2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rauf Mirqədirov: “Bölgənin statusu Azərbaycan-Ermənistan arasında sülh sazişinin mövzusu ola bilməz”

Fərhad Məmmədov: “Nikol Paşinyan manipulyasiya edir”

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın sonuncu Brüssel görüşündən sonra tərəflər nəticələr barədə fərqli fikirlər səsləndirdilər.

Rəsmi Bakı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşün nəticələrinə dair bəyanatına əsaslanaraq diplomatik qələbə qazandığını elan etdu. Belə ki, Şarl Mişelin bəyanatında Dağlıq Qarabağ ifadəsinin olmaması Ermənistanın danışıqlarda mövqelərinin tam itirdiyini, müzakirələrin yalnız Bakı və Yerevan arasında münasibətlərin normallaşması ətrafında getdiyini deməyə əsas verdi.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin, Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda erməni icması ilə görüşündə Brüsseldə ən mühüm məsələlər üzrə ortaq mövqe müəyyən etmək mümkün olmadığını bildirib.

“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilib və artıq müzakirə edəcək heç nə yoxdur. Bizim mövqeyimiz və aydındır ki, beynəlxalq ictimaiyyətin də mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür”, – deyə o, Rusiyanın mövqeyinə istinad edib.

Bir sıra ekspertlər Paşinyanın bu ifadələrini müxtəlif ölkələrdə yaşayan erməni icması qarşısında danışıqların heç də Azərbaycan tərəfinin təklif etdiyi gündəlik ətrafında getmədiyini göstərmək istədiyini qeyd edirlər. Digərləri isə bəyanatın Rusiya ərazisində səsləndirildiyindən, bunun Brüsselin danışıqlarda vasitəçilik məsələsində uğurunun göstərildiyi kimi olmadığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirdilər.

İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov, məsələni Meydan TV üçün şərh edərkən deyib ki, verilən bəyanatlarla əldə olunan razılaşmalar arasında fərq var.

“Brüsseldə qərar qəbul edilib ki, bir ay müddətində xarici işlər nazirləri görüşüb sülh sazişinin mətni üzərində işləməyə başlasınlar. Sözsüz ki, mətn üzərində iş başlayanda tərəflərin maksimal şəkildə əks mövqedən çıxış eməsi təbiidir”, – o deyib.

Buna misal olaraq, politoloq Azərbaycanın Dağlıq Qarabağın statusunun danışıqlar predmeti olmadığını, yaxud ermənilərin gələcək statusunun, həyat tərzinin hüquqi çərçivələrinin müzakirə olunmayacağını deməsini göstərib.

O hesab edir ki, danışıqların gedişində hər iki tərəfin mövqeyində müəyyən dəyişikliklər baş verəcək.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Əgər tərəflər sülh sazişi üzərində danışıqlara başlamaq haqqında razılıq əldə etməsəydilər, Şarl Mişelin iki aydan sonra onların görüşməsi barədə razılaşmanın olmasını deməsinin heç bir əhəmiyyəti olmazdı”, – Rauf Mirqədirov deyib.

Bununla belə, Rauf Mirqədirovun fikrincə, bu yöndə ciddi razılaşmalar olmasaydı, Azərbaycan bu günlərdə terrorizm maddəsi üzrə mühakimə olunan 5 erməni hərbçisini azad etməzdi.

Azərbaycan və Ermənistan tərəfinin Dağlıq Qarabağ probleminin həll edilib, edilmədiyinə aid yanaşmasında isə politoloq hər iki tərəfin müəyyən mənada haqlı olduğunu düşünür.

Azərbaycan bütün hallarda üstün mövqedədir”

“Əgər son dövrlərin bəyanatlarına baxsanız, Dağlıq Qarabağın statusu barədə danışılmır, bu məsələnin kənarda qalmasına çalışırlarlar. İlkin səbəb Azərbaycanın bütün hallarda üstün mövqedə olmasıdır. Hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tam olaraq ermənilərin nəzarətində deyil, Rusiya sülhməramlıları da ərazidədir. Ona görə də hər hansı ərazinin statusu barədə danışmaq qeyri-korrekt olardı. Çünki hansı ərazidən söhbət getdiyi məlum deyil”, – o deyib.

Politoloqun fikrincə, bu, Azərbaycanın apardığı 44 günlük savaşın nəticəsidir.

Bundan başqa, Rauf Mirqədirov hesab edir ki, prinsip etibarı ilə beynəlxalq hüquq normalarına görə bölgənin statusu Azərbaycan-Ermənistan arasında sülh sazişinin mövzusu ola bilməz və bu, Azərbaycanın daxili problemidir.

