dəyişməməsi nədən irəli gəlir?”

Hakim ekspertin bu suala cavab verməsinin qarşısını alıb, deyib ki, ittihama aidiyyəti yoxdur.

Vəkil ekspertdən soruşub ki, saytdakı məqalələrdə konkret olaraq hansı ifadələr dövlətə qarşı çağırışdır? Onun cavabı belə olub: “Niyə İlham Əliyev Elmar Vəliveyin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?”, “Elmar Vəliyevlə baş verənlər tez, ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər” – Əsas bu ifadələr ölkədə yaranmış şəraitə, həmin günlərdə ölkədə baş verən proseslərə diqqət yetirsəniz, bu ifadələrin nə qədər təhlükəli olduğu nəzərinizə çatar. Həmin dövrü hamımız yaşamışıq, bu ifadələr Azərbaycanda sabitliyi pozmaq, qiyama çağırış nöqteyi-nəzərdən, politoloji nöqteyi-nəzərdən linqvistik ekspertiza çərçivəsində qiymətləndirilib”.

Məhkəmə prosesi martın 12-nə qədər təxirə salınıb.

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button