2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rasim Qaraca: “Bu yalançı Qurultay kimə lazımdır?”

Yayımlandı: 26 Oktyabr 2022 15:49

Şərif Ağayar: “Hazırda “Azdrama”nın səhnəsində Azərbaycanın son otuz ilinin bəlkə də ən komik hadisələri cərəyan edir”

“İki min nəfərdən seçilmiş 330 yazıçının iştirakı ilə “qurultay” keçirirlər və buna da dövlət 203 min manat vəsait ayırıb. Soruşan lazımdır ki, bu iki min nəfər kimdir, nə yazır? Əgər bu qədər çox sayda yazıçımız varsa, nə üçün dünya ədəbiyyat prosesində yerimiz yoxdur?”

Saytların yığılması Saytlarin yigilmasi

Yazıçı Rasim Qaraca Meydan TV-yə hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçrilən XIII qurultayını şərh edərkən belə deyib:

Bildirib ki, qurultayın keçirilməsi üçün pul varsa, nə üçün ədəbiyyat festivalları keçirilmir:

“Bu yalançı Qurultay kimə lazımdır ki, sonrasında da yenə köhnə sədr yerində qalacaq? Guya nizamnamə var, hansısa qaydaya uyğun hərəkət edirlər, amma ortada heç bir qayda yoxdur. Nizamnaməni öz bildikləri şəkildə dəyişiblər və sədr ömrlük elan edilib. O zaman bu, nə hay-həşirdir və “203 min manat hara xərclənəcək?”, – bunu soruşan yoxdur”.

Rasim Qaraca əlavə edib ki, hakimiyyətin mədəniyyət siyasətinin köklü islahata ehtiyacı var. Sovetdənqalma qurumlar ləvğ edilməli, çağdaş demokratik prinsiplərə uyğun yenidən təşkilatlanma olmalıdır:

Foto: Rasim Qaracanın şəxsi arxivindən

“Dövlətin nəşriyyat sektorunda apardığı islahat uğurla davam edir, çünki bu sahədə yıxılması lazım olan hansısa bir nəşriyyatlar ittifaqı yox idi. Lakin incəsənət sahəsinə aid olan ittifaqlar, birliklər şəbəkələşib, onları dəyişməyə, kökündən qoparmağa indiki hakimiyyətin gücü çatmır. Mədəniyyət sahəsinə ayrılan pullar da bu şəbəkələr içərisində əriyib yox olur. Ortada da nəticə yoxdur”.

Yazıçı Şərif Ağayar isə hesab edir ki, AYB zamanı keçmiş bir strukturdur, artıq bu quruma ehtiyac yoxdur:

“Keçirilən qurultay da mütərəqqi ədəbi mühit üçün təxminən otuz il əvvəl, məsələn, Gədəbəyin hansısa ucqar kəndində keçirilən kolxoz iclası qədər əhəmiyyətsizdir. Bu və ya digər səbəblərdən yüzlərlə Azərbaycan yazıçısı hələ də otuz il əvvəlin totalitar düşüncəsindən kənara çıxa bilmirlər. Anar müəllimə çox mədəni şəkildə, “Ayıbdır, bu qədər olmaz”, – deməyi bacarmayan yüzlərlə yazıçının, qələm adamının əhatəsindəyik. Bu, mənəvi oksigenin nə qədər korlanmasından xəbər verir”.

Yazıçı bu duruma təəssüfləndiyini, hətta kədərləndiyini deyir:

“Hazırda “Azdrama”nın səhnəsində Azərbaycanın son otuz ilinin bəlkə də ən komik hadisələri cərəyan edir. Yüzlərlə yazıçı yığılıb, hamısı bir nəfər kimi, 1987-ci ildən bəri bir QHT-yə rəhbərlik edən, yaşlı və kaprizli bir qocaya təzədən səs verir. AYB ilə mütərəqqi ədəbiyyatın münasibəti üstünə köhnə və ağır şkaf aşmış uşaq misalıdır”.

Şərif Ağayar. Foto: “yeniyaz.az”

“Bu qurum 1930-cu illərdə birbaşa Stalinin təşəbbüsü ilə ədəbiyyatı idarə etmək üçün yaradılıb. Yəni dünyanın ən böyük despotunun yaratdığı sistemdir. Kosmetik dəyişiklikləri nəzər almasaq, AYB yenə də eyni funksiyanı yerinə yetirir. Bir-birindən xəbərçilik, bir-birini satmalar. Kənarda azad düşüncəli insanları alçaltmaq, onlara qarşı hücumlar təşkil etmək. İrtica yuvasıdır. Sadəcə, indi repressiya mexanizmi yoxdur. Olsaydı, məsələn, məni çoxdan güllələdərdilər. Mən Azərbaycan hakimiyyətindən də narazıyam. Son iyirmi ildə daha yaxşı işlər görə bilərdik. Bununla belə, Azərbaycan hakimiyyəti Anar və AYB-dən xeyli mütərəqqidir”, – Şərif Ağayar deyib.

Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.
Maliyyə çatışmazlığı səbəbindən qurultayın keçirilmə tarixi 2022-ci il sentyabrın 30-dan oktyabrın 26-da dəyişdirilib.
Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilib.
AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev ölkə rəhbərliyinə müraciət etdikdən sonra dövlət büdcəsindən quruma 203,6 min manat pul ayrılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button