“Vasitəçilər də sülh danışıqlarında status məsələsini sonraya saxlayırlar, amma erməni icmasının həyatını tənzimləyəcək hüquqi normaların zəruriliyini qeyd etməklə. Yəni bu məsələ Azərbaycanla erməni icması arasında kommunikasiya nəticəsində həll olunacaq. 44 günlük savaşın da danışıqlar prosesində Azərbaycana verdiyi əsas üstünlük budur”, – politoloq deyib.

O qeyd edib ki, tam açıqlamasa da, Əliyev son çıxışlarında bu məsələnin Azərbacanın daxili işi olduğunu deyir. Rauf Mirqədirov Sərsəng su anbarının işi ilə bağlı mütəxəssislərin görüşünü nümunə gətirərək son dövrlərdə kommunikasiya kanallarının yarandığını vurğulayıb.

“Amma Paşinyan onunla haqlıdır ki, beynəlxalq aləm bütövlükdə münasibətləri tənzimləyəcək hüquqi sənədin olmasını istəyir. Hüquqi sənəd erməni icması ilə mərkəzi hakimiyyət arasında müəyyən bir razılaşma nəticəsində əldə olunmalıdır”, – Rauf Mirqədirov deyib.

“Ermənistan münaqişə məntiqi ilə yaşayır”

Siyasi icmalçı Fərhad Məmmədov isə Meydan TV-yə deyib ki, “Yerevanın baxışının guya dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşməsi” ilə bağlı bəyanatları Ermənistanın ənənəvi mövqeyidir. O sual edib ki, Nikol Paşinyan dünya ictimaiyyəti deyəndə kimi nəzərdə tutur?

“Əgər BMT-ni nəzərdə tutursa, Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-dirsə, artıq bu təşkilat yoxdur, Minsk Qrupudursa, ən azı Türkiyə də bura daxildir və Ankara ilə Bakı eyni mövqedən çıxış edir. Həmsədrləri nəzərdə tutursa, Moskva ilə Vaşinqtonun mövqeyi üst-üstə düşmür. Ona görə Baş nazirin dünya ictimaiyyəti ifadəsi mücərrəddir və bununla o, manipulyasiya edir”, – siyasi icmalçı qeyd edib.

Fərhad Məmmədov hesab edir ki, Ermənistan münaqişə məntiqi ilə yaşayır.

“Hansı dövlətlər münaqişənin həll olunmamasının tərəfdarıdırsa, onda onlar Azərbaycanın hərbi addmlarına təəccüblənməməlidirlər”, – o bəyan edib.

Onun fikrincə, Paşinyanın “Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyini bölüşmür” açıqlaması da manipulyasiyadır.

Fərhad Məmmədov. Foto: Meydan TV

“Rusiya prezidenti Vladimir Putinin iki bəyanatı var və birinci o idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsidir. İkincisi də o idi ki, əgər status barədə danışırıqsa, bu, indiki yox, gələcək nəsillərin məsələsidir. Rusiyanın mövqeyi açıq-aydındır, niyyətləri odur ki, bu əraziyə müəyyən bir status verilsin. Biz Rusiyanın Qarabağı Azərbaycanın ərazisi hesab etməsi fikriylə razıyıq. Amma gələcək illərdə, yaxud nə vaxtsa bölgənin statusu ilə bağlı Prezident Əliyevin fikri qətidir, status olmayacaq. İndiki şəraitdə hər hansı statusdan söhbət gedə bilməz”, – Fərhad Məmmədov deyib.

Rauf Mirqədirov da Rusiyanın öz maraqları olduğunu, Kreml üçün Ermənistan və Azərbaycanın maraqlarının arxa planda qalmasını vurğulayıb.

“Əgər münaqişə “Azərbaycanın maraqları” çərçivəsində həll olunub, ilk növbədə Rusiyanın maraqlarını təmin edərsə, yəni regionun tamamilə Moskvanın nəzarətinə keçməsini asanlaşıdırarsa, onda Kreml Qarabağ ermənilərinin də, Ermənistanın da mənafelərinə tüpürərdi. Ancaq Moskvada hələ hesab edirlər ki, Ermənistanla manipulyasiya edib Azərbaycana təsir etmək imkanları daha asandır”, – o deyib.

Politoloq həmçinin vurğulayıb ki, rusiyalı biznesmen Ruben Vardanyanın Qarabağa gəlməsi də təsadüfü deyil.

“Rusiyadakı vəziyyətdən baxsaq, hər hansı milyoner özbaşına addım ata bilməz. Bu ölkədə iş adamlarının hamısı Kremldən asılıdırlar. Vardanyan da Ermənistanın Baş naziri vəzifəsinə iddia etdiyini gizlətmir. Bu, Rusiyanın Ermənistanın siyasi həyatına yeni fiqurlar atmasından xəbər verir”, – Rauf Mirqədirov bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